“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru”

İyunun 14-də Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru" mövzusunda konfrans keçirilib.

Olaylar.az xəbər verir ki, konfransda Azərbaycan Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi, baş redaktorlar iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov tədbiri giriş sözü ilə açıb. O qeyd edib ki, 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür: "Müasir Azərbaycanın inkişafı 15 iyun Milli Qurtuluş Günü ilə başlayıb. Heç zaman unutmamalıyıq ki, 15 iyun Azərbaycanı bölünməkdən qurtardı. Xalqımızın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu öndər az müddət ərzində xalqın bütün nümayəndələri arasında milli barışığa nail oldu. Ölkəyə investisiya axını təmin olundu. Əsrin müqavilə"sindən sonra əldə olunan bütün nailiyyətlər Azərbaycanın inkişafına həsr olundu. Bütün bu məsələlər barədə saatlarla danışmaq mümkündür".

Millət vəkili, vaxtilə "RUH" Jurnalistləri Müdafiə Komitəsinin Heydər Əliyevi "Jurnalistlərin dostu" seçməklə medianın yekdil mövqeyinin olduğunu vurğulayıb: "Heydər Əliyev mətbuata kifayət qədər açıq idi və jurnalistikanın gücünü kifayət qədər aydın dəyərləndirirdi. O, Azərbaycan KİV-lərinin dövlətçilik ruhunda inkişafında mühüm işlər görüb. İstər Naxçıvanda dövlət çevrilişinə cəhd olunanda, istərsə 1994-95-ci illərdə dövlət çevrilişinə cəhdlər zamanı televiziya vasitəsilə xalqa müraciət edib onları səfərbər olmağa çağırması kifayət qədər ciddi addım idi. Demək ki, Heydər Əliyev medianın rolunu aydın dərk edirdi. Onun xalqa müraciət forması bunun bir göstəricisidir. Vaxtilə qəzetlərin "Azərbaycan" nəşriyyatına kifayət qədər borcu yaranmışdı. Belə bir məqamda Heydər Əliyev media rəhbərləri ilə görüş keçirdi və borclar bağışlandı".

Ə. Amaşov qeyd edib ki, Heydər Əliyevin 1998-ci il avqustun 6-da senzuranın ləğvi ilə bağlı sərəncamı bütün media ictimaiyyətində rəğbət doğurmaqla yanaşı, cəmiyyəti sözün yaxşı mənasında şoka salıb: "Biz hamımız düşünürdük ki, müharibə vəziyyətində olan bir ölkə senzuranı necə ləğv edə bilər?! Amma sonrakı proseslər Heydər Əliyevin bu addımının da doğru olduğunu ortaya qoydu".

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, o günlərin canlı şahidi olub: "1990-cı illərin əvvəlində Azərbaycanda bir xaos yaranmışdı. Nazirlərin hər biri özünü prezident kimi aparırdı. Birinin sözü digərinin boğazından keçmirdi. Belə bir durumda cəbhədə uğursuzluqlar baş verdi və nəhayət, Gəncədə qardaş qanı töküldü. Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir zamanda Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Ona Milli Məclisdə sual verdilər ki, siz bu problemləri həll edə biləcəksinizmi. Ulu öndər dedi ki, mənim sehrli çubuğum yoxdur, ancaq bütün gücümü səfərbər edib bundan sonrakı ömrümü xalqıma həsr edəcəm".

V.Səfərli qeyd edib ki, o dövrdə müstəqil media yox idi: "Daxili işlər naziri İsgəndər Həmidov jurnalist Mahal İsmayıloğlunu döydürüb maşının yük yerinə salıb gətirtmişdi. Hakimiyyəti təndiq etmək mümkün deyildi. 2001-ci ildə baş redaktorlarla görüş keçirildi və medianın bir sıra problemləri həllini tapdı. Onu da deyim ki, o vaxtadək milli mətbuatımızın yubileyləri qeyd olunmurdu. Məhz 2000-ci il iyulun 22-də "Gülüstan" sarayında milli mətbuatımızın 125 illiyi qeyd olundu. Ondan sonra hər 5 ildən bir milli mətbuatımızın yubileyləri təntənəli şəkildə qeyd olunur. Ulu öndərin bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təkcə onu deyim ki, KİVDF yaranandan indiyədək mediaya dövlət büdcəsindən 41 milyon manat vəsait ayrılıb. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də əbədi yaşayacaqdır".

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Heydər Əliyev-media", "Heydər Əliyev-jurnalistlər" mövzusunun çox maraqlı olduğunu bildirib: "Mən həmin illərdə Naxçıvan Universitetində müəlim işləyirdim. O hadisələr mənim gözümün qabağındadır. 1993-cü ildən əvvəl Heydər Əliyevin yanına gəlib-gedənlər arasında Vüqar Səfərli, Əflatun Amaşov, Vüqar Rəhimzadə kimi jurnalistlər var idi".

"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay Heydər Əliyevin çox güclü şəxsiyyət olduğunu qeyd edib: "O, mətbuatın qiymətini çox yaxşı bilirdi. Özü qəzetləri oxuyurdu, jurnalistləri üzdən tanıyırdı. Jurnalist üçün onu ölkənin birinci şəxsinin oxumasından böyük nə ola bilər?!"

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən 1 il 3 ay sonra nəhəng şirkətlərin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Dövlət həyatının bütün sahələri üzrə köklü islahatların həyata keçirilməsinə başlanıldı.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, "Heydər Əliyevin jurnalistlər arasında özünü rahat hiss etməsi onun güclü şəxsiyyət olmasından irəli gəlir. 2001-ci ildə Heydər Əliyev milli mətbuatımızın latın qrafikalı əlifbaya keçməsi barədə fərman imzaladı. Onun bir açıqlamasından sonra məmurlar mətbuatın tənqidlərinə qarşı dözümlü olmağa başladılar. 2002-ci ildə mətbuat günü ərəfəsində 10 qəzetin baş redaktoru ilə 3 saatlıq görüş keçirdi. 2002-ci ildə "Jurnalistlərin dostu" seçilməsinə həm çox təəccüblənmiş, həm də sevinmişdi. Mətbuatdan çəkinmirdi, ictimai fikri istədiyi istiqamətə yönəldə bilirdi. Biz ona tanrıdan rəhmət diləyirik".

Bakı Dövlət Universitetinin Jurnalistika fakütləsinin kafedra müdiri Allahverdi Məmmədli Heydər Əliyevin xalqın yanında alnıaçıq, üzüağ bir insan olduğunu bildirib.

Tədbirə yekun vuran Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan var olduqca Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR