Azərbaycan Avropa İttifaqı üçün etbarlı tərəfdaşdır

Prezident İlham Əliyevin Belçikaya səfəri Azərbaycan-Aİ münasibətlərinin genişləndirilməsinə töhfə verəcək

Avropanın ən mötəbər təşkilatlarından sayılan Avropa İttifaqı (Aİ) ilə  Azərbaycanın əlaqələrində son illərdə çox mühüm irəliləyişlər əldə edilib. Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə edir. 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir. Ümumiyyətlə isə, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Aİ ilə iqtisadi, humanitar sahələrdə əlaqələrin əsası qoyulub, ölkəmiz Avropanın bu mötəbər təşkilatının həm təşəbbüskarı olduğu, həm də maliyyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə fəal iştirak edib. Hazırda da Azərbaycanla Avropa İttifaqı arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın bir çox Aİ ölkəsi ilə tərəfdaşlıq əlaqələri var və bu əlaqələr inkişaf etməkdədir. Ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq o səviyyəyə çatıb ki, nəticə etibarilə Azərbaycan Avropa İttifaqı üçün, Avropa İttifaqı isə Azərbaycan üçün  əhəmiyyətli tərəfdaşa çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər mövcud əlqələrin daha da inkişaf etməsinə təkan verdi. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirmiş və Azərbaycanın regionda oynadığı rolun Aİ tərəfindən müsbət qiymətləndirildiyini vurğulayıb. Xatırladaq ki, Azərbaycan həm beynəlxalq təşkilatlar, həm dünyanın aparıcı dövlətləri, həm də region ölkələri üçün etibarlı tərəfdaşdır. Başqa sözlə, Azərbaycan istər beynəlxalq təşkilatlar, istərsə də iqtisadi baxımdan inkişaf etmiş ölkələr üçün regonda əhəmiyyətli rol oynayır. Xatırladaq ki, Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib ki, Prezident İlham Əliyev Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Deputat vurğulayıb: "Dövlət başçımız, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyan etdi ki, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bununla yanaşı, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarına çıxarılması, nəqliyyat dəhlizlərinin yaradılması və digər mühüm məsələlər gündəmdə oldu. Azərbaycanın Avropa İttifaqı ilə çox səmərəli və işgüzar münasibətlərinin olduğu bir daha qeyd edildi". Cavid Osmanov bildirib ki, Azərbaycanın hər bir uğuru anti-milli qüvvələri narahat edir və onların fəallaşmasına səbəb olur: "İstər daxildə, istərsə də xaricdə Azərbaycanı sevməyən qüvvələr erməni lobbisinin dəstəyi altında Azərbaycanın inkişafına şər və böhtanla kölgə salmaq istəyirlər". Millət vəkilinin sözlərinə görə, həm daxildə radikal müxalifət, həm də xaricdə yaşayan bəzi anti-Azərbaycan ünsürlər ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar: "Lakin həmin qüvvələr heç nə əldə edə bilmirlər, çünki Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət yalnız dövlət və milli maraqlara xidmət edir. Ona görə də belə ünsürlərin Azərbaycan xalqı arasında heç bir yeri yoxdur". Deputat Sədaqət Vəliyeva da qeyd edib ki, Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur. BMT, ATƏT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla olan münasibətlərdəki ölkəmizin qətiyyətli mövqeyi və nüfuzu daim milli maraqlarımızın qorunmasına və təmin edilməsinə əsas yaradıb. Bu kontekstdə Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələri də istisna təşkil etmir. Sədaqət Vəliyeva bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər: "Hətta, Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olan Azərbaycanın İttifaqın üzvü olan doqquz ölkəsi ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Eyni zamanda, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynayır, ölkəmiz Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir".

Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır və  bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir. Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də  öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir. Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş, bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzrədən keçirilmişdir. Preziednt İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan qətiyyətlə demək olar ki, Prezident İlham Əliyevin Belçikaya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin genişləndirilməsinə töhfə verəcək. Odur ki, səfər zamanı Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Belçikalıların Kralı Əlahəzrət Filip ilə keçirilən görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması, torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR