Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır- ŞƏRH

Azərbaycan hər ötən il regionda və beynəlxalq aləmdəki mövqelərini bir qədər möhkəmləndirir, dünyanın aparıcı dövlətəri sırasında yer alır. Kifayət qədər çevik, aparılan məqsədyönlü siyasət və islahatlar nəticəsində əldə edilən bu uğurlar Azərbaycanı beynəlxalq təşkilat və qurumların hesabatlarında da öm sıralarda qərarlaşdırır. Əldə edilən uğurlar, nailiyyətlərdən dolayı Azərbaycan müxtəlif reytinq təşkilatlarında öz yerini möhkəmləndirməklə yanaşı, eyni zamanda əvvəlki illərdən fərqli olaraq kifayət qədər ön sıralara keçməyə müvəffəq olur. İstər Davos İqtisadi Forumunun hesabatı, istər MDB ölkələri üzrə aparılan təhlillər və ortaya çıxan nəticə, istərsə də Dünya Bakı, beynəlxalq maliyyə korporasiyalarının illik hesabatlarında ölkəmizin nə qədər irəli getdiyini aydın şəkildə görə bilirik. Elə "Dünya Bankının "Doing Business-2019" hesabatını da bu qəbildən hesab etmək olar. Məlumat üçün qeyd edək ki, sözügedən hesabat hər il tərtib olunur və ayrı-ayrı ölkələrdə iqtisadi vəziyyət, real imkanlar və əldə edilən uğurlar təhlil edilərək yekun nəticə hazırlanır. Artıq bir neçə ildir ki, Azərbaycan da "Doing Business" hesabatında yer alır. Sevindirici hal ondan ibarətdir ki, hər il ölkəmiz sözügedən hesabatda bir neçə pillə irəliləyərək öz mövqelərini bir qədər də möhkəmləndirir. Bu müsbət dinamikanı "Doing Business-2019" hesabatında da aydın şəkildə görmək mümkündür. Hesabatı şərh edən əksər ekspertlər, təhlilçilər hesab edirlər ki, bütün bunlara Azərbaycan uğurlu iqtisadi və sosial siyasət, aparılan məqsədyönlü işlər nəticəsində nail olur. Millət vəkili Rüfət Quliyev deyir ki,  "Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur. Onun sözlərinə görə,  bu uğur  son iki ildə aparılan iqtisadi islahatların daha da dərinləşməsinin nəticəsidir: "Ölkəmizin əldə etdiyi bu uğurların əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü siyasi iradə və davamlı dəstək dayanır. Hesabatda nəzərdə tutulan elə meyarlar var ki, həmin meyarlara əsasən, ölkəmiz ilk 10 ölkə sırasına daxil olub". Millət vəkili qeyd edib ki,  ölkəmizdə həyata keçirilən islahatların ən böyük göstəricisi nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, "Doing Business 2019" hesabatının da bütün indikatorlarını əhatə etməsidir: "Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olduğunun göstəricisidir. Hesabatda ölkəmizin 190 ölkə arasında 25-ci olması Azərbaycanın investisiya, biznes mühiti nöqteyi-nəzərindən cəlbedici ölkəyə çevrildiyini göstərir". Rüfət Quliyev deyib ki,  kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər ölkəmizin bu uğurundan bəhrələnməyə çalışmalıdırlar: "Dövlətimizdə sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu baxımdan sahibkarlar işlərini daha aktiv qurmalı, məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olmalıdırlar".

Millət vəkili Malik Həsənov isə deyib ki, Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Onun sözlərinə görə, aparılan çoxşaxəli və genişmiqyaslı islahatlar bütün sahələrdə dinamik inkişafa təkan verir. Millət vəkili bildirib ki, ölkəmizdə həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. "Dünya Bankı "Doing Business" hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Yəni ölkəmiz il ərzində 32 pillə irəliləyib və və ən islahatçı 10 ölkə sırasında yer alır. Bu, olduqca mühüm göstəricidir. Ölkə iqtisadiyyatının perspektivləri ilə bağlı proqnozlar verən beynəlxalq qurumların qənaəti budur ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək və yeni nailiyyətlər əldə olunacaq". Millət vəkili əlavə edib ki, nüfuzlu agentliklərin hesabatları ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətləri əks etdirir və Azərbaycanın dinamik inkişafa malik olduğunu, çox mühüm nailiyyətlər əldə etdiyini nümayiş etdirir.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR