Türkiyə-Rusiya əməkdaşlığı Ermənistanı ciddi narahat edir- EKSPERT

Regionda cərəyan edən proseslər fonunda Türkiyə ilə Azərbaycan arasında münasibətlər hər ötən gün daha da inkişaf edir. Yeni bir mərhələyə qədəm qoyur.  Artıq münasibətlər elə bi səviyyəyə çatıb ki, qardaş ölkənin Dağlıq Qarabağ probleminin həllində müəyyən rol oynaması zərurətə çevrilib. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki,  türkiyəli rəsmilər, diplomatlar və siyasi ekspertlər iki dövlət arasında strateji müttəfiqliyin gücləndirilməsini istəyirlər. Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir: "Ankara bu məqsədlə Moskva ilə dialoqunda bu mövzuya toxunur. Ancaq hələ ki, Moskva Ankara ilə yalnız Suriya mövzusunu müzakirə etmək istəyir. Yəni Kreml Qarabağ məsələsini Ankara ilə müzakirəyə maraq gəstərmir. Buna baxmayaraq, Rusiya Türkiyəyə C-400 raketlərini satdıqdan sonra bölgədə vəziyyət dəyişə bilər. Rusiya NATO dövləti olan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirmək istəyir. Digər tərəfdən Rusiya Türkiyə üzərindən Avropaya qaz satmağa başlayacaq. Bundan sonra iki ölkə arasında tərəfdaşlıq artacaq və Moskva Ankaranın Qarabağla bağlı təkliflərini nəzərə almaq məcburiyyətində qalacaq. Odur ki, Moskva və Ankara Suriya problemini həll etdikdən sonra birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul ola bilərlər. Sadəcə, Moskva Ankara ilə Bakının bölgədə Rusiyanın maraqlarını nəzərə almasını istəyəcək. Yəni Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın və Türkiyənin Avrasiya İqtisadi Birliyinə üzv olmasını istəyəcək. Digər tərəfdən Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olmasını da tələb edəcək. İndiki şərtlər daxilində bu mümkün deyil. Çünki Azərbaycanın təminatı yoxdur ki, Kremlin istədiyi bu iki təşkilata üzv olduqdan sonda işğala son qoyulacaq".

Politoloq deyib ki, Türkiyə-Rusiya əməkdaşlığı Ermənistan hakimiyyətini və Dağlıq Qarabağdakı separatçıları narahat edir: "Onlar hesab edirlər ki, Ankara Moskvanın Ermənistan hakimiyyətinə təzyiqə inandıra bilər. Erməni separatçıları isə Kremlin təzyiqi altında işğal etdikləri torpaqları azad etmək istəmirlər. Ermənistanı hələ ki, bu təhlükə gözləmir. Çünki, Rusiyadakı siyasi və hərbi mərkəzlər də hələ ki, Azərbaycanın ərazi bütövlüyünün təminatında maraqlı deyillər. Onların fikrincə, Dağlıq Qarabağ problemini həll edən Azərbaycan Rusiyanın təsirindən çıxıb Qərb ölkələri ilə sıx əməkdaşlığa üstünlük verəcək. Ona görə də Rusiyadakı mərkəzlər Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsini istəmirlər. Belə olan halda Azərbaycan Türkiyə ilə müttəflq əlaqələrini daha üst səviyyəyə qaldırmalıdır.

Ankarada Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılmasını və Azərbaycanla ittifaq yaradılmasını geniş müzakirə etmirlər. Ancaq türkyəli rəsmilər və diplomatlar bunu da deyirlər: "Əgər rəsmi Bakı Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsini istəyirsə və Türkiyə ilə daha sıx əlaqələr qurmaq istəyirsə, biz bunun əleyhinə deyilik". Yəni Ankara Bakının təklif və təşəbbüslərinə açıqdır. Məsələn Türkiyənin Qətər dövlətində hərbi bazasının yaradılması təşəbbüsünü vaxtilə Doxa irəli sürmüşdü. Ankara bu təklifi müsbət qarşıladı və Türkiyə NATO dövləti olmasına baxmayaraq Qətərdə hərbi baza yaratdı". Elxan Şahinoğlu qeyd edib ki, Qətərdə həm ABŞ-ın, həm də Türkiyənin hərbi bazaları var: "Bu yolla Qətər öz təhlükəsizliyini təmin edib. Əgər bu hərbi bazalar olmasaydı, Səudiyyə Ərəbistanı Qətərə qarşı hərbi təzyiq mexanizmlərini hərəkətə gətirərdi. Qətərdə Türkiyə və ABŞ hərbi bazalarının varlığı bu ölkənin təhlükəsizliyinin təminatıdır. Azərbaycanın hərbi doktrinasında belə bir bənd var: "Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır". Göründüyü kimi, Azərbaycan parlamentinin qəbul etdiyi hərbi doktrina xarici hərbi bazanın varlığını istisna etmir, sadəcə "hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə" hərbi bazaya müvəqqəti icazə verilir. Hərbi-siyasi şərait Azərbaycanın əleyhinə torpaqlarımız işğal olunanda, Rusiya Ermənistanda hərbi bazalarına yeni hərbi texnika göndərəndə dəyişib. Ona görə elə bu bəndi əsas tutaraq da Türkiyənin Azərbaycanda hərbi baza yaratmasına şərait yaratmaq olar. Ancaq "müvəqqəti" sözünün dəyişdirilməsinə ehtiyac var. Hərbi doktrinadakı həmin bəndi korrektə etmək parlamentin əlindədir. Həmin bənd bu şəkildə dəyişdirilməlidir ki, Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsinə imkan versin. Qətərlə Türkiyə arasında hərbi bazanın yaradılmasıyla bağlı saziş 2014-cü ildə imazalanıb, 3 il sonra baza qurulub. Yəni Azərbaycan parlamenti hərbi doktrinada düzəliş etdikdən sonra danışıqlar prosesinə başlamaq olar. Bakı ilə Ankara arasında başlanacaq danışıqlar işğalçı Ermənistan və onun arxasındakı güclərə ciddi mesaj mahiyyəti daşıyacaq".

Politoloqun sözlərinə görə, Ermənistanın özü də ona görə ərazisində Rusiya hərbi bazalarını saxlayır ki, Azərbaycan və Türkiyə istiqamətindən təhlükəsizliyi təmin etsin: "Rusiya bazaları Ermənistanı Azərbaycandan və Türkiyədən qoruyur. Əgər Qətər və Ermənistan bu siyasətdən istifadə ediblərsə, mürəkkəb bölgədə yerləşən Azərbaycan da eyni siyasəti həyata keçirə bilər. Bölgədə Rusiya-Belarus ittifaq dövləti modeli də var. Əlbəttə, bu modelin qüsurları var. Məsələn Belarus prezidenti Rusiya bazarından daha rahat istifadə edilməsini istəyir və zaman-zaman Moskvanın siyasətini tənqid edir. Buna baxmayaraq, ittifaq çərçivəsində bir çox məsələlər koordinasiya edilir. Türkiyə-Azərbaycan hərbi və siyasi ittifaqının mövcudluğu Rusiyadakı siyasi və hərbi mərkəzlərin Azərbaycana təzyiqlərini azalda bilər. Digər tərəfdən Türkiyə-Azərbaycan ittifaqı Ankaranı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha fəal məşğul olmağa şərait yaradacaq. Əlbəttə, ittifaq zamanı müəyyən suallar da yarana bilər. Məsələn, Türkiyədən fərqli olaraq Azərbaycanın həm İsrail, həm də Səudiyyə Ərəbistanı ilə sıx münasibətləri var. Çünki bu münasibətlərin əsasında da Azərbaycanın təhlükəsizlik məsələləri dayanıb. Odur ki, ittifaq müəyyən koordiansiyanı diqtə edir. Ancaq ittifaqda Azərbaycanın fərqli xarici siyasəti Türkiyənin də xeyrinədir. Məsələn, Türkiyə Azərbaycandan faydalanmaqla münasibətləri gərgin olan dövlətlərlə dialoq imkanlarını açıq saxlaya bilər. Tərsi də mümkündür. Elə ölkələr də var ki, Azərbaycan Türkiyənin imkanlarından faydalana bilər.

Azərbaycan rəsmiləri də hər dəfə vurğulayırlar ki, "məsələ yalnız Ermənistanla bağlı olsaydı, Azərbaycan Dağlıq Qarabağ problemini çoxdan həll edərdi". Bu o deməkdir ki, Azərbaycan güc yolu ilə torpaqları azad edə bilərdi. Ancaq Ermənistana Rusiya açıq-aşkar dəstək verir. Bu baxımdan Azərbaycan da eyni strategiyadan çıxış etməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın təhlükəsizliyinin artırılması məqsədilə Türkiyə ilə siyasi və hərbi ittifaqın gücləndirilməsi müzakirələri başlamalaıdır. Türkiyə-Azərbaycan ittifaqı Mərkəzi Asiya ölkələrini Azərbaycanla və Türkiyə ilə daha sıx əməkdaşlığa sövq edəcək. Bu həm Azərbaycanın, həm də Türkiyənin də xeyrinədir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR