Simasızlaşmış antimilli qüvvələr təzyiq alətinə çevriliblər

 Bəzi xarici dairələr Azərbaycanın uğurları ilə barışmaq istəmirlər

Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz özünün çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun inkişafı və təhlükəsizliyinə əsaslı töhfələr verir. Regional güc mərkəzi və suveren dövlət olan Azərbaycan həm də dünyaya yeni müstəqil xarici siyasət modeli təqdim edir. Məhz ölkəmizin bu mövqeyi antimilli qüvvələri əndişələndirdiyindən müxtəlif qarayaxma kampaniyalarına əl atırlar. Lakin etiraf edilməlidir ki, dövlətə, dövlət başçısına, millətə qarşı irəli sürülən əsassız iddialar ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə qınanılmaqdadır. Millət vəkili Pərvin Kərimzadə deyib ki, Brüsseldə 3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz aksiyası təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinin əyani sübutdur: "Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar". Deputat bildirib ki, erməni puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlərin mövcudluğu təəssüf doğurur: "Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur. Bresseldə aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir". Aksiya cəhdinin erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan alınan maliyyə hesabına edildiyini xüsusi vurğulayan deputat qeyd edib ki, onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar: "Onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər".

Millət vəkili Elman Nəsirov qeyd edib ki, hər kəsə gün kimi aydın məsələdir ki, əslində onların güddükləri mətləb tamamilə başqadır: "Bu qüvvələr, antiAzərbaycan siyasi dairələr ona görə narahatdırlar və şər-böhtan kampaniyasına ona görə başlayıblar ki, onlar Azərbaycanda sabitliyin daha da möhkəmləndiyini, təhlükəsiz mühitin daha da gücləndiyini görürlər. Bunun əsasında inkişaf baş verir. Azərbaycanın dünyaya multikulturalizm dəyərlərini ixrac edir. Amma onlar bunun əvəzində islamofobiyanı, ksenofobiyanı, irqçilik nəzəriyyələrini ifraz edirlər. Bu baxımdan, qlobal barışığın və sülhün təminatı üçün Azərbaycan öz multikulturalizmi ilə birgəyaşayışı təbliğ edir, amma onlar qlobal xaos, müsəlman dünyasında qarşıdurma yaratmaq naminə islamofob düşüncələri dünyaya yayırlar. Bu səbəbdən Azərbaycan növbəti dəfə hədəf seçilib. Amma onlar yanılırlar. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Xalqımız çox gözəl dərk edir ki, bu qüvvələrin əsl niyyəti nədir. Xalqımız həmin bu qüvvələrin əsl niyyətinin Azərbaycandakı sabitliyi pozmaq, təhlükəsizlik mühitini dağıtmaq olduğunu çox gözəl bilir. Azərbaycan xalqı bilir ki, bu sabitliyin, təhlükəsizliyin qarantı xalq-hakimiyyət birliyidir. Xalq-hakimiyyət birliyi olan yerdə heç bir halda sabitlik pozula bilməz, təhlükəsizlik mühiti dağıla bilməz. Onlar bunu çox gözəl dərk edirlər. Ona görə də antiAzərbaycan beynəlxalq siyasi dairələr bu vəziyyətlə barışmaq istəmirlər, onların yuxusuna haram qatılır. Onlar belə olan vəziyyətdə yenidən ənənəvi şər-böhtan, uydurma kampaniyasını yaymağa başlayırlar. Reallıq bundan ibarətdir. Lakin bir daha qeyd etmək lazımdır ki, onlar ünvanı səhv salıblar. Belə eksperimentləri başqa ölkələrdə həyata keçirsinlər. Azərbaycanda belə eksperimentlərin keçirilməsi üçün heç bir şərait yoxdur. Qoy, bunu beynəlxalq antiAzərbaycan siyasi dairələr də bilsin. Qoy, bunu onların alətlərinə çevrilmiş antimilli ünsürlər də bilsin və qulaqlarına sırğa etsinlər".

Deputat Sevinc Fətəliyeva da hesab edir ki, Azərbaycan dövlətinə,onun dövlət başçısına qarşı səsləndirilən bu iddiaların heç bir əsası yoxdur: "Azərbaycan ictimaiyyəti xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində Azərbaycan qarayaxma kampaniyasının hədəfi olub və bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur. Eləcə də sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sıradadır. Azərbaycan sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri bundan sonra da ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Dünyada ən böyük tamaşaçı auditoriyası olan Formula 1 yarışları bir neçə ildir ki, Bakıda keçirilir. Beynəlxalq ictimaiyyət bunu yüksək dəyərləndirir. Eləcə də 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhərin arasında Bakının da adı var. Bu da ölkəmizə göstərilən böyük etimaddır. Bu mənada, UEFA Avropa Liqasının final oyunları da yüksək səviyyədə təşkil ediləcək. Bütün bunların fonunda aparılan qərəzli kampaniyalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən çox narahatdırlar. Avropa Liqasının final oyunu ərəfəsində bu cür kampaniyalar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Lakin bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcəklər". Sonda bir daha xatırladaq ki, Azərbaycan xalqı bu kampaniyanın əsas məqsədinin nədən ibarət olduğunu yaxşı dərk edir. Onu da dərk edir ki, ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və hədəflədiyi nəticəyə çata bilməyəcək.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR