Meksikada Azərbaycanla bağlı mühüm tədbir 

Respublika Günü və Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illik yubileyi Meksikada təntənəli şəkildə qeyd edilib.

Olaylar.az bildirir ki, tədbirdə Meksika federal Hökumətinin nümayəndələri, Meksika millət vəkilləri, senator və deputatlar ofislərinin təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Meksikadakı Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan Xalq Cümhüriyyətinin tarixindən danışaraq onun Şərqin ilk demokratiyası olduğunu, Azərbaycan xalqının hələ 1918-ci ildə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək müstəqil, demokratik və dünyəvi dövlət qurduğunu, bütün vətəndaşlarına bərabər hüquqların təmin etdiyini vurğuladı. 

Azərbaycanın təşəbbüsü ilə uğurla həyata keçirilmiş qlobal miqyaslı iqtisadi layihələrə toxunan nümayəndəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri və Bakı-Tbilisi-Qars dəmir yolu barədə, həmçinin Cənubi Qaz Dəhlizi layihəsi barədə danışdı, onların yeni reallıq yaratdığını, regionun enerji və nəqliyyat xəritəsini dəyişdirdiyini bildirdi.

Azərbaycan ilə Meksika arasında münasibətlərə toxunan nümayəndəmiz onların daim dostluq və əməkdaşlıq ruhunda olduğunu qeyd etdi, həmçinin iki ölkənin müvafiq olaraq Bakı və Mexikoda fəaliyyət göstərdiyi Səfirliklərinin fəaliyyətindən danışdı. Hər iki ölkənin regionlarında bütün sahələrdə mühüm rol oynadıqlarını bildirərək neft və qaz, ticarət, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlığı və ölkələr arasında ticarət dövriyyəsinin artdığını qeyd etdi.

Bundan sonra çıxış edən Xarici Əlaqələr Katibliyi (XƏK - Xarici İşlər Nazirliyi) Avropa Baş idarəsinin rəisi Bernardo Agilar Kalvo Meksika Hökuməti, Xarici Əlaqələr Katibliyi və Xarici İşlər naziri Marselo Ebrard adından Respublika Günü və Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illik yubileyi münasibəti ilə Azərbaycan xalqına təbrik və ən xoş arzularını səsləndirdi.

Bundan sonra meksikalılardan ibarət yerli "İpək Yolu" Rəqs Qrupu ifasında Azərbaycan milli rəqsləri təqdim edildi və tədbirin çoxsaylı qonaqlarının gurultulu alqışları ilə qarşılandı.

Tədbirin qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz təamlarından "Dolma", "Ləvəngi", "Plov turşu qovurma", "Qutab", "Kükü", şirniyyatlardan "Şəkərbura", "Paxlava" və s. ibarət süfrə təqdim olundu, ölkəmiz haqqında videomateriallar nümayiş etdirildi, materiallar paylanıldı.

Sonda tədbirin çoxsaylı qonaqlarına Meksikalı uşaqların yardımı ilə iki ölkə arasındakı dostluq rəmzi olaraq Azərbaycanın simvollarından biri olan "Nar - taclı meyvə" suvenirləri və Azərbaycan Respublikası Diplomatik Orqanlarının 100 illik yubileyinə həsr olunmuş xatirə nişanları hədiyyə edildi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR