Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar

Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar

İqtisadi böhran zərbəsi

Heç kəsə sirr deyil ki, bütün dünyada baş verən ciddi iqtisadi böhranlar bizim ölkəmizdən də yan keçmədi. Artıq 2015-ci ildə, demək olar ki, bu böhran inkişaf etmiş və inkişafda olan ölkələri öz cənginə aldı və təbii ki, heç bir ölkə bu "surpriz"ə hazır deyildi. Ekonomik çöküş iqtisadiyyatı əsasən neft-qaz sektorundan asılı olan ölkələrdə daha aydın görünürdü. Bu o demək idi ki, dövlət büdcəsi bir daha nəzərdən keçirilməli, bu istiqamətdə ən qısa müddətdə mühüm addımlar atılmalı, xərclər minimuma endirilməli idi. Əlbəttə ki, bu iqtisadi böhran ölkəmizə müəyyən qədər zərbələr vurdu. Manatın dollara nisbətdə 100 faizdən çox ucuzlaşması, qeyri-sabit olması, ölkədə bir qədər xaos yaratdı. Bir çox işbazlar vəziyyətdən istifadə edərək süni qiymət artımına şərait yaratdı. Bu da öz növbəsində ölkə iqtisadiyyatında ciddi problemlərin yaranmasına yol açırdı. Lakin həmin dövr ərzində dövlətin əsas hədəflərindən biri əhalinin sosial müdafiəsini artırmaq və bu iqtisadi böhrandan minimum itkilərlə çıxmağa köklənmişdi. 2015 və 2016-cı illərin bir qədər durğun və gərgin keçməsinin ardından, 2017-ci ildə hökm surən qeyri-stabil vəziyyət tam ələ alındı, ölkəmizi iqtisadi cəhətdən sabitləşmə yoluna apardı. Ötən ildən başlayaraq ölkəmiz ciddi iqtisadi inkişaf yoluna daxil olaraq, cəmi bir neçə ay ərzində, böyük yol qət etdi, ciddi islahatlar aparıldı və kifayət qədər uğurlar əldə edildi.

Azərbaycan sosial müdafiə sahəsində ilk sıralarda

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən ard-arda imzalanan sərəncamlar, fərmanlar yalnız vətəndaşların sosial rifahının yaxşılaşdırılması, dövlətin gələcək inkişafına xidməti nəzərdə tutaraq, həyata keçirilən sosial islahatlar paketinin tərkib hissəsini daşıyır.

Dövlət tərəfindən 12 mindən çox şəhid ailəsinə 11 min manat birdəfəlik yardım ayırılması, şəhid ailələrinin aylıq muavinətlərinin 242 manatdan 300 manatadək artırılması, Əfqanıstanda sovet qoşunlarının tərkibində vuruşan və öz beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və ya itkin düşmüş şəxslərin ailələrinə ayrılan pensiyaların 220 manatdan 300 manatadək artırılması, minimum əmək haqqının 38 faizə qalxaraq, 130 manatdan 180 manatadək artırılması, minimum əmək pensiyalarının meyarlarının 38 faizədək qaldırılaraq, 116 manatdan 160 manatadək artırılması, habelə, 100 minədək tələbənin təqaüdünün artırılması bir daha sübut etdi ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin başlıca prinsipində insan faktoru dayanır. Buna görə də heç də təsadüfi deyil ki, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə görə Dünya İqtisadi Forumunun Rəqabətlilik Hesabatında Azərbaycan əmək bazarının səmərəliliyi göstəricisi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutmuş, MDB üzrə isə birinci yerdə qərarlaşmışdır.

Problemli kreditlər

İnsan faktorundan söz açmışkən, artıq uzun müddət idi ki, vətəndaşları narahat edən məsələlərdən biri problemli kreditlərlə bağlı idi. Bu problemlə əlaqədar ölkə başçısı xüsusi həssaslıq nümayiş etdirərək, məsələnin vətəndaşların xeyrinə həlli istiqamətində müvafiq tapşırıqlar verdi. Qısa müddət ərzində problemli krediti olan 600 mindən çox  şəxsin siyahısı hazırlandı və artıq yüksək faizlə kredit borcunu ödəmiş şəxslər kompensasiya almağa başlayıb. Bu olduqca çox vacib və ciddi sosial bir təşəbbüsdür. Dünyada bizim qədər devalvasiyanın neqativ təsirlərindən əziyyət çəkən bir sıra ölkələr var. Lakin bu ölkələrin heç biri vətəndaşlarının maraqlarını təmin edə biləcək sosial yönümlü addımlar ata bilmədi. Düşünün, təkcə bu sosial yönümlü addımın 600 mindən çox vətəndaşı əhatə etdiyini nəzərə alsaq, bu bir daha dövlətin vətəndaşın nə dərəcədə yanında olduğunu sübüt edir.

Sahibkarlara yardım

Bundan başqa, yaxın günlərdə ölkənin əsas gündəm xəbərinə çevirilən "Diqlas" ticarət mərkəzində baş verən yanğın və sığortası olmayan sahibkarlara dövlət başçısı tərəfindən ümumilikdə 3 milyon manat yardım ayrılması, dünya sosial təcrübə tarixində bir ilk və humanizm prinsipliyi əsasında əsl inqilabi bir addım idi.

Digər sahələr

Dövlət tərəfindən aparılan islahatlar davamlılıq xarakteri daşıyır və digər sahələrdə də mərhələli şəkildə müxtəlif layihələr həyata keçirilir. Son dövrdə aparılan islahatların nəticəsi kimi, müəllimlik peşəsinə ənənəvi hörmət tədricən qayıdır, bu isə sözügedən ixtisasa yiyələnmək istəyənlərin sayına ciddi şəkildə təsir edir. Təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, 3 mindən çox yeni məktəbin inşası, müəyyən dəyişikliklərə gətirib çıxardı.

Səhiyyə sisteminə isə nəzər salsaq, burada da ciddi şəkildə mərhələli islahatlar proqramı həyata keçirilir. Artıq bu ildən qismən icbari tibbi sığortaya keçərək, bu layihənin bütün ölkə üzrə tətbiqinin 2020-ci ilə qədər tamamlanmağı nəzərdə tutulub. Artıq bir neçə şəhərdə pilot layihələr həyata keçirilib və çox müsbət nəticələr əldə olunub.Beynəlxalq maliyyə strukturları, bu addımı çox yüksək qiymətləndirir və bunun Azərbaycan vətəndaşı üçün faydalı olacağından əmindir. Qeyd etmək lazımdır ki, bəzi ölkələr illərdir ki, bu islahatların reallaşması istiqamətində çalışırlar, lakin hələ də müəyyən uğurlar əldə edə bilmirlər. Lakin dövlətimiz qısa müddət ərzində bütün lazımı sənədləri hazırlayaraq, bu yöndə çox ciddi dönüşlər yaradacaq, çünki ilkin baza kimi son illər ərzində müasir xəstəxanalar, bütün şəhərlərdə müasir diqnostika mərkəzləri inşa edilib.

Tikinti sektoruna gəldikdə, iqtisadiyyatın inkişafına, on minlərlə iş yerlərin yaradılmasına təkan verən əsas sektorlardan biridir. Son illər ərzində Bakıda tikilən xaotik tikinti prosesinə artıq son qoyulub. Təbii ki, bununla dövlət tikinti sektorunda durğunluğa yol verməyəcək. Artıq bundan sonra Bakıdakı bütün tikinti prosesləri qaydaları şəhərin baş planına əsaslanmalı və şəhərimizin görünüşünə gözəllik qatmaya xidmət etməlidir. Bundan başqa, nəqliyyat sistemində də islahatlar layihəsinin davamlı şəkildə həyata keçməsi nəzərdə tutulub.

Xalqın inkişaf yolunda əsas rol oynayan və ölkə başçısının daima diqqət mərkəzində olan mədəniyyət sahəsində son illər ərzində bir çox layihələr həyata keçirilib. Paytaxtımızın ən əsas teatrları olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Azərbaycan Dövlət Musiqili Teatrı hərtərəfli təmir olunaraq, tamaşaçıların istifadəsinə verilib. Eyni zamanda isə bölgələrdə yeni teatrlar tikilib və ya bərpa olunub. Bundan başqa, tariximizin irsi sayılan muzeylərin əksəriyyəti təmirdən keçərək istifadəyə verilib. Dini abidələrə gəldikdə isə, Bakıda və regionlarda yüzlərlə məscid əsaslı bərpa olunub.  Bu siyahıda Təzəpir, Bibiheybət, Əjdər məscidləri, habelə, Şamaxıda yerləşən Cümə məscidini qeyd etmək olar.

Bildiyimiz kimi, mədəniyyət sahəsinin tərkib hissəsi olan kino sahəsində artıq bir neçə ildiki ciddi durğunluq yaşanırdı. Nizami Kino mərkəzinin əsaslı təmiri, fərdi kino zallarının fəaliyyətə başlaması bu sahədə xeyli canlama yaratdı. Prezident İlham Əliyev mədəniyyətə dövlət qayğısının daha da artırılması, kino sənəti ənənələrinin yaşadılması və film istehsalı sahəsinin modernləşdirilməsi ilə bağlı Sərəncam imzalayaraq, bununla dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi ilə bağlı layihələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət Nazirliyinə 5 milyon manat ayrılmışdır.

Ölkə başçısı xalqın içində

Etiraf edək: Ölkə başçısı sosial islahatlar paketi nəzərdə tutduqda, bura təkcə hər hansı məktəblərin, tarixi abidələrin təmiri və ya hər hansı bir rayonda müalicə diaqnostika mərkəzinin inşasını aid etmir. Dövlət başcısı üçün ən önəmli prinsip xalqın arasında olmaq, onların mövcüd problemlərini və ya təkliflərin dinləmək, məsələləri qısa müddət ərzində həll etməkdir. Misal olaraq, dövlət başçısı və xanımının ölkəmizin bir qrup ziyalısı və mədəniyyət işçiləri ilə görüşünü vurğulamaq yerinə düşərdi. Prezident mədəniyyət işçiləri ilə görüşündə əsl humanizm nümayiş etdirdi. Məhz bunun nəticəsi idi ki, görüşdə iştirak edən hər bir ziyalı və mədəniyyət işçisi çəkinmədən müzakirəyə qoşularaq öz təkliflərini verdi. Prezident də öz növbəsində bu təkliflərə çox həssaslıqla yanaşaraq, onların həlli istiqamətində işlərin görüləcəyinə ümid verdi.

Digər diqqətə gətirmək istədiyim məsələ, Prezident İlham Əliyevin fevralın 7-si Şamaxıda baş vermiş güclü zəlzələnin ardından, dərhal reaksiya verərək hadisə yerinə getməsi,təbii fəlakətdən əziyyət çəkmiş sakinlərlə görüşməsidir.Ölkə başçısı evləri dağılan sakinlərlə görüşü zamanı, onların problemlərini dinlədi, müxtəlif problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verdi.Bundan başqa, söz verildiyi kimi təbii fəlakətin fəsadları qısa müddətdə aradan qaldırılaraq, sakinlərlərə 1 ay ərzində yeni evlər tikilərək, təhvil verildi.

Vətəndaş mövqeyi

Təbii ki, bütün sadalanan layihələr, görülən işlərin çox cuzi bir hissəsidir.Yaxın aylarda bir çox sahələrdə köklü dəyişikliklər gözlənilir və bu yeniliklər davamlılıq xarakteri daşıyacaq.Hesab edirəm ki, bir millətin inkişafında, gələcək sağlam nəsil yetişməsində 3 sahə ən fundamental rol oynayır.Bunlar təhsil, səhiyyə və mədəniyyətdir. Bir media işçisi olaraq, vətəndaş mövqeyimi ön plana çəkərək, qeyd etmək istərdim ki, təhsil və səhiyyə sahəsində baş verən son hadisələr göstərdi ki, mütəmadi olaraq bu sahədə çalışan əməkdaşların attestasiyadan keçməsi diqqətdə saxlanılmalı, şəffaflıq qorunmalı və eyni zamanda mədəniyyət sahəmizə xələl gətirəcək şəxslərin cəzası sərtləşdirilərək, digərlərinə örnək olsun deyə bu sahədən uzaqlaşdırılmalıdır, çünki  mədəniyyət başda təhsil olmaqla, düşmənin bizə göstərə biləcəyi ən ağır artilleriya növüdür. Ölkə başçısı müxtəlif sahələrin inkişafı üçün dövlət və ya şəxsi büdcədən vəsait ayırır, əlindən gələni edir və edəcək də. Lakin bu sahələrin dinamik inkişafı üçün, təkcə prezidentin səyi kifayət etmir.Vətəndaşların da bir yumruq kimi birləşərək, var gücü ilə və ən əsası vəzifə səlahiyyətlərindən sui-istifadə etmədən, vicdanla səy göstərməsi daha vacibdir, çünki hər bir vətəndaş fədakarlığı inkişaf edən gələcəyə bizi bir addım daha da  yaxın edəcəkdir!

Aysel Oğuz

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR