Həm Brüssel, həm də Bakı strateji tərəfdaşlıqda maraqlıdır

Bu maraq Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir

Bu günlər bütün diqqətlər Brüsselə yönəlmişdi. Söhbət Avropanın siyasi paytaxtlarından biri sayılan bu şəhərdə keçirilən "Şərq Tərəfdaşlıq Proqramının" 10 illiyi ilə bağlı yubiley toplantısından gedirdi. Azərbaycanın da təmsil olunduğu tədbirlərdə bir sıra müsbət və mənfi məqamların qeydə alınmasına rəğmən, ümumilikdə bu kimi toplantılar rəsmi Bakı ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab edilir. Lakin onu da etiraf etmək lazımdır ki, Avropadakı bəzi mərkəzlər, qurumlar Azərbaycanın qoca qitə ilə, əsas etibarilə də Avropa İttifaqı ilə münasinətləri inkişaf etdirməsində maraqlı deyillər, hər vasitə ilə bu əməkdaşlığa kölgə salmağa, ona mane olmağa çalışırlar.  Elə Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı" Təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirlərinin tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannaməsində dövlətlərin ərazi bütövlüyünün tanınması məsələsinin əksini tapmaması da bu qəbildən sayıla bilər. Elə bu səbəbdəndir ki, rəsmi Bakının həmin sənədə imza atmadığı bildirilir.

Əksər ekspertlər dövlətimizin ortaya qoyduğu siyasi iradəni yüksək qiymətləndirirlər.  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil. Onun sözlərinə görə, bu məqamda Azərbaycan doğru addım atıb: "Brüsseldə "Şərq Tərəfdaşlıq Proqramının" 10 illiyi ilə bağlı yubiley toplantısı keçirildi. İlk başda proqramın təşəbbüskarı olan Polşa və İsveç keçmiş SSRİ respublikalarının Avropa ilə daha sıx inteqrasiyasını və Rusiyanın təsirindən uzaq durmasını qarşılarına məqsəd qoymuşdular. Bu 10 ildə "Şərq Tərəfdaşlıq Proqramı" fərqli formatlara keçdi. Avropa İttifaqı bəzi dövlətlərlə assosiativ sazişlər imzaladı. Bu saziş Ukraynada "Maydan" hadisələrinə səbəb oldu ki, nəticədə Rusiya Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yarandı. O cümlədən Azərbaycanla fərqli saziş üzərində çalışmalar başladı. Çünki, Azərbaycan o biri dəvlətlərdən fərqli olaraq həm də Avopanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başladı. Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı" təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil. Birincisi, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək Avropa Komissarlığı ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Bunun nəticəsində Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina etdi. Etiraza baxmayaraq, bəyannamənin mətni dəyişdirilməyib və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Mogerini imzalayıb. İkincisi, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "Şərq Tərəfdaşlığı Proqramı"nın 10 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransın açılışında özü deyib ki, dondurulmuş münaqişələrin həlli Avropa üçün prioritet məsələlərdəndir. Demək, əvvəlcədən bəyannamə ilə tanış olan Jan-Klod Yunkerin öz prinsiplərini əsas tutaraq ərazi bütövlüyü bəndinin yoxluğuna lazımınca diqqət yetirməli idi. Ərazi bütövlüyü prinsipi vurğulanmadan Jan-Klod Yunkerin dediyi kimi "Avropanın sülh içində olması mühümdür" yanaşmasının reallaşması mümkün deyil". Politoloq deyir ki. Gürcüstan və Ukraynanın mövqeyi maraq doğurur: "Gələn xəbərlərə görə, bu iki ölkənin nümayəndə heyəti ərazi bütövlüyünün bəyannaməyə salınmasında Azərbaycan nümayəndə heyəti qədər israrlı olmayıb.  Ukrayna və Gürcüstan bəyannamədə "Şərq tərəfdaşlığı"nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər. Onları əsas narahat edən məsələ sənəddə Brüssel tərəfindən "Şərq tərəfaşlığı"ına daxil olan "ayrı-ayrı ölkələrin" Avropa İttifaqına üzvlük səyləri tanınmmaması olub. Açıq demək lazımdır ki, bu bənd də Azərbaycanı az narahat edir. Çünki, Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoymayıb. Həmçinin, Rumıniya hazırda Avropa İttifaqına rəhbərliyi həyata keçirir". Elxan Şahinoğlu onu da deyib ki, Azərbaycanın Avropa ölkələri arasında stateji tərəfdaşlıq qurduğu ölkələrdən biri də Rumıniyadır. İki ölkə arasında strateji saziş imzalanıb: "Bu baxımdan Rumıniyanın bəyannamənin mətninə təsir imkanı olduğu halda ərazi bütövlüyü məsələsinə həssa yanaşmaması sual doğurur. Ancaq məsələnin başqa tərəfi də var. Belə bir bəyannamənin hazırlanacağı əvvəlcədən bəlli idisə, sənəddə ərazi bütövlüyü ilə bağlı bəndin salınması üçün Azərbaycan XİN-nin diplomatik çalışmaları olubmu, yoxsa nazir Elmar Məmmədyarov qəbul etmədiyi bəyyannaməni yalnız son gün - mayın 13-də görüb? Əlbəttə ərazi bütövlüyü ilə bağlı bəyannamələrin, bəndlərin qəbulu bizim üçün vacibdir, ancaq həmin bəndi vurğulayan qətnamələr belə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Yəni bu məsələni faciəyə də çevirməyə ehtiyac yoxdur. Brüsseldəki xoşagəlməz hadisəyə baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik gözlənilmir. Azərbaycan rəsmilərinin də söylədikləri kimi Avropa İttifaqı ölkələri Azərbaycanın əsas tərəfdaşları arasında yer alıb. Azərbaycanın ticarət apardığı ölkələr sırasında da Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqda olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır. Brüssel görüşü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevrilsə də, aylardır əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmasıdır. Bu mövzu bu gün də aktualdır. Milli Məclisin sədri Oqtay Əsədov sazişin məhz mayın 13-də imzalanacağını bildirmişdi. Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Milli Məclis sədrinin sözlərini təkzib etmişdi. Görünür, Oqtay Əsədov prezident İlham Əliyevin mayın 13-də Brüsseldə olacağını düşünərək sazişin imzalanacağını düşünürdü. Ancaq XİN-nin proqnozu düz çıxdı. İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov eyni gündə Brüsseldə olsalar da, saziş hələ imzalanmayıb. Ancaq narahat olmağa dəyməz. Saziş üzərində son tamamlama çalışmaları gedir. Və "Şərq Tərəfdaşlıq Proqramının" bəyannaməsindən fərqli olaraq sazişdə Azərbaycanın ərazi bütövlüyü vurğulanacaq".

Millət vəkili Sədaqət Vəliyeva isə deyib ki,  Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini və əməkdaşlığını dövlət və xalq maraqları çərçivəsində qurur. BMT, ATƏT, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və başqa təşkilatlarla olan münasibətlərdəki ölkəmizin qətiyyətli mövqeyi və nüfuzu daim milli maraqlarımızın qorunmasına və təmin edilməsinə əsas yaradıb. Onun sözlərinə görə, bu kontekstdə Azərbaycanın Avropa İttifaqı ilə olan əlaqələri də istisna təşkil etmir. Deputat bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər: "Hətta, Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malik olan Azərbaycanın İttifaqın üzvü olan doqquz ölkəsi ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Eyni zamanda, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynayır, ölkəmiz Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq edir. Ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub. Ölkəmizin beynəlxalq nüfuzuna və imicinə zərbə vurmağa çalışanların bu məsələ ilə bağlı iddiaları əsassız, qərəzli və qeyri-obyektivdir".

Sədaqət Vəliyeva əlavə edib ki, ölkəmizdəki "5-ci kolon" və Qərbdəki iaşə müxalifəti anti-Azərbaycan mərkəzlərinin direktivləri ilə cənab Prezident İlham Əliyevin Brüssel səfəri ərəfəsində siyasi təxribatlar törətməyə, səfərin əhəmiyyətini azaltmağa yönəlmiş qarayaxma kampaniyası təşkil etsələr də, bu, nəticəsiz qaldı: "Çünki, səfər çərçivəsində dövlətimizin başçısının keçirdiyi görüşlərdə ortaya qoyulan mövqe və səsləndirilən fikirlər bir daha isbatladı ki, Avropa İttifaqı Azərbaycana vacib və əhəmiyyətli tərəfdaş kimi baxır, strateji əməkdaşlığa xüsusi önəm verir. Bütün bunlar isə növbəti dəfə radikal müxalifətin uydurma iddialarından ibarət anti-milli fəaliyyətini ifşa etdi".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı Azərbaycan ən doğru olan addımı atıb: "Məsələ burasındadır ki, sözügedən toplantıda Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı" Təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək konkret ifadə olunmadığına görə Azərbaycan nümayəndə heyəti sənədə veto qoyub, onu imzalamaqdan imtina edib. Başqa sözlə desək, bloklayıb. Azərbaycan nümayəndə heyəti tamamilə haqlı olaraq yubiley bəyannaməsinin mətnində dəyişikliklər edilməsini istəyib. Ukrayna və Gürcüstan da bu sənədə etiraz edib. Səbəb isə sənəddə onların Avrointeqrasiya yolunu tutmasının əks olunmaması olub. Bu isə o deməkdir ki, "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyində Gürcüstanın və Ukraynanın gözləntiləri özünü doğrultmayıb. Azərbaycan isə onların təcrübəsini görür və nəzərə alır. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi heç bir ölkənin, heç bir beynəlxalq qurumun maraqlarından ötrü güzəştə gedəsi deyilik. Amma ərazi bütövlüyümüzü qeydsiz-şərtsiz qəbul edən ölkələr və təşkilatlarla əməkdaşlığımızı daha da sıxlaşdırmaq əsas prioritet vəzifələrimizdən biri olacaq".

Rəsulzadə bələdiyyə sədrinin köməkçisi Jalə Tofiqqızı da deyib ki, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün 10 illiyinə həsr edilmiş yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmadığından Azərbaycan sözügedən sənədi imzalamyıb: "Görəsən, dünənə qədər Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan rəsmilərinin, hökumətin mövqeyini şübhə altına alan, haya-küyə salan ana-ata müxalifət - Əli Kərimlilər, Cəmil Həsənlilər, Arif Hacılılar indi nə deyəcəklər? Bunudamı müxalifətin "hay-küy" "fəaliyyətinin nəticəsi"nə yazacaqlar? Bu insanlar unudurlar ki, Azərbaycan hökuməti, dövlət başçısı İlham Əliyev üçün dövlətin maraqları, Azərbaycanın ərazi bütövlüyü bütün prinsiplərdən və maraqlardan öncəlikdə durur. Bu, qrant havasına mövqe dəyişən müxalifətin "fəaliyyəti"nə bənzəməz".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR