Azərbaycan dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək

Avropa Liqasının final matçı ən yüksək səviyyədə keçiriləcək

Azərbaycanda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi gün yaxınlaşdıqca ölkəmizə qarşı qarayaxma kampaniyası daha da intensiv xarakter alır. Azərbaycanın yürütdüyü müstəqil daxili və xarici siyasətdən dönməyəcəyini görən şər qüvvələr indi də qeyri-hökumət təşkilatlarından istifadə eşqinə düşüblər. Məhz  bunun nəticəsidir ki, "Amnesty İnternational" təşkilatı ölkəmizə qarşı qərəzli mövqeni ortaya qoyub. Lakin bütün edilən cəhdlərə baxmayaraq Azərbaycanın sözügedən tədbiri ən yüksək səviyyədə keçiriləcəyi heç kimdə şübhə doğurmur.  YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə ictimai-siyasi sabitliyin təmin olunması demokratik və  hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan  Azərbaycanın hazırda böyük nailiyyətlər əldə etməsinin  əsas qarantıdır. Azərbaycan bu gün bütün sferalar üzrə inkişaf edərək qüdrətli dövlət kimi beynəlxalq arenada öz sözünü deyir.  Məhz bu çoxsaylı uğurlar və nailiyyətlər həmişə olduğu kimi daha bir beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində Azərbaycanı istəməyən qaragüruh şəbəkəni qıcıqlandırıb. Deputat bildirib ki, Azərbaycanın indiyədək bir çox qlobal önəm daşıyan çoxsaylı beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi dünyada respublikamızın nüfuzunu artırmaqla yanaşı, mühüm əməkdaşlıqlara yol açır, yeni dostluqlara vəsilə olur: "Ancaq əlbəttə ki, uğurlarımız dostlarımızı sevindirdiyi kimi, ikili standartlara "söykənərək" ölkəmizə düşmən mövqe sərgiləyənləri də çox narahat edir.  "Erməni havasına oynayan" xarici antiazərbaycançı qüvvələr və onların qulbeçələri UEFA Avropa Liqasının Bakıda final matçının keçiriləcəyi günlər ərəfəsində yenə öz əsl üzlərini ortaya qoydular. "Amnesty İnternational" kimi qərəzli mövqe nümayiş etdirən bir qurum idmanı öz ermənipərəst siyasətinə alət edərək çirkin niyyətini  bir daha göstərdi. Azərbaycana qarşı aparılan bu "qara piar" kampaniyasının arxasında təbii ki, erməni lobbisi dayanır. Məhz buna görə də, onlar heç bir fakta əsaslanmadan, heç bir arqumentləri olmadan sadəcə Azərbaycan əleyhinə danışmaq xətrinə "danışırlar". Ancaq onlar belə  neqativ kampaniyalarla və bu cür təzyiq metodları ilə heç nə əldə etməyəcəklərini,  ağ yalanlarını sadəcə özləri deyib özləri eşidəcəklərini yaxşı bilirlər. Belə  psevdodemokratiya görüntülü təşkilatların ümumiyyətlə, insan haqları barəsində danışmağa üzü olmamalıdır. Çünki, ikili standartlarla hərəkət edən belə qurumlar yaxşı olar ki, səbəb və əsas olmadan Azərbaycan əleyhinə "qarayaxma oyunlarında" iştirak etməkdənsə, Ermənistanın işğalı və terroru nəticəsində zərər çəkən bir milyon məcburi köçkün azərbaycanlının hüququnu da heç olmasa, hərdənbir yada salsınlar. Belə qurumların qurduğu "qurğular"da Azərbaycan iştirak etmir və etməyəcək. Biz hansısa fitnəkar qurumların ikili maraqları üçün deyil, müstəqil siyasət yürüdən Azərbaycanın daha da güclənməsi üçün çalışırıq."Amnesty İnternational" kimi qərəzli təşkilatların çirkin kampaniyasının növbəti ifşası fonunda qüdrətli Azərbaycanımız UEFA Avropa Liqasının final matçını da indiyədək ev sahibliyi etdiyi digər beynəlxalq tədbirlər kimi yüksək səviyyədə həyata keçirərək dünyadakı nüfuzunu daha da möhkəmləndirəcək".

Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, "Amnesty İnternational" təşkilatının Avropa Liqasının Azərbaycanda keçirilməsi ilə bağlı qərəzli mövqe sərgiləməsi təbii haldır. Çünki indiyədək bir dəfələlər bu kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmaq cəhdlərinin şahidi olmuşuq. Bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan ölkələrin olduğunu deyən deputat bildirib ki, məhz bunun nəticəsidir ki, Avropa ölkələrinin bəzi anti-Azərbaycan təbliğatı ilə məşğul olan bəzi təşkilatlar ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Onun sözlərinə görə, Azərbaycanın regionda söz sahibinə çevrilməsindən, beynəlxalq reytinqlərdə yüksəlməsindən narahat olan dairələr hər hansı "qarayaxma" kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər: "Artıq illərdir ki, bu cür hallarla rastlaşan Azərbaycan keçirdiyi tədbirlərlə heç zaman pis niyyətli qüvvələrə öz məkrli əməllərini həyata keçirməyə imkan verməyib. Əksinə bütün beynəlxalq tədbirləri yüksək səviyyəli təşkilatçılıqla həyata keçirərək dünyada ən təhlükəsiz, sabit və sakit ölkələrdən biri olduğunu sübut edib. Digər tədbirlər kimi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ən yüksək səviyyədə baş tutacaq. Ölkəmizə gələn azarkeşlər və turistlər üçün yaradılan hər cür şərait bunu deməyə əsas verir".

Deputatı Pərvin Kərimzadə qeyd edib ki, dünyada nüfuzlu idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq miqyaslı yarışlara, konfranslara festivallara, qlobal forumlara bir sözlə, nüfuzlu tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Təkcə 2018-ci ildə respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, tədbirlər təşkil olunub. Bu il də Azərbaycan müxtəlif idman növlərini əhatə edən beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edərək, idman ölkəsi statusunu qoruyub saxlayıb. İlin ilk beynəlxalq idman yarışına "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan gimnastika üzrə bir neçə irimiqyaslı yarışlarla imza atılıb. Dünyanın diqqətini ölkəmizə yönəldən ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb. Tədbirlərlə, yarışlarla bağlı gələn idmançılar, qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar: "Artıq dünyanın diqqəti yenidən ölkəmizə mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununa yönəlib. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür. Onun sözlərinə görə, Azərbaycanın mötəbər idman yarışların uğurla ev sahibliyi etməsi heç də təsadüfi deyil. Ölkəmizdə həyata keçirilən uğurlu siyasət, imkişaf, tərəqqi, ən əsası sabitlik və təhlükəsizlik kimi amillər dövlətimiz üçün müəyyən dividendlər gətirib: "Çox təəssüf ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi artdıqca, ölkəmizin inkişafını, tərəqqisini gözü götürməyən qüvvələr fəallaşmağa başlayırlar. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Belə qərəzli təşkilatlardan olan "Amnesty International" UEFA Avropa Liqasının final qarşılaşmasının Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmiz əleyhinə bir sıra əsassız fikirlər səsləndirib. Təşkilatın məlumatında ölkəmizdə insan haqlarının vəziyyətinin guya qənaətbəxş olmaması ilə bağlı fikirlərə yer verilib. "Amnesty International" təşkilatının qərəzli mövqeyi illər əvvəl ölkəmizlə bağlı yaydığı hesabatından aydın idi. Anti-Azərbaycan dairələrin əlində alət rolunu oynayan"Amnesty İnternational" təşkilatının bu gün ara qatmağa çalışması, gülünc, absurd fikirlər səsləndirməsi də növbəti qarayaxma kampaniyanın davamıdır. "Amnesty İnternational" unudur ki, informasiya əsrində yaşayırıq. Kompyüterin düyməsinə tərpətməklə dünyanın ən ucqar nöqtəsi haqqında ətraflı məlumat toplamaq mümkündür. Dünya ictimaiyyəti də, ölkəmizdə UEFA Avropa Liqasının final qarşılaşmasını izləmək istəyən idmansevərlər də Azərbaycanın gündən-günə yüksələn imici, sabitlik adasına çevrilməsi ilə bağlı məlumat toplamaları an məsələsidir. "Demokratiya", "insan hüquq və azadlıqları" adı altında korrupsiyalaşmış "Amnesty İnternational" təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur. Müxtəlif formalarda Azərbaycanın imicinə ləkə yaxmağa çalışan qüvvələr bir nüansı - XXI əsrdə yaşadığımızı, ən son yenilikləri, xəbərləri, istədiyin məlumatı internet vasitəsi ilə 1dəqiqənin içində əldə edilməsini nəzərə almayıblar".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR