“Ermənilər Fransanı itirdiklərini etiraf edirlər”- Bəhruz Quliyev

"Fransanın Qrenobl administrativ məhkəməsinin separatçı "DQR"lə bağlı "dostluq haqqında xartiyaların" daha dördünün də ləğvi ilə bağlı qərar qəbul etməsini  istər işğalçı Ermənistana, istərsə də separatçı rejimə vurulan gözlənilməz və ağır zərbə kimi qiymətləndirmək olar". Bu fikirləri Olaylar.az -a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzunu şərh edərkən qeyd edib.

Onun sözlərinə görə, burada daha bir mühüm məqam Azərbaycanın haqlı və ədalətli mövqeyidir ki, fransız məhkəmələri gec, ya da tez həmin mövqeyi düzgün qiymətləndiriblər: "İşğal altında olan Dağlıq Qarabağdakı erməni yaşayış məntəqələri ilə Fransanın regionları və kommunaları arasında imzalanmış "dostluq xartiyası" qərarlarının ləğvi bir daha sübut edir ki, haqq, ədalət hər zaman öndə olur və nə qədər tapdansa belə, onu məhv etmək mümkün deyil. Misal üçün, biz burada Fransanın Vuaz departamentinin Arnuvill şəhər məkhəməsinin Dağlıq Qarabağın işğal altındakı Xocavənd rayonu ilə "Dostluq xartiyası" haqqında ləğv qərarını da xatırlayarsaq, erməni lobbisinin əsas dayağı hesab edilən Fransadakı mövqelərinin sürətlə süquta uğradığını əminliklə ifadə edə bilərik. Ümumiyyətlə, Fransa məhkəmələri tərəfindən verilən müvafiq qərarlar Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş birinci qərarın məntiqi davamı kimi də qiymətləndirilə bilər".

"Bu reallıq, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq nə işğalçı Ermənistan rejimi, nə də separatçı "DQR"in təmsilçiləri uzun illərə söykənən Fransa çətiri altında özlərini rahat hiss edə bilməzlər", deyə qeyd edən siyasi ekspert həmçinin hesab edir ki, fransız məhkəmələrinin ədalətli yanaşması ilə yanaşı, burada Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici diplomatiyası da öz sözünü deyib: " Çünki faktlar ortadadır və həmin faktların əsasında bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğala məruz qalması barədə qətnamələr çıxarıblar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün xarici səfərlərində Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini ifadə edib, beynəlxalq təşkilatlar qarşısında mühüm bəyanatlarını səsləndirib. Biz, bu məsələ ilə yanaşı unutmamalıyıq ki, artıq dünyanın bir çox ölkələri Xocalı qətliamını soyqırımı kimi tanıyıblar və bu proses hazırda da davam etdirilir. Yəni bu gün müharibə vəziyyəti yalnız cəbhədə deyil, diplomatiyada da davam edir və Azərbaycanın uğurlu xarici siyasəti nəticədə müvafiq qərarların verilməsi ilə nəticəsini tapır". 

"Onu da nəzərə almaq lazımdır ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyət göstərən Minsk qrupunun həmsədr ölkələrindəndir və etiraf etməliyik ki, bu ölkə zaman-zaman ikili standartlardan çıxış edib, daha çox erməni tərəfinin mövqeyinə dəstəklər göstərib", deyən Bəhruz Quliyev bu xüsusda artıq ləğv olunmuş xartiyaları xatırladıb: "İndi isə, həmin xartiyalar ard-arda ləğv olunur və ləğv olunmuş qərarlar eyni zamanda, Fransanın öz nüfuzuna xələl gətirməmək istəyində olduğunu nümayiş etdirməkdədir. İnanırıq ki, qoca qitənin aparıcı dövlətlərindən olan Fransanın digər inzibati məhkəmələri də müvafiq addımları atmaqla, erməni işğalçılarını məyus etməkdə davam edəcəklər".

"SƏS" qəzetinin baş redaktoru daha bir maraqdoğurucu fakta toxunaraq deyib ki, artıq Ermənistanın siyasi-ictimai çevrələri həyəcan təbili çalmağa başlayıblar. Onlar ən böyük dayaqlarını itirdiklərini etiraf edirlər və ən əsası, "məxməri inqilab" adı altında hakimiyyətə yiyələnmiş Nikol Paşinyanı günahkar çıxarırlar: "Onlar deyirlər ki, xartiyaların ləğvi Ermənistan üçün çox pis siqnaldır və Fransanı itirdiklərini etiraf edirlər. Bu məsələdə əsas günahkar kimi isə, Nikol Paşinyan göstərilir. Əlbəttə, öz uğursuzluqlarında kimi günahkar çıxarmaları öz işləridir. Lakin bizim üçün əsas məsələ budur ki, Azərbaycan öz haqlı, ədalətli mövqeyini saxlamaqla yanaşı, onu inkişaf etdirir. Məhz Fransa məhkəmələrinin mövcud qərarları da bu cür nəticəyə gəlməyə kifayət qədər zəmin yaratmış olur".

Ay An

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR