Parisdən İrəvana daha bir zərbə

Ermənistan bütün parametrlər üzrə Azərbaycan qarşısında məğlub duruma düşür. Xüsusilə, iqtisadiyyat və xarici siyasət, diplomatiya sahəsində hər ötən gün Azərbaycana uduzan işğalçı ölkə bu azmış kimi hətta öz əzəli və tarixi müttəfiqləri tərəfindən də heç də xoş olmayan sürprizlərlə qarşılaşır. Dünyada işğalçı Ermənistanın əsas himayədarı və dəstəkçisi kimi tanınan Rusiya Federasiyasi və Fransa belə son illərdə atmış olduğu bəzi addımlarla erməniləri məyus edir, onlara demək olar ki, gözləmədikləri zərbəni vururlar. Rusiya Federasiyasının Azərbaycana hərbi texnika satması hər nə qədər normal bir hal sayılsa da, lakin İrəvanda hesab edirlər ki, bu Kremlin Ermənistandan yan gəzməsi və Rusiyanın Ermənistana arxa çevirməsidir.

Eləcə də hazırda Ermənistanda ermənilərin ikinci ana vətəni sayılan Fransa barədə eyni fikir söylənilir və rəsmi Paris Ermənistana xəyanət etməkdə, İrəvanın maraqlarına zidd addım atmaqda günahlandırılır. Səbəb isə, Fransanın bəzi şəhər məhkəmələrinin obyektiv qərar qəbul etməsidir. Məlumat üçün qeyd edək ki,  Fransanın Qrenobl şəhərinin inzibati məhkəməsi Fransa departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış daha bir neçə "Dostluq haqqında xartiya"nı ləğv edib. Bu barədə Fransada fəaliyyət göstərən "armenews.com" erməni internet resursu məlumat yayıb. Məlumatda bildirilir ki, məhkəmə işğalçı Dağlıq Qarabağ marionet rejiminin nümayəndələri ilə Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri arasında imzalanmış "Dostluq haqqında xartiya"ları qanuni hesab etməyərək ləğv edib.

Qeyd edək ki, mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı ləğv edib. Qrenobl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.

Qeyd etdiyimiz kimi, ermənilər proseslərə haqsız olaraq və qeyri-obyektiv yanaşaraq Fransanın bəzi məhkəmələrinin qərarını Ermənistana xəyanət kimi qiymətləndirirlər. Ancaq həqiqət isə tamam başqadır. Belə ki, fransız məhkəmələri zamanında bəzi fransız şəhərlərinin işğal altında olan Azərbaycan ərazilərini nəzarətdə saxlayan separatçı rejimlə əməkdaşlıq sazişi və dostluq, qardaşlıq memorandumlarını ləğv edib. Bu addımlar öncəliklə Fransa məhkəməsinin ziyanın yarısından qayıtması deməkdir. Yəni, fransız məhkəmələri ədalətin, haqqın tərəfində olduğunu nümayiş etdirərək eyni zamanda separatizmə də dəstək vermədiklərini sübuta yetirirlər.

İkinci bir məqam Parislə Bakı arasında münasibətlərin daha da inlkişaf etməsidir. Bir müddət əvvəl Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu ölkəyə səfəri və keçirilən səmərəli görüşlər də Fransanın Azərbaycana olan marağının artmasının göstəricisidir. Bir sözlə Paris regionda Ermənistanla əməkdaşlığın  heç bir perspektivi olmadığını artıq dərk edərək bir növ Azərbaycanın maraqlarından çıxış edir. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O, bildirib ki, bir müdfət əvvək Fransanın Val d'Oise Departamentinin İnzibati Məhkəməsinin Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv etməsi də rəsmi Parisin Azərbaycana dəyər veridyinin əyani sübutu idi: "Xatırladaq ki, sözügedən "xartiya" Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı. 
Dağlıq Qarabağa qanunsuz səfər edərək orada separatçılarla görüşən və "sənəd" imzalayan merə qarşı ittiham Fransa hökuməti tərəfindən ölkənin regionları ilə əməkdaşlığa dair qanunun pozulması maddəsi ilə irəli sürülmüşdü. "Şikayətə baxan Fransanın Val d'Oise Departamentinin Cergy-Pontoise İnzibati Məhkəməsi isə merin əleyhinə qərar verib. Beləliklə, Fransanın məhkəmə sistemi Qarabağın işğal edilməsi faktına münasibətdə ilk dəfə ədalətli mövqe tutub, müsbət presedent yaradıb. Və sevindirici haldır ki, bu proses müsbət istiqamətdə davam edir". DADP sədri də hesab edir ki, Fransa tərəfinin belə bir önəmli addım atmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın aylardan bəri Fransanın ali hakimiyyət nümayəndələri ilə apardığı ardıcıl siyasi-diplomatik fəaliyyət də çox mühüm rol oynayıb. Onun sözlərinə görə, bu müsbət tendensiyanı permanent proses halına gətirə bilsək, erməni diaspor təşkilatlarının və Ermənistana lobbiçilik edən güclərin indiyə qədər əldə etdikləri bir çox nəticələri məncə, tamamilə heçə endirmək olar".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR