Əli Hüseynli: “Azərbaycan təhlükəsizlik və sabitlik göstəricisinə görə regionun lider ölkəsidir”

Sankt-Peterburqda "Beynəlxalq terrorizmlə mübarizə" mövzusunda konfrans işə başlayıb. Sankt-Peterburqun Tavriya sarayında keçirilən tədbirlərdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edib. "Olaylar" xəbər verir ki, MDB-yə üzv dövlətlərin qanunvericilik orqanlarının, MDB Parlamentlərarası Assambleyasının, ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransda beynəlxalq terrorçuluqla mübarizə sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli konfransda çıxış edərək bildirib ki, həll olunmamış münaqişələr, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatizm beynəlxalq terrorizm üçün münbit zəmindir. O vurğulayıb ki, suveren dövlətlərin ərazilərində müxtəlif şüarlar altında yaradılan "boz ərazilər"də qanunazidd fəaliyyətlər aparılır, terrorçular hazırlanır, qanunsuz silah alveri həyata keçirilir. Azərbaycanın Dağlıq Qarabağ ərazisində terrorçu qruplar hazırlanır və onlardan Azərbaycana qarşı istifadə olunur.

Əli Hüseynli qeyd edib ki, xarici təhdidlərə baxmayaraq, Azərbaycanda təhlükəsizlik təmin edilir. Respublikamız təhlükəsizlik və sabitlik göstəricisinə görə regionun lider ölkəsidir. Komitə sədri vurğulayıb ki, Milli Məclis də terrorizmlə mübarizə sahəsinə öz töhfəsini verir. Azərbaycanda terrorizmə çağırış, dini radikallıq və ya fanatizmə, həmçinin ölkənin hüdudlarından kənarda hərbi silahlı birləşmələrdə iştiraka görə cinayət məsuliyyəti, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda isə terrorçuluq fəaliyyətinə görə vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulub. Əli Hüseynli regionda sabitliyin və təhlükəsizliyin qorunmasında Azərbaycan, Rusiya və Türkiyə əməkdaşlıq formatının əhəmiyyətini də diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR