Hökümət və cəmiyyət səviyyəsində Fuad Abbasovu dəstəkləməli, qorumalıyıq

Belə bir vəziyyətdə Fuada qarş qaldırılan ittihamların əsassız olmasını güclü vəkillər vasitəsilə sübut erməliyik

Rusiyada yaşayan və bu ölkədə jurnalist fəaliyyəti ilə məşğul olan Fuad Abbasovun şimal qonşumuzun hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi və Azərbaycana deportasiya olunması təhlükəsinin yaranması Azərbaycan cəmiyyətində birmənalı olaraq etirazla qarşılanıb. Xüsusilə, Fuad Abbasova qarşı Moskva polisinin qeyri-insani hərəkətlərə yol verməsi və insan hüquqlarına zidd davranış ortaya qoyması narazılıq yaradıb. Siyasi mövqeyi, proseslərə yanaşma və baxış bucağından asılı olmayaraq əksəriyyət jurnalist Fuad Abbasova qarşı həyata keçirilən bu qeyri-insani davranışı pisləyib. Eyni zamanda şimal qonşumuzun qısa zamanda yol verdiyi xətanı düzəltməsi tövsiyə olunub.

Politoloq Ramiyə Məmmədova deyib ki,  Moskvada yaşayan Fuad Abbasova qarşı edilən hərəkətlər hər birimizə, azərbaycanlı olaraq bizə qarşı törədilmiş hesab olunmalıdır: "Buna əslində Moskva yox, ona və ermənilərə çalışan və özlərini azərbaycanlı, türkəm deyən iyrənc məxluqlar şərait yaradır. Fuad Abbasovun Bakıya deportasiya edilməsi bəzilərinin özlərini guya Azərbaycana xidmət edən icması olaraq göstərməsi və öz həmvətəninə qarşı bu əxlaqsızlığı etməsi artıq onların kimə və nəyə xidmət etdiklərini sübut edir".

Politoloq deyib ki, həmin Icma deyilən insanlar bu gün Azərbaycana zərər vurduqlarını və düşmənlərin əlinə necə kart verdiklərini də çox gözəl bilirlər: "Ar olsun onlara. Çünki onlar həqiqətən Azərbaycan torpağına və türk deyilməsinə layiq deyillər. Bu hal bu gün tək Moskva deyil, bütün azərbaycanlıların yaşadıqları dövlətlərə aiddir. Çünki biz heç bir zaman millət baxımından bir ola bilmirik.  Biz nə vaxt bir-birimizin arxasında durmağa öyrənəcəyik, o zamana qədər də bir-birimizin ətini yeyib üstündən də qanını içəcəyik",

Politoloq qeyd edib ki, bütün qeyd edilənlər yalnız Moskvada həbs olunan Fuada görə deyilmir: "Xaricdə və ölkəmizdə yaşayan hər bir vətandaşımıza deyilir. Diasporla İş üzrə Dövlət Komitəsi də bunların öhdəsindən gələ bilmir, hər kəs bir qurum yaradıb və guya milləti üçün çalışır. Nəticə də göz qabağındadır".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə deyib ki, Fuad Abbasov kifayət qədər savadlı, həm siyasi hazırlıqlı, fəaliyyətini hansısa siyasi konyuktura yox, ümumazərbaycan mövqeyindən sərgiləyən və erməni millətçi siyasətinin iç üzünü bilib ifşa etmə imkanlı, güclü inadkar mübariz jurnalistdir. Onun sözlərinə görə, bu vətənpərvər xüsusiyyətlərini əyani olaraq Rusiya televiziyaları efirində milyonların önündə sübut edib: "Jurnalizm səviyyəsində Azərbaycanın beynəlxalq ictimai təsir güclü müdafiəçisi azdır, Fuadın timsalında. xüsusən də rəhmətlik Heydər və Orxan Camal kimi milli mübarizlərdən sonra. Bu səbəbdən də, milli düşmənlərimiz ermənilər və onlarla mövqeyi üst-üstə düşən bütün, digər antiazərbaycançı qüvvələr üçün Fuad Abbasov yeni bur problemli təzahürdür. Və təbii ki yığışıb onlara müqavimət göstərən belə başağrılı şəxsi nə yol ilə olur-olsun, aradan götürmək istəyirlər. Ona görə, biz hökumət və cəmiyət səviyyəsində Fuad Abbasovu dəstəkləməli, qorumalıyıq.  Belə bir vəziyyətdə Fuada qarş qaldırılan ittihamların əsassız olmasını güclü vəkillər vasitəsilə sübut erməliyik. Fuad işinin ədalətli həll olunması üçün Rusiya hakimiyyət orqanlarına qarşı ictimai əsaslarda,  etirazlarla da təsirli çıxışlar etməliyik. Eyni zamanda bu prosesin bizim xeyrimizə həll olunmama variantına da hazır olmalıyıq. Elə bir B plan variantımız olmalıdır ki, Fuadın fəaliyyəti bütün o, antiazərbaycan çetesi üçün heç də dayanmasın və az təsirli olmasın,". İlqar Altay deyib ki, Fuad Abbasovun Azərbaycana dönüşü halında ona, həmin vətənyönlü fəaliyyətini daha enerjili və güclü davam erdirmək üçün şərait yaratmaq lazımdır: "Və bu dəfə beynəlxalq siyasi aspektdə Azərbaycan mövqeyi uğrunda fəaliyyət qurmaq gərəkdir. Fikrimcə, biz bununla Azərbaycan savaşında həm yeni, həm də daha da effektli Fuad görərik".

Sabiq səfir Xeyreddin Qoca isə deyib ki, jurnalist Fuad Abbasova qarşı bizimkilər də həmişə olduğu kimi, ermənilərlə birlikdə düşmənçilik edirlər: "Niyə "həmişə olduğu kimi" deyirəm? O zaman ermənilər Heydər Əliyevi Kremldən uzaqlaşdırmaq üçün Moskvaya məktublar yazanda, bizimkilər də onlardan geri qalmamağa çalışdılar, Kremlə qalaq-qalaq şikayət məktubları yazdılar. Nəticə məlumdur. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdlrılandan sonra ermənilərin torpaq iddiaları başladı.  Məni indiyədək bir sual maraqlandırır: Danos yazan azərbaycanlılar nə qazandılar?".

Türkiyə Universotetləri Məzunları İctimai Birliyinin sədri  Çingiz Bayramov isə hesab edir ki, Fuad Abbasovu müdafiə etmək milli məsələyə çevrilib: "Rusiyanın hüquq mühafizə orqanları Azərbaycan vətəndaşı ilə vəhşicəsinə davranmasını şiddətlə qınayıram.  Bütün dostlarımızı vətəndaşımızın hüquqlarını müdafiə etməyə çağırıram. Fuad Moskvada pul qazanmırdı, bizneslə məşğul olmurdu. Fuad Rusiyada məcburi köçkün düşdüyu bölgeyə - Qarabağa ədalət istəyirdi".

Rusiya Azərbaycanlıları İttifaqı da jurnalist Fuad Abbasovun həbs edilməsini narahatçılıqla qarşılayıb. Adı çəkilən təşkilatın yaydığı bəyanatda qeyd edilir ki, Azərbaycan Respublikasının vətəndaşı Fuad Abbasovun Rusiyanın hüquq - mühafizə orqanları tərəfindən saxlanılması faktı ilk saatlardan Rusiya Azərbaycanlıları İttifaqının diqqət mərkəzindədir: "Adıçəkilən vətəndaşın hüquqları pozulduğu təqdirdə, onun müdafiəsi üçün yardıma hazır olduğumuzu bildirir, ona vəkillik edən Elman Paşayevlə müntəzəm əlaqə saxlayırıq. Fuad Abbasov sosial şəbəkədə diaspor təşkilatlarının fəaliyyətinə qarşı fərq qoymadan qərəzli mövqe sərgiləsə də, təşkilat olaraq Onun soydaşımız olması amilini vacib sayıb, hər bir azərbaycanlıya olan münasibəti Fuad Abbasova da sərgiləməyə hazır olduğumuzu bildiririk. Qeyd edək ki, Fuad Abbasov Azərbaycan Respublikasının vətəndaşıdır və onun hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı Səfirliyinin vəzifə səlahiyyətlərinə aiddir. Ümid edirik ki, adıçəkilən müvafiq qurum soydaşımızın problemini diqqət mərkəzində saxlayır və onun həllində yaxından iştirak edir". Bəyanatda daha sonra qeyd edilir ki, Fuad Abbasovun Rusiyanın hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qatı cinayətkar kimi saxlanması mənzərəsi də suallar yaradıb, etiraza səbəb olub: "Ancaq soydaşımızın tutulma səbəbləri ilə bağlı Rusiya huquq-mühafizə orqanlarının açıqlaması olmadan qərəzli və çərçivəli fikirləri səsləndirməkdən hər birinizi daşınmağa səsləyirik. Yaranmış vəziyyətdə problemin kökünü bilmədən səsləndirilən və bölüşülən məsuliyyətsiz fikirlər, iğtişaş törətmə, habelə qanuna zidd toplaşma çağırışları münaqişəyə zəmin yaratmış olar.  Deməliyik ki, bu qalmaqallı hadisə ətrafında xarici qüvvələrin sui istifadə halları da çoxalıb. Belə ki, Rusiya hüdudlarında Azərbaycan icmalarının birləşmə meyllərini istəməyən qruplar bu qalmaqalla bağlı şaiyələr yayır, diasporun nüfuzlu və vətənpərvər üzvlərinə, liderlərinə qarşı təxribat xarakterli fikirləri bölüşürlər. Bir daha hər birinizə təmkinli olmağı, fakt və fikir arasında fərqi görməyı bacarmağı məsləhət bilirik. Fuad Abbasovun ziddiyyətli fəaliyyətinə varmadan haqqlarının pozulduğu təqdirdə onun yardıma ehtiyacı olduğu dəqiqələrdə yanında olmağı vacib sayır, soydaşımızın ailəsinə qovuşması üçün köməyə hazır olduğumuzu bildiririk. Arzu edirik ki, dünyanın istənilən nöqtəsində hər bir Azərbaycanlının hüquqları pozulduğu təqdirdə milli həmrəylik nümayiş etdirib, problemin hüquq müstəvisində, yaşadığımız ölkələrin qanunları çərçivəsində həllinə nail olaq".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR