Oqtay Əsədov: Avropa İttifaqı Azərbaycan üçün vacib tərəfdaşdır

Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə parlament qrupunun başçısı Yohanes Karsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, spiker qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin  zəngin tarixi vardır. 2016-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncam imzalamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz yeni məna kəsb etmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri bu baxımdan ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır. Bu günədək Azərbaycanla Almaniya arasında 77 hüquqi sənəd imzalanmış, 14 sənəd isə baxılmaqdadır.

İqtisadi sahədə də münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Almaniya Azərbaycanın Avropada ən önəmli siyasi-iqtisadi tərəfdaşlarındandır. Ölkələrimiz arasında 2018-ci ildə  ticarət dövriyyəsinin həcmi təqribən 1,9 milyard ABŞ dolları olmuşdur. Bu rəqəm ötən dövrün göstəricisindən 39,4 faiz çoxdur. Cari ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi 590 milyon ABŞ dolları təşkil etmişdir. Ölkələrimizin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər gələcəkdə daha yüksək olsun. Azərbaycan təşəbbüskarı və fəal iştirakçısı olduğu  qlobal neft və qaz kəmərləri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Biz Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçısıyıq. Avropa İttifaqı Azərbaycan üçün vacib tərəfdaşdır.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr problemin həllinin bölgənin inkişafı üçün əhəmiyyətindən danışdı. Bildirildi ki, münaqişənin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həlli regionun iqtisadi tərəqqisinə böyük təkan verər. Biz münaqişənin sülh yolu ilə həllində aidiyyəti qurumların və beynəlxalq birliyin məsələyə ədalətli və həssas yanaşacağına inanırıq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR