Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində bədii ədəbiyyat nümunələri


"Ədəbiyyat bizim xalqımıza çox böyük faydalar gətiribdir. Ədəbiyyatımız
bizim milli sərvətlərimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən
mən həmişə belə hesab etmişəm, bu gün də belə hesab edirəm, daim belə
düşünəcəyəm. Hesab edirəm ki, bizim ədəbiyyatımızın, bədii sözün, yazıçı
sözünün cəmiyyətə, millətə, xalqa təsiri böyükdür".

Heydər Əliyev

Hər bir millətin, xalqın tarixini öz ömür yolunda yaşadan şəxsiyyətlər,
simalar var. Bunlar hökmdarlar da ola bilər, siyasətçilər də, tarixçilər də
ola bilər, yazıçılar da. Fitrətən, doğuluşdan kökünə bağlı olan bu
şəxsiyyətlər milli-mənəvi irsin, mental dəyərlərin, genetik yaddaşın
gələcək nəsillərə ötürülməsi kimi ağır bir missiyanın yükünü daşıyırlar.
Özündən sonra layiqli miras - hər hansı bir abidə, sənət incisi ilə
adlarını zaman və məkan müstəvisindən asılı olmayaraq tarixə həkk edən bu
şəxslər mənsub olduqları millilikdən çıxıb bəşərilik qazanır. Zaman bizdən
uzaqlaşdıqca tarix onları bizə daha da yaxınlaşdırır. Lakin az hökmdar,
rəhbər tapılar ki, öz xalqını sevərək, eyni zamanda sevilərək ona
rəhbərlik etsin. Tanınmış siyasətçi, şəxsi mənafeyini xalqın mənafeyinə
qurban verən, tarixən formalaşmış və minilliklərdən bəri qorunub saxlanan
mənəvi irslə silahlanan Heydər Əliyev belə şəxsiyyətlərdəndir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat amalının,
qayəsinin bir dayaq nöqtəsi vardı: azərbaycançılıq. O hər addımında, hər
əməlində Azərbaycanı düşünür, nədən danışır danışsın, ona müstəqil
Azərbaycanın mirası kimi yanaşırdı. Dünya azərbaycanlılarının I
qurultayında o öz qayəsini belə ifadə etmişdir: "Azərbaycan dövlət
müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm
Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya
olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Müstəqil Azərbaycan
dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı -
Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini,
adət-ənənələrini yaşatmalıyıq". Azərbaycançılıq onun anlamında həyatın
bütün sahələrinə şamil idi: təhsil, elm, səhiyyə, iqtisadiyyat, incəsənət
və s. Heydər Əliyev bunların hər birində Azərbaycanın portretini görür,
Azərbaycanın şəklini çəkir, Azərbaycanın musiqisini eşidirdi. Prof.
T.Əliyevin dediyi kimi, "Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər
Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino
sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalq sənətimiz də bugünkü
inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınıb" .

Azərbaycançılıq onun yazmağa başladığı və gələcək nəsillərə ərməğan qoyduğu
bir epopeyadır. Xalqın məişətindən tutmuş elminə, maaarifinə, səhiyyəsinə,
incəsənətinə sədaqət bu romanın ideyasını təşkil edir. Azərbaycançılıq
fəlsəfəsi ulu öndərin siyasi fəaliyyətini, milli dövlətçilik
ideologiyasını, dil, ədəbiyyat, tarixi keçmiş, milli-mənəvi dəyərlər isə
onun mənbələrini təşkil edir.

Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi Heydər
Əliyevin adı ilə bağlıdır. O, mədəniyyətin bütün səhələrini sevir, bədii
ədəbiyyata xüsusi sevgisini gizlətmirdi: "Ədəbiyyata olan məhəbbətimi sübut
etməyə elə bir ehtiyac yoxur. Bunu Azərbaycanda yaxşı bilirlər. Bu, mənim
vəzifəmə görə deyildir, mənim təbiətimdir, içimdən gələn hissiyyatımdır.
Məndə həmişə - hələ uşaq, gənc yaşlarımdan şeirə, ədəbiyyata, incəsənətə,
mədəniyyətə çox böyük həvəs olubdur, həmişə maraqlanmışam. İndi dövlət işi
ilə məşğul olanda da mən bunun nə qədər əhəmiyyətli olduğunu bilirəm, dərk
edirəm. Ona görə də əlimdən gələni edirəm .

Heydər Əliyev ədəbiyyatın əsas vəzifəsini onun humanist mahiyyətində
görürdü. Hələ postsovet məkanında sovet həyat tərzinin nəcib və gözəl
cizgilərinin, insan arzularının və əməllərinin tərənnümünü yazıçıların
həyatın ab-havasını duymaları ilə bağlayırdı. Cəmiyyətin yüksəlişi,
iqtisadiyyatın inkişafına yönəlmiş fəaliyyəti, sülh və təhlükəsizlik
uğrunda mübarizənin hərtərəfli bədii təsviri Heydər Əliyevə görə,
ədəbiyyatın şərəfli vəzifəsidir. O bilirdi ki, xalqın mədəni səviyyəsini
daha da inkişaf etdirmək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf
əxlaqlı yetişdirmək üçün bədii sözün, bədii ədəbiyyatın əvəzedilməz təsiri
var. Bu anlamda ulu öndər folklor yaradıcılığına, klassik irsə, müasir
ədəbi prosesə, ümumiyyətlə, bədii ədəbiyyata böyük önəm verirdi.
Müstəqilliyimizin xalqımıza bəxş etdiyi sərvətlərdən biri kimi o,
ədəbiyyatımızın zənginliyini vurğulayırdı.

Heydər Əliyev həmçinin bədii ədəbiyyatın imkanlarını ədəbiyyatşünas kimi
təhlil edir və onlara güvənirdi. Onun fikrincə, ədəbiyyat, mədəniyyət
xalqin milli sərvəti, xəzinəsidir. Bizim ədəbiyyatımızın xalqımıza bəxş
etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazııilarımız öz
əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli
hissiyyatları oyatmağa alışmışlar [3.527]. Milli özünüdərk, milli oyanış,
dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir.

Bədii ədəbiyyat və onu yaradan sənətkar məfhumu Heydər Əliyevin nəzərində
qiyməti və dəyəri olmayan anlayışlar idi. O, bunlara tarixi-fəlsəfi
prizmadan yanaşır, sənətkar şəxsiyyətinin qiyməti və dəyərini yaratdığı
əsərlərində təbliğ etdiyi bəşəri ideyalarda, milli dəyərlərdə,
əxlaqi-mənəvi keyfiyyətlərdə görürdü. 1975-ci ildə Azərbaycan sovet
ədəbiyyatı günlərində çıxışında o demişdi: "Tarixin bir-birinə qovuşdurduğu
əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Nizami
dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu
misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xətainin məhəbbət
və iztirabtərənnüm edən poemalarını, Vidadinin və Vaqifin xalq yaradıcılığı
çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır.
Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın
böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə
bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur".

Ulu öndər şeiri, bədii ədəbiyyati ürəkdən sevir, sözün təsir gücünü gözəl
bilirdi. "Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir
edən, yəni insanların mənəviyyatıa, əxlaqına, tərbiyəsinə, fikirlərinin
formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur"
deyirdi. Xalqın bədii söz xəzinəsi, yaradılan hər bir əsər onun üçün hikmət
dolu tərbiyə məktəbi idi. Bəlkə buna görədir ki, Dədə Qorqud müdrikliyi,
Nizami humanizmi, Füzuli sevgisi, Nəsimi fəlsəfiliyi, Xətai hikməti, Vaqif
nikbinliyi, Mirzə Cəlil gülüşü, Sabir lakonikliyi, Cavid düşüncəsi, Vurğun
bədiiliyi, Vahabzadə yanğısı, Məmməd Araz dünyası onun ruhunda, nəfəsində
yaşayırdı. "Heydər Əliyev qüdrətli türk millətinin ilk ən aqil, kamil,
müdrik sərkərdələrindən olan Bilgə Xaqanın dövlətçiliyi, milləti, xalqı
bütövlükdə saxlamağın yollari haqqındaki öyüd-nəsihətlərini mötəbər örnək
kimi qəbul etmiş, dövlətçilik fəaliyyətini bu istiqamətdə davam etdirmişdi.

Məhz Heydər Əliyevin xidmətləri sayəsində ədəbiyyat sözün həqiqi mənasında
yüksəliş və intibah dövrü keçirdi. Bunu onun hakimiyyətdə olduğu vaxtlarda
gördüyü işlər deyil, müxtəlif görüşlərdə, yubiley gecələrində söylədiyi
fikirlər, ayrı-ayrı sənətkarlara göstərdiyi diqqət və qayğı sübut edir.
Klassiklərinin yubileylərinin beynəlxalq səviyyədə qeyd olunması, ədəbi
əsərlərin, külliyyyatların toplanması və nəşri, fəxri adlar və mükafatların
verilməsi, ev muzeylərinin yaradılması, heykəllər qoyulması doğma dilin
saflığına məhəbbət, ucalığına pərəstiş hissi ilə yanaşı, ümummilli
liderin bədii ədəbiyyata ehtiram və məhəbbətindən irəli gəlirdi. Bədii
ədəbiyyatı yaradanların taleyi, gün-güzəranına qayğı və diqqət onun əməli
fəaliyyətinin ayrılmaz hissəsi idi. Ulu öndər yaxşı bilirdi ki, dünyada
əbədiyaşar yeganə qüvvə sözdür, sözü uca tutanları zaman da öz məhvərindən
keçirə-keçirə yaşadır.

Heydər Əliyev tez-tez yazıçı və şairlərlə görüşür,bugörüşlərdə ədəbi
əsərlərin yaranma istiqamətinin düzgün müəyyənləşdirilməsinə, həyat
həqiqətlərinin real təsvirinin canlandırılmasına dair tövsiyələrini
əsirgəmir, gah ədəbiyyat tarixçisi, gah da ədəbi tənqidçi mövqeyindən
mülahizələrini bildirirdi: "Müasir Azərbaycan ədəbiyyatında cərəyan edən
proseslər mühüm və diqqətəlayiq proseslərdir: onlar özləri ilə yenilik
gətirir. Bədii söz sənətkarlarının gerçəkliyi daha dolğun ifadə etməyə,
həyatı daha dolğun şəkildə təsvir etməyə, adamlar və zaman haqqında
həqiqəti bər-bəzəksiz deməyə səy göstərdiklərini xüsusilə nəzərə çarpdırmaq
istəyirəm. Cəmiyyətin mənəvi tələbatının artması, ədəbiyyatın milyon-milyon
adama ideya-mənəvi və estetik təsiri imkanlarının genişlənməsi dövrümüzün
mühüm əlamətidir. Beləliklə, bədii sözün siyasi, ictimai siqləti artır".

Heydər Əliyevə görə, yazıçı, şair dövrün nəbzini tutmağı bacarmalı,
aktual mövzuları gündəmə gətirməli, ideya və bədii cəhətdən onları yüksək
səviyyədə həll etməyi bacarmalıdır. Çünki cəmiyyətin inkişafının bütün
mərhələlərində ədəbiyyatın və mədəniyyətin əsas vəzifəsi tərbiyələndirmək
olmuşdur. "Bədii söz həqiqi vətənpərvərliyi, əməyi sevən, nəcib, mərd,
yüksək şüurlu adamlar tərbiyə etməlidir, ...ideologiya mübarizəsində fəal
iştirak edən adamlar tərbiyələndirməlidir "

Ədəbiyyatın keçdiyi keşməkeşli yolun özünəməxsusluqlarını gözəl bilən
Heydər Əliyevin bədii təfəkkür sahibləri, zaman və həyat, reallıq və xalq
taleyi, tarixilik və müasirliklə bağlı ədəbi düşüncələri, qiymətli fikir və
mülahizələri azərbaycançılıq ideologiyasının formalaşmasında qiymətli
mənbələrdəndir.

Nazilə Abdullazadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR