Səfirdən şikayət var

AR MM sədri cənab Oktay Əsədova 

Surəti

AR DİDK sədri cənab Fuad Muradova

Hörmətli Oktay müəllim!

Hörmətli Fuad müəllim!

Sizə müraciət edərək, Azərbaycan Respublikasının Milli Məclisinin gündəminə gətirmək üçün ən zəruri məsələlərdən olan diaspora probleminə diqqətinizi çəkmək istərdim. Problemin MM iclasında müzakirəsinin həm dövlətimizə, onun apardığı diasporlarla iş üzrə siyasətinə, həm xarici ölkələrdə yaşayan soydaşlarımıza böyük köməyi olacağına əminəm. Başlıca olaraq, bu məsələ Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirləri ilə bağlıdır ki, bir çox ölkələrdə səfirlər diasporlarla yekdil iş apara bilmir, onların fəaliyyətinə maneələr törədir, qarşıdurma yaradırlar. Bu günə kimi problemi dərinləşdirən səbəb onda olub ki, Azərbaycan Respublikası diasporla iş üzrə Dövlət komitəsinin və Xarici İşlər Nazirliyinin diasporlarla əlaqəli maraqları kəsişib, bu da diasporların təşkilatlanmasına böyük zərbə vurur. Bununla yanaşı əksər hallarda səfirlər xidmət müddəti ərzində maksimum öz şəxsi maraqlarına xidmət edərək diaspora təşkilatları arasında intriqalar yaradırlar. Xoşa gəlməz hal həm də odur ki, onlar diaspora təşkilatlarının nail olduğu müvəffəqiyyətləri öz adları ilə bağlayırlar. Bu da bir sıra münaqişələrin yaranmasına səbəb olur. Bu acınacaqlı vəziyyətin bariz nümunəsi Qırqızıstanda mövcuddur. Nə yazıq ki, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov şəxsi maraqlarını öncül tutaraq, rəhbərlik etdiyim diaspora təşkilatının bütün işlərini və təşəbbüslərini qılınclayır, Azərbaycanın milli maraqlarını dəstəkləyən layihələri yasaqlamağa çalışır. Bütün azərbaycanlıların Prezidenti olan İlham Əliyevin "Azərbaycanın tarixinin və mədəniyyətinin təbliği diasporlarımızın üzərinə düşür" etdiyi tövsiyəsini nəzərə alaraq, bir sıra nailiyyətlərə imza atmışıq. Belə ki, bu günə kimi Azərbaycanın tarixini, mədəniyyətini özündə əks etdirən 113 kitabı tərcümə etdirib, nəşr edib pulsuz yaymışıq.. Hal-hazırda 40-a qədər tərcümə olunmuş kitab da öz nəşr növbələrini gözləyirlər. Həmçinin "Ruhum Qarabağdadır" və "Xoca" adlı filmləri qırğız dilinə tərcümə etdirib dublyaj etdirmişik. Fondun sifarişi ilə professor Şəlalə Həsənovanın müəllifi olduğu"Ermənilərin Qafqaza köçü xronikası", "ilk xristian ölkəsinin izi ilə", "İrsimizə atəş açmayin", "Yerevanda azərbaycanlıların izi ilə" filmləri dubliyaj edilməsi üçün qırğız və çin dillərinə tərcümə edilir. Fond olaraq "Prezident İlham Əliyev" adlı üçcildliyi, "Dünya siyasətinin zirvəsini fəth edənlər" adlı ikicildliyi və "Qırğızıstan və Azərbaycan əlaqələrində Heydər Əliyevin rolu" adlı kitab rus dilinə, "Müasir Azərbaycanın qurucusu və xilaskarı" adlı kitabı qırğız, rus və qazax dillərinə, "Azərbaycanın xarici siyasəti və həqiqi dostları" adlı kitabı qırğız dilinə və bir neçə başqa kitabları müxtəlif dillərə tərcümə etdirib, nəşr edərək pulsuz yaymışıq. Saysız-hesabsız beynəlxalq səviyyəli tədbirlər keçirmişik. Ermənistan Konsulluğunun akkreditasiyasının ləğvinə nail olaraq, bayraqlarını endirtmişik. Nəşr etdiriyimiz AMEA tarix institutunun müəlliflər qrupu tərəfindən yazılmış "Исторические факты о деяниях армян на Азербайджанской земле" kitabına görə Ermənistan XİN Qırğızıstan Respublikası XİN-ə nota vermişdi. Fondumuzun gördüyü işləri müntəzəm olaraq mətbuat işıqlandırır. Xarici ölkədə, Qırqızıstanda, dünyaşöhrəüli qırğız yazıçısı Çingiz Aytmatov və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin çiçəklənməsi və millətimizin rifahı naminə göstərdikləri şücayəti tanıtmaq məqsədilə öz vəsaitimizlə "İki dahi şəxsiyyət..." adlı film çəkdirmişik və 30 noyabr 2018 ci ildə Qırğızıstanın ELTR telekanalında onu nümayiş etdirilmək üçün efir vaxtı almışdıq. Lakin Hidayət Orucovun şikayəti əsasında noyabrın 29-da film lelekanalın proqramından çıxarıldı. Mənə qarşı olan şəxsi nifrət və qəzəbini O, Azərbaycanın dahi liderlərinin xarıcdə geniş tanıtımından üstün tutdu. Ölkə imicini və milli maraqlar naminə görülən işləri kənara qoyaraq, səfir Hidayət Orucov 7 ildir məni durmadan təqib edir, dövlət nümayəndələri ilə olan bütün görüşlərində məni "xalq düşməni" kimi təqdim edir. Görünür, onun anlamında millətin maraqları naminə yuxarıda sadaladığım işləri görmək "düşmənçilikdir". Öz növbəsində, şəxsi statusunu ucaldmaq üçün H.Orucov cənab İlham Əliyevin adından sui-istifadə edir, Qirqizistanın yüksək dairələrində özünü Azərbaycan Prezidentinin ailəsinin ən yaxın adamı kimi qələmə verir. Hazırda H.Orucov Qırqızıstan elitası və biznes dairələri ilə Azərbaycan arasında nifaqa səbəb olacaq təhlükəli işlər görür. Belə ki, Fondumuzun təşəbbüsü ilə Bişkekdə Heydər Əliyev adına Parkın salınması üçün 15 il əziyyət çəkib, maliyyə xərcləyib torpaq sahəsi ayırmağa nail olduq. Əlimizdə bunları təsdiq edən sənədlər var. Vacib məqam odur ki, biz parkı öz vəsaitimizlə salmaq fikrindəydik. Xüsusi qeyd edək ki, bu mühüm işdə Qırqızıstanın bir sıra tanınmışların bilavasitə iştirakı və köməyi olub. Səfir Hidayət Orucov 15 dəfə məndən DTX-yə şikayət yazaraq bizi, parkın salınmasından uzaqlaşdırmaq istəyir. Dövlətin ona verdiyi imtiyazlardan istifadə edərək müəyyən şeylərə müvəqqəti nail də olur. Dövlətin adından danışaraq deyir ki, parkın salınmasını Azərbaycan dövləti maliyyələşdirəcək, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fondunun bu işlə heç bir əlaqəsi yoxdur. Bu haqda rəsmi dövlət qurumlarına nota da göndərib. Yaxınlarda Bişkek şəhər Meriyası ilə parkın salınması ilə əlaqədar rəsmi memorandum da imzalayıb. Nəticədə səfir Orucov, bu işdə yaxından içtirak etmiş Qırqızıstanın nüfuzlu şəxslərinin əməyini yerə vuraraq, qəsdən, gələcək üçün partlayacaq bir bomba hazırlayıb. Azərbaycan qanunvericiliyinə görə səfir 5 il müddətində bir ölkədə xidmət göstərə bilər. Amma Hidayət Orucov artıq 7 ildir ki, səfir vəzifəsində işləyir. Qeyd edək ki, bir sıra başqa dövlətlərdəki səfirlərimiz də qanunla müəyyən olmuş müddətdən artıq işləyirlər.

Hörmətli Oktay müəllim

Hörmətli Fuad müəllim 

Qırqızıstanda fəaliyyət göstərən Fondumuzun üzvləri adından xahiş edirəm Milli Məclisin müzakirəsinə aşağıdakı məsələləri çıxarasınız: 1. Azərbaycan Respublikası diasporla iş üzrə Dövlət komitəsinin ştat vahidlərinin artırilması və xaricdəki səfirliklərə Komitənin işçisinin təhkim edilməsi; 2. AR XİN səfirliklərində çalışan diasporla işləyən əməkdaşlarını diasporla iş üzrə Dövlət komitəsinin ştat vahidlərinin artırilmasının sayı bərabərliyində ixtisara salınması; 3. Hidayət Orucovun Azərbaycanın maraqlarına cavab verməyən hərəkətləri barədə məlumatı Prezident İlham Əliyevin nəzərinə çatdırılması; 4. Səfirlərin müddətdən artıq qalaraq eyni dövlətdə işləmələrinin qanunvericiliyə zidd olması barədə Prezident İlham Əliyevə arayışın verilməsi barədə.

Hörmətlə, Nüsrət Məmmədov Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti

22.05.2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR