Ukraynalılar seçimlərini etdi – Şərh

Ölkə bu dəfə şokolad kralından şoumenə həvalə edildi 

Ukraynada gərgin atmosferdə keçən prezident seçkiləri başa çatdı. Seçkilərin ikinci turunda Vladimir Zelenskiyin qələbə qazanacağını proqnozlaşdıranların ehtimalları doğru çıxdı. Beləliklə, aprelin 21-də keçirilən prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski qələbə qazanaraq növbəti müddətə Ukrayna prezidenti seçildi. Ukraynada baş tutan prezident seçkilərinin nəticələri və əvvəlki hakimiyyətin məğlub olma səbəblərinə aydınlıq gətirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu bir neçə səbəblə əlaqələndirir. Politoloq ilk növbədə diqqəti ona yönəldir ki, Petro Poroşenko prezident seçiləndə Ukraynanı dağılmış vəziyyətdə qəbul etmişdi. Krım artıq ilhaq olunmuş, Donbasın yarısından çoxu işğal edilmişdi: "Bundan başqa ordu və təhlükəsizlik sistemi dağılmışdı. Çünki, keçmiş prezident Viktor Yanukoviçin dövründə Ukrayna ordusunun və təhlükəsizlik sisteminin idarəetməsi Rusiya kəşfiyyatının nəzarətində idi. Yanukoviç ölkəni tərk edən kimi həm ordu, həm də təhlükəsizlik sistemi dağıldı. Odur ki, Poroşenkonun prezident vəzifəsində ilk işi ordunu və təhlükəsizlik sistemini qurmaq oldu. Poroşenko buna ağır əziyyətlə nail oldu. Buna baxmayaraq, Petro Poroşenko iqtisadiyyatdakı və sosial sahədəki ağır problemləri həll edə bilmədi, milli pul vahidi dəyərdən düşdü. Ukraynanın borcları artdı, dağılmış sənayeni bərpa etmək mümkün olmadı. Petro Poroşenkonun dövründə Ukraynanı tərk edənlərin də sayı artdı. Bundan başqa yeni qurulan Ukrayna ordusu Donbasda ağır məğlubiyyətlərlə üzləşdi, ordu Debaltsevo məntəqəsində ağır itkilər verdi". Elxan Şahinoğlu deyib ki, Poroşenko insanların çox arzuladığı oliqarxik sistemə də son qoya bilmədi: "Bəlkə də bu onun imkanı xaricində idi. Çünki birincisi özü də oliqarxdır və əlindəki maliyyə imkanlarından imtina edə bilməzdi. İkincisi, Ukraynada oliqarxik sistem müstəqillik illərindən qurulub və bunu neytrallaşdırmaq ən güclü prezidentin belə imkanı xaricindədir. Oliqarxlar öz adamları vasitəsilə ölkədə mümkün olan hər şeyə nəzarət edirlər. Bütün bunlar Poroşenkonun reytinqinə mənfi təsir etdi".

Bəs Vladimir Zelenskiy necə və hansı səbəbdən qələbə çaldı, seçicilərin etimadını qazandı?

Politoloq deyir ki,  Zelenski artist və yumoristik proqramın aparıcısı kimi məşhurluq qazanıb. Onun sözlərinə görə, Zelenskinin yeganə üstünlüyü onda idi ki, nə qədər əcaib səslənsə də, siyasətçi deyil: "Ukraynalıların böyük əksəriyyəti mövcud idarəetmədən və siyasətçilərdən beziblər, çünki verilən vədlər yerinə yetirilməyib. Ona görə də vətəndaşlar yeni simaya üstünlük verməyə qərar verdilər. Birinci turdan sonra Poroşenko rəqibindən geri qalırdı, ancaq kiçik ehtimal var idi ki, prezident debatda fərqi aradan qaldıracaq. Alınmadı. Əksinə artist debatda Poroşenkonu zəif nöqtələrdən vurdu".

Elxan Şahinoğlu Ukraynada bundan sonra baş verəcək proseslər və Zelenskinin daxili və xarici siyasətdə atacağı mümkün addımlarla bağlı da fikirlərini qeyd edib: Birincisi, Vladimir Zelenski oliqarxik sistemi dəyişə bilməyəcək. Bu onun əlində deyil. Əksinə Zelenskiyə kənardan dəstək verən oliqarx İqor Kolomoyski sürgündən qayıdıb yenidən "iş başına" keçəcək. O biri oliqarxlar da fəallaşacaqlar. İkincisi, Vladimir Zelenskinin dağılmış iqtisadiyyatı düzəltmək üçün milyardlarla dollar investisiyalara ehtiyacı var. Çətin ki, Qərb dövlətləri və beynəlxalq maliyyə instituları həmin milyardları yeni prezidentə versinlər. Poroşenko qərbpərəst siyasətinə rəğmən, istədiyi investitiyaları ala bilmədi. Zelenski isə Qərb üçün qara qutudur. Digər tərəfdən Zelenskinin iqtisadi proqramı haqqında da məlumat yoxdur. Üçüncüsü, Vladimir Zelenskinin Krım və Donbass siyasəti bəlli deyil. Əlbəttə, Zelenskiy Krımın ilhaqını və Donbassın işğalını qəbul etmir. Ancaq Zelenskiy Poroşenkonun Rusiya ilə bağlı sərt siyasətini davam etdirməyə də bilər. Məsələn, Rusiya prezidenti Vladimir Putin Vladimir Zelenskiy ilə görüşmək istəyə bilər. Əgər Zelenski Putinin təklifinə müsbət yanaşsa iki hadisə baş verəcək. Ukrayna millətçiləri küçələrə axışacaq və ölkədə növbəti qarşıdurma yaranacaq. Bundan başqa Zelenskinin Rusiya ilə dialoqa başlaması Ukraynanın xarici siyasətində ciddi korrektəyə səbəb olacaq ki, Kremlə də elə bu lazımdır. Rusiyaya qarşı bütün sanksiyalar Ukrayna torpaqlarının parçalanmasına görə həyata keçirilir. Əgər Ukraynanın yeni prezidenti bunu həzm etməyə hazırlaşacaqsa, Qərbin Rusiyaya qarşı sanksiyalarının aktuallığı azalacaq. Bu bir sıra Avropa dövlətinin də arzusudur. O da aydındır ki, Vladimir Zelenski torpaqları güc yolu ilə geri qaytarmağa hazır deyil. Zelenski müharibə istəmir. Prezidentin bu zəifliyi orduda və təhlükəsizlik orqanlarında ona qarşı gizli etirazı artıracaq. Dördüncüsü, Vladimir Zelenski Avropa İttifaqına üzvlüyü qarşısına hədəf qoysa da, NATO ilə bağlı fərqli siyasət yürüdə bilər. Poroşenkonun NATO-ya üzvlük hədəfi birmənalı idi. Zelenski NATO-ya üzvlük hədəfindən yayına bilər ki, bu da Kremlin xeyrinə olacaq. Beşincisi, Vladimir Zelenskinin ən zəif tərəflərindən biri də onun parlamentdə fraksiyasının olmamasıdır. Ukraynada oktyabr ayında parlament seçkisi keçiriləcək. Zelenski oktyabra qədər hazırki yüksək reytinqini qoruya bilsə, rəhbəri olduğu "Xalqın xidmətçisi" hərəkatını parlamentdə yüksək təmsilçiyini təmin edəcək. Ancaq ona qədər Ukraynada proseslər tərs də gedə bilər. Ukrayna xalqının hər dəfə seçdiyi prezidentlərdən gözləntiləri böyük olduğu kimi onlardan üz döndərmələri də uzun çəkmir. Bunun Ukraynanın yaxın tarixdə örnəkləri az deyil. Zelenski siyasətçi olmayan üstünlüyü onun əleyhinə çevrilə bilər. Zelenskinin siyasətdə təcrübəsinin olmaması və komandasındakı fiqurların yanlış qərarları ona baha başa gələ bilər. Onu da unutmayaq ki, Ukraynadakı parlament seçkisinə Rusiya da ciddi hazırlaşır, Ukraynadakı tərəfdarlarının və siyasi qruplarının təmsilçilik hüququnu artırmağı qarşısına məqsəd qoyub. Biz Zelenskinin Cənubi Qafqaz və Azərbaycan siyasəti haqqında da düşünmək məcburiyyətindəyik. Ukrayna GUAM-ın üzvü kimi Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynada investisiyaları var. İki ölkə arasında yük daşımaçılığı artır. Ukraynanın keçmiş prezidentlərinin Azərbaycana müsbət münasibətləri olub və Azərbaycanın dəyərini anlayırdılar. Petro Poroşenko Azərbaycana rəsmi səfər etmişdi. İlham Əliyev onunla yaxın münasibətlər qurmuşdu. Yeni prezidentin də bu əlaqələri davam etdirməsi vacibdir. Bunu Zelenskiyə onun müşavirləri və təyin edəcəyi yeni xarici işlər naziri də anladacaq. Onlar Zelenskinin Azərbaycana ilk rəsmi səfərini də hazırlayacaqlar. Əsas odur ki, Zelenskinin artist dostları arasında ermənilərin çoxluq təşkil etməsinə baxmayaraq, yeni prezident ölkəsinin Cənubi Qafqazdakı maraqlarının Azərbaycanla strateji əməkdaşlıqdan keçdiyini qəbul etsin".

Müstəqil ekspert Kamran Sultanlı da deyir ki, seçkilərdə Zelinskinin qələbə qazanmaq ehtimalı yüksək idi: "Ukrayna xalqı şoumen Zelenskini prezident seçdi. Zelenski 72,3 faiz səslə qalib gələrək, Poroşenkonu aşkar fərqlə üstələdi. Zelenskinin qalib gələcəyi ehtimalı olduqca böyük idi. Ukrayna xalqı artıq ənənəvi siyasi elitalardan, siyasətçilərdən bezdiyi üçün, Zelenskini prezident seçdi. Poroşenko çox aşağı səs yığdı. İkinci mərhələdə Zelenski səslərini 42% artırdığı halda, Poroşenko cəmi 11% səs artırdı. Ukraynalılar olduqca siyasi cəhətdən aktivdirlər.Ukrayna xalqı, sol düşünüb sağa səs verir. Belə ki, sol düşüncəyə uyğun olaraq daha çox dövlətdən fəaliyyət gözləyirlər. Buna görə də, xalqın gözündə bir şəxsin qalxdığı kimi, enmə ehtimalı da olduqca yüksəkdir. Zelenski verdiyi vədləri yerinə yetirməlidir, lakin bu heç də asan deyil".

Ekspert onu da deyib ki,  Poroşenko ölkədə bir-sıra işlər gördü. Ukrayna dini cəhətdən müstəqil oldu: "Demokratiya istiqamətində ciddi nəticələr əldə edildi. Məhz bunun nəticəsidir ki, bu gün Ukrayna Qərb demokratiyalarında olduğu kimi prezidenti məğlub etdirdi və uduzan tərəf məğlubiyyəti qəbul edərək, rəqibini təbrik etdi. Bu Postsovet məkanında nadir hadisələrdən biridir. Buna görə Ukraynaya təbrik düşür. Zelenskinin iqtisadi, siyasi proqramının necə olacağı hələ bəlli deyil. Üstəlik 3 fiqur Ukrayna siyasi sferasına geri dönəcək. Saakaşvili, Koluiminski ölkə xaricindən Ukraynaya geri dönəcək. Zelenski çıxışlarından birində, qeyd etmişdi ki, Donbasın həlli üçün hər şey edəcək. Krımla bağlı isə ciddi vədlər verməyib. Zelenski bilir ki, Krımı artıq Rusiya öz ərazisi sayır. Krımı Rusiyadan almaq əsla mümkün deyil, buna görə Donbasa fokuslanmağa çalışır. Poroşenko Donbasda muxtariyyətin verilməsinə qarşı idi və ölkənin unitar qalmasına, kəskin şəkildə NATO və AB-a doğru istiqamətlənməsinə dəstək idi. Zelenski bildirmişdi ki, biz dost olmayan şərq qonşumuzla problemləri həll etməliyik. Sual yaranır Zelenski münaqişəni necə həll edəcək və ya danışıqları necə aparacaq?. Poroşenko Putinlə açıq olaraq danışmırdı, onlara Qərb dövlətləri vasitəçilik edirdi. Əgər Zelenski açıq Putinlə görüşsə, bu Ukraynada mühafizəkar cəbhəni Zelenskiyə qarşı qaldıra bilər. Lakin ölkənin kursunu dəyişə biləcəyinə inanmıram. Ukrayna daha rusyönümlü ola bilməz. Amma buna baxmayaraq Rusiya ilə kompromislər mümkündür. Rusiyaya lazım olan Ukraynada özünə yaxın şəxsi ya radada, ya da prezidentliyə gətirməklə siyasi prosesləri öz xeyrinə dəyişsin. İtaliya, Almaniya, Avstriya, Çexiya kimi rus lobbisinin güclü olduğu dövlətlər Ukraynanın Rusiya ilə barışmasını istəyirlər. Çünki bu sanksiyalar onlara da zərər yetirir və bu sanksiyalar, Ukraynanın özünə 20 milyard dollar ziyan vurur. Rusiya artıq neft ixracını Ukraynaya dayandırdı.Qaz ixracını da dayandırsa, Ukrayna biraz üşüyəcək".

Ekspert onu da qeyd edib ki, Zelenski yəhudi əsillidir, ermənilərlə yaxşı əlaqələrə malik şəxsdi: Lakin Azərbaycanla ümumi əlaqələri qoruyacaq. Buna baxmayaraq Poroşenkodan fərqli olaraq Zelenski Qarabağa açıq yox, ümumi dəstək verə bilər. Çünki Poroşsenko qatı antirus olduğundan Qarabağa açıq dəstək verirdi. Lakin Zelenski buna getmiyə bilər. Zelenski investisiya cəlb etməyə çalışmalı, korrupsiyanın qarşsını almalı, isşizliyi həll etməli və ordunun gücünü qorumalıdır. Poroşenko dövründə ordu sıfırdan yığılıb və 2016-17-ci ildə Ukrayna silah ixracına görə dünyada ilk onluğa girmişdi. Amma Poroşenko korrupsiya, işsizliyin qarşısını ala bilmədi, əhalinin yarısı Macarıstan, Polşa, Rusiyaya işləməyə getdi". Kamran Sultanlı bildirib ki, bundan dolayı  Ukrayna əhalisinin sayı 10 milyon azalıb: "Bu ciddi demoqrafik problemdir. Zelenskini bunları həll edəcəyi və necə edəcəyi ciddi sualı düşündürür. Zelenski yəhudidir və ola bilər ki, yəhudi əsilli iş adamlarından investisiya cəlb etmək marağında ola. Lakin bunun üçün Qərbin icazəsi lazım olacaq. Rusiyadan alsa, qınaq obyektinə tuş gələ bilər. Zelenski prezident seçilsə də, Ali Radanın dəstəyinə ehtiyacı var. Ali Radada onunla ittifaqa getməkdə ən real namizəd, Timoşenkodur. Timoşenkonun baş nazir olmaq ehtimalı da var. Timoşenkonun keçmişi kirlidir.Vaxtilə o Rusiya ilə Ukrayna maraqlarına uyğun olmayan qaz müqaviləsini imzalamışdı,həbsdə yatıb. Timoşenko Ukraynanı paritetdən (parlament-prezident) parlament idarə üsuluna keçirmək istəyir.Yəhudi əsilli iş adamı, İsraildə yaşayan Koluiminskini də böyük ehtimal geri qayıdacaq. Saakaşvilinin harda mövqe tutacağı bəlli deyil. Rusiya isə indidən oktyabrdaki daha önəmli seçkilər olan radaya hazırlaşacaq.Rusiya Boyko-Medvedçuk tandemini Radada daha çox mövqe qazanmasına çalışacaq. Dilidant Zelenskinin qocaman Putin qarşsında hansı gedişlər edəcəyini və Şərqi Avropanın qəlbi sayılan Ukraynanın gələcək taleyini zaman müəyyən edəcək".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR