Azərbaycan milli və dövlətçilik maraqlarına uyğun siyasət yürüdür

Kamilə Əliyeva: "Ölkəmiz beynəlxalq təşkilatlarla daim səmimi və konstruktiv tərəfdaşlığa üstünlük verib"

Müstəqilliyinin, müstəqil dövlətçiliyinin 28-ci ilini yaşayan Azərbaycan dövləti ötən illər ərzində, xüsusilə, 1993-cü ilin iyunundan, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən və 2003-cü ilin oktyabrından, ölkə Prezidenti cənab İlham Əliyevin prezident seçilməsindən bu yana hər zaman ikitərəfli və çoxtərəfli əməkdaşlığa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan dövlətlərlə, nüfuzlu regional  və beynəlxalq təşkilatlarla səmimi və konstruktiv tərəfdaşlığa üstünlük verib. Ölkəmiz hər zaman açıq, şəffaf, milli və dövlətçilik maraqlarına söykənən siyasət yeridib, heç bir ölkənin daxili işlərinə müdaxilə etməyib, qarışmayıb, eyni zamanda, əməkdaşlıq, tərəfdaşlıq etdiyi dövlətlərdən, beynəlxalq və regional qurumlardan Azərbaycana qarşı bu  cür mövqenin sərgilənməsini istəyib, tələb edib. Azərbaycanın daxili işlərinə müdaxilənin qəbuledilməzləyini və yolverilməzliyini  birmənalı şəkildə ortaya qoyub. Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, çox sevindirici və əlamətdar haldır ki, Azərbaycan bu gün demək olar ki, bütün beynəlxalq və regional qurumlarla, o cümlədən, BMT-dən sonra dünyada ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatı ilə yüksək səviyyəli əməkdaşlıq edir, bu qurumun ən fəal və aktiv üzvlərindəndir. Həmçinin, bu il bu mötəbər qurumun növbəti Zirvə toplantısına ev sahibliyi etməyə hazırlaşır: "Yəni, ölkəmiz bu quruma üzv olmaqla bir daha onu nümayiş etdirmiş oldu ki, Azərbaycan müstəqil, balanslaşdırılmış, tarazlaşdırılmış, neytral mövqeli siyasət aparır, heç kimin, heç bir dövlətin daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil. Eyni zamanda, hər bir dövlətlə, hər bir beynəlxalq qurumla səmimi əməkdaşlıqda maraqlıdır. Bununla yanaşı, müstəqillik illərində Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa üstünlük verdiyi önəmli və nüfuzlu beynəlxalq qurumlardan biri də, açıq şəkildə desək, Avropada, Qərb dünyasında əsas söz sahibi olan Avropa İttifaqıdır. Qeyd edim ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Eyni zamanda, Azərbaycanı Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru növbəti mühüm addım olub. Həmçinin, Azərbaycan-Aİ münasibətlətində ən mühüm mərhələlərdən və məqamlardan biri  də "Şərq Tərəfdaşlığı"dır. Bu təşəbbüs də Aİ xarici işlər nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı irəli sürülüb. 7 may 2009-cu il tarixində "Şərq Tərəfdaşlığı" üzrə Zirvə görüşü keçirilib və Zirvə  görüşündə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin  gələcək əməkdaşlıq prosesinin ümumi cizgiləri müəyyən edən Birgə Bəyannamə  qəbul edilib. Həmin dövrdən də artıq Azərbaycan "Şərq tərəfdaşlığı"nın ən fəal və ən aktiv üzlərindən biri kimi Aİ ilə münasibətlərin dərinləşdirilməsi istiqamətində böyük bir yol, məsafə edib. Xüsusilə də, ötən ilin iyulunda dövlət başçısının Brüsselə səfəri zamanı  Aİ ilə  Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədinin paraflanması tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bir neçə gün öncə isə ölkə Prezidenti Belçikaya səfəri çərçivəsində Aİ-nin rəsmiləri ilə yenidən bir araya gəldi və  keçirilən görüşlər tərəflər arasında münasibətlərin növbəti yeni mərhələyə qədəm qoyduğunu  ortaya qoydu".

Onun bildirdiyinə görə, konkret olaraq, Aİ Şurasının prezidenti Donald Tuskla görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində oldu. Bu, bir daha onun təsdiqi oldu ki, Azərbaycan öz milli maraqları çərçivəsində Aİ ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığa da daim sadiqdir: "Öz növbəsində, Aİ də ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Belə demək  mümkünsə, Azərbaycanın dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən, Aİ ilə əməkdaşlığa ehtiyacı varsa, onların da Azərbaycana ehtiyacı var. Onlar Azərbaycana ehtiyacdırlar, çünki bu bölgədə, bu regionda Azərbaycanın arzusu, istəyi, rizası olmadan heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil. Bir daha Aİ rəsmiləri, xüsusilə, Donald Tusk ilə  keçirilən görüşə qayıdaraq, vurğulamaq istərdim ki,  görüş zamanı ölkəmizin bu mötəbər qurum üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğu qeyd edilib, Azərbaycanın regiondakı rolunun Aİ tərəfindən yüksək qiymətləndirildiyi bildirilib. Eyni zamanda, ölkə Prezidenti keçirilən bütün görüşlərdə, o cümlədən, Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı işğalçılıq, təcavüzkarlıq siyasəti haqqında danışıb. Prezident xatırladıb ki, ötən ilin iyulunda onun Brüsselə səfəri zamanı paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Aİ tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb". Millət vəkili hesab edir ki, daha bir mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur: "Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir və bu səfər Azərbaycan-Aİ münasibətlərinin növbəti mərhələdə inkişafında, xüsusən, imzalanması gözlənilən əməkdaşlıq sazişinin baş tutması və reallaşdırılmasında çox mühüm məqam təşkil edəcək. Azərbaycanı sevməyən, onun inkişafını gözügötürməyən anti-Azərbaycançı dairələrin bütün cəhdlərinə, təxribatçılıq əməllərinə rəğmən, Azərbaycan-Aİ əməkdaşlığı davam edəcək və yaxın gələcəkdə məlum saziş imzalanaraq, öz önəmli töhfələrini verəcək".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR