Çexiya ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Radik Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, nazir Şahin Mustafayev Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyini, ölkələrimiz arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı əldə edilmiş razılaşmaların mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Çexiya siyasi, iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında 2015-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb, möhkəm müqavilə-hüquq bazası yaradılıb. Hər iki ölkənin parlamentlərində qarşılıqlı əməkdaşlıq üzrə dostluq qrupları fəaliyyət göstərir. Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyəti ikitərəfli əlaqələrin inkişafında önəmlidir.

Hazırda Azərbaycanda xidmət, rabitə, ticarət, tikinti və s. sahələrdə 26 çex kapitallı şirkət fəaliyyət göstərir. Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 88%-dən çoxu Azərbaycanın payına düşür. Ölkələrimiz maşınqayırma, maliyyə, ticarət və qarşılıqlı investisiya qoyuluşu sahələrində əməkdaşlıq edirlər. Əczaçılıq, maşınqayırma, kimya sənayesi, nəqliyyat və tranzit, turizm, İKT sahələrində əməkdaşlıq imkanları genişdir. Görüşdə qeyd olunub ki, Azərbaycan və Çexiya arasında əlaqələr humanitar sahədə də inkişaf edir, Bakı Slavyan Universitetində Çexiya dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR