SATILMADAN ÖNCƏ...

ƏKBƏR QOŞALI

Bir xeyli yazıb-yazıb, sonra "Uzun sözün qısası" deyibən, əsl mətləbə keçid almaqdansa, bəri başdan qeyd edim: məlum Mxitaryan məsələsi işğalçı Ermənistan dövləti və bu "dövlət"dən daha qəsbkar olan beynəlxalq erməni lobbisi tərəfindən Azərbaycana qarşı istifadə olundu. Vaxtı ilə bir şairimiz "Son nəfəs də son fürsətdi..." deyə bir şeir yazmışdı ( -əlbəttə, o şeirin fakturası başqaydı, şair bu sözləri müsbət anlamda işlətmişdi; yenə də, belə bir yazıda xatırlamaq qüsur olmasın gərək). - Sanki (əslində, "sanki"siz!) "Arsenal"ın Mxitaryanı satışa çıxarmağı planlaşdırdığını bilən kəmfürsətlər, qaranəfslilər, yorğun erməni futbolçunu satıl¬madan öncə Azərbaycana qarşı kullandı. (Bəlkə də, rəhmətlik Fikrət Sadıq "Əslində, əslində əslində deyil" misralarını belə bir situasiya üçün yazmışdı). Anrıdakı-bəridəki satılmışlar da, bu kəmfürsətliyi, bu qaranəfsliyi körüklədi: ha bir az anrı, ha bir az bəri; nə bilim, "çevir tatı, vur tatı"; "itotu, bağayarpağı"... 
Bugünlərdə "Xalq şairi" fəxri adı alan şairin sözləri ilə desək, "Yenə də, Allaha şükür, yenə də, şeytana lənət!" - yavaş-yavaş da olsa, sular duruldu, qara buludlar aralandı və budur, Bakı (Azərbaycan) yenə də, dünyaya Günəş kimi doğmaqdadır..! - Bu dəfə Olimpiya Stadionunun timsalında..!

Futbol bilicilərinin, siyasətin futbola, futbolun siyasətə harda, necə və nə üçün pərçim edildiyini dəqiq qiymətləndirənlərin mediada, sosial şəbəkələrdə son günlər yayımlanan fikirlərini belə ümumiləşdirmək olar: 
-O (Mxitaryan), artıq özünü doğrultmur, ona görə də çox vaxt ehtiyatda saxlanılır. Onun (guya) təhlükəsizliyi məsələsi Azərbaycanı istəməyən qüvvələrin çirkin kampaniyasıdır; bu vəsilə ilə Mxitaryanın reklamını yapmaq, onu daha baha qiymətə satmağa cəhd edilir. - İstisna deyil ki, burada gələcək məğlubiyyətdən sığortalanmaq məqsədi də güdülür. Və Mxitaryan özü də bu qalmaqalda maraqlıdır. - 
Deyirəm, əlbəttə, maraqlı olar, budur, dünya mediasının gündəminə gəldi, potensialından da artıq reklam edildi; üstəlik, öz xalqı qarşısında xidmətdə bulundu. ( -Olayların gedişi Mxitaryanın bu xidmətini "Ayı xidməti"nə döndərmək üzrə olsa belə...)

Dilimizdə belə bir söz də tez-tez işlənir: "Hər ziyanda bir xeyir var, hər xeyirdə bir ziyan"; qüsura baxmayın, mən bu deyimi bir balaca dəyişdirmişəm: "Hər ziyanda bir xeyir var, hər xeyirdə iki xeyir". - Bilirsiz, sözüm ona, Mxitaryan Bakıya gəlsə də, gəlməsə də, biz ziyanda deyilik, olsa-olsa xeyrimiz iki olmaz bir olar... Mxitaryansa gəlsə ziyanda olmayacaqdı, gəlmədi konkret ziyana düşdü. - İşin maddi tərəfi qalsın bir yanda, çörəyi qulağı ilə yeməyənlərdən kimlər bilmədi ki, Mxitaryan olayı bir şouydu. Adama deyərlər, ara, belə ruhlu oğuldun, gəlib, Bakıda qol şousu göstərəydin və bundan həzz alaydın, tərəfdarlarına da belə zövq verəydin. - Çox da uzaq olmayan tarixlərdə, bizim cüdoçumuz da, boksçumuz da (hələlik bizim olmasa da, keçmişi və inşallah gələcəyi ilə bizim olacaq) İrəvanda tatami üzərinə çıxdı, qalib oldu, İrəvanı Azərbaycan himninin sədalarına boğdu... Bakıda neçə dəfə erməni idmançılar udub-uduzub... Elə bugünlərdə erməni gimnastlar Bakıdadı, pək məmnun olduqları da, hallarından bəlli... Hələ onu demirəm ki, Bakıda minlərlə erməni hələ də ya-şayır, Ermənistan adlanan ərazidə və işğal altındakı Azərbaycan torpaqlarında (əsir və girovları çixmaq şərti ilə) bircə azərbaycanlı belə yoxdur (Ermənistan hakimiyyəti azərbaycanlıların öz dədə-baba torpaqlarında yaşamasına təhəmmül etmir... Ən yaxın tarixdi: özcə kəndinə, öz doğmalarının qəbrini ziyarətə gedən Dilqəm Əsgərov, Şahbaz Quliyev işgənclər altında girov saxlanır, Həsən Həsənovsa qətl edilib...)

Bax, iş belə olunca, (təkrarçılıq çıxmasın) bu sual yenı gündəmə gəlməzmi ki, bəs nə üçün bizim idmançılar İrəvana gedir, erməni idmançılar Bakıya gəlir, müxtəlif səviyyəli yarışlara qatılır da, söhbət Mxitaryandan düşüncə, ağaclar tərsinə bitir, sular altdan yuxarı axır, yazdan sonra qış gəlir?!. 
Necə deyərlər, yanan da biz, yaman da.(?!) Bəli, yaramazlar yenə də, həm suçlu, həm güclü, həm qəsbkar həm məzlum libası geyinmək istər. Ümidvaram və çalışmalıyıq ki, bu adıyaman gedişat bu dəfə pozulsun! Pozulur da, əvəlAllah!
Rəhmətlik Xəlil Rza Ulutürk deyirdi:
-İşlər belə getsə... Belə getməsin!
Gedsə, bu gedişi boğacağam mən!
Bütün Azərbaycan oğullarını
Öz kişi bətnimdən doğacağam mən!

Bilirəm, bu yazıda bədii ricəti, poeziyanı futbola, futbolu poeziyaya qatdım, ancaq futbola siyasət qatmaqdansa, poeziya, bədiyyat qatmaq daha yaxşıdır, elə deyilmi? - Necə olsa da, poeziyadan, ədəbiyyatdan ziyan gəlməz. Ziyan gəlməz - əgər o ədəbi əsəri Zori Balayan zeh¬niyyəti (zenhiyyətsizliyi!) zornan balalamayıbsa...
Mxitaryan da, neçə ki Londonu tərk etməyib, Zori Balayandansa, Şekspiri oxusun...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR