Həmsədr ölkələrin fəallaşması nədən xəbər verir? TƏHLİL

ABŞ və Rusiyanın regionda öz maraqları var

Son vaxtlar beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələrin intensivləşməsi müşahidə olunmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş Naziri Nikol Paşinyanın Vyana görüşündən sonra xarici işlər nazirlərinin görüşü baş tutub. ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan  Rusiyanın vasitəçiliyil ilə baş tutan görüşdə hətta bir sıra razılaşmalar əldə olunub. Belə ki, görüşdə cari ilin 29 mart tarixində Vyanada baş tutmuş Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələri diqqətə alınmaqla, münaqişə üzrə danışıqlar prosesinin irəli aparılması perspektivləri nəzərdən keçirilib. Həmçinin münaqişə zonasında gərginliyin azaldılmasına dair tədbirlər, habelə humanitar sahədə mümkün birgə fəaliyyət üzrə fikir mübadiləsi aparılıb. Nazirlər, KİV nümayəndələrinin qarşılıqlı səfərləri də daxil olmaqla, insanlararası təmasların qurulması istiqamətində praktiki addımların atılmasına razılıqlarını ifadə ediblər. Görüş iştirakçıları yaxın gələcəkdə təmasların davam etdirilməsini razılaşdırıblar. Ardınca ABŞ Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov açıqlama verib. İndi belə bir sual yaranır, həmsədr ölkələrin aktivliyi nəyə işarədir: münaqişənin tezliklə həll olunacağına, yoxsa, həmsədr ölkələrinin Cənubu Qafqazda nüfuzunun artırılmasına?

Xatırladaq ki, Birləşmiş Ştatların Cənubi Qafqazda ciddi, eyni zamanda həyati əhəmiyyətli maraqları var: regionda sabitliyin qorunub saxlanması, dondurulmuş münaqişə zonalarında hərbi əməliyyatların başlanmasının qarşısının alınması, demokratik islahatların dəstəklənməsi və dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, həmçinin Azərbaycan, Ermənistan və Gürcüstanın dünya birliyinə inteqrasiyası. Moskva da öz növbəsində regionda özündən başqa geosiyasi gücün mövcud olmasını arzulamır. Odur ki, hazırkı vəziyyətdə o, müəyyən manevrlər etməyə məcburdur. Rusiyanın Qafqazla bağlı Türkiyə və İranla münasibətlərinin məzmununda bu səbəbdən yeni çalarlar özünü göstərir. Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan məsələləri Rusiya və ABŞ-ın xarisi siyasət  xəttində həmişə əhəmiyyət kəsb edib. Azərbaycan həm enerji daşıyıcılarına sahib ölkə kimi, həm də vacib nəqliyyat dəhlizi olaraq Qərb və Rusiyanın diqqət mərkəzində olub. Məhz bu səbədən sözügedən beynəlxalq güclərin Azərbaycana qarşı maraqları daim öndə olub. Belə halda həmsədr ölkələrin fəallaşması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hansı töhvəni verə bilər? Millət vəkili Fəzail Ağamalı bildirib ki, "Problemin həllində ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin aktivliyi artıb". "Belə görünür ki, artıq işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, D.Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin aktivliyi artıb. Problemin həlli üçün səylər intensivləşib. Bir neçə müddət öncə cənab prezident İlham Əliyevlə Ermənistanın baş naziri Paşinyan arasında keçirilən görüş, dərhal sonra Rusiyada Lavrovun iştirakı ilə xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlar, Vyana görüşündən əvvəl və sonra da ABŞ-ın rəsmi mövqeyi sübut edir ki, bu məsələnin həlli Minsk qrupu tərəfindən gündəliyə gətirilməkdədir. Ola bilsin ki, burada bir rəqabət də var. ABŞ-ın Rusiyadan sonra görüş üçün təklif verməsi sübut edir ki, Amerika da məsələnin həllində çox maraqlıdır. Həmçinin problemin həllini birbaşa Rusiyanın inhisarına vermək fikrində deyil. Digər baxımdan bu cür görüşlərin Azərbaycan üçün ziyanı yoxdur. Problemin aktivləşməsi, üzə çıxması Azərbaycanın illərdən bəri aparmış olduğu diplomatik mübarizənin xarici siyasətinin uğurudur. Nəticə etibarilə bu danışıqlara Ermənistan tərəfinin cavab verməməsi, işğal olunmuş torpaqların azad olunmasına addım atmaması müharibəni qaçılmaz edir. Müharibə isə Ermənistana ağır sarsıdıcı zərbə endirərək, məsələnin birdəfəlik həlli ilə nəticələnəcək. Ona görə də Azərbaycan tərəfi Amerikanın bu dəvətinə müsbət yanaşır. Bu görüşdə danışıqların hansı səviyyədə aparılması, hansı fikirlər ortaya atılaraq konkret addımlarla nəticələnməsini gözləmək lazımdır". Deputat bildirib ki, ABŞ görüşdə Ermənistandan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsini təklif edə bilər: "ABŞ-ın bu görüşdə təklifi bu ola bilər ki, Ermənistan işğal olunmuş torpaqlar azad edilməlidir. Ermənistan qonşularla normal münasibətlər qurmalıdır. Vaxtilə C.Bolton bu məsələni Ermənistanın diqqətinə çatdırmışdı. Amerika da bu ideya üzərində danışıqları aparmalıdır. Artıq bundan sonrakı məsuliyyət Ermənistanın üzərinə düşür. Bu da bizə çox böyük dividentlər verir. Amerika kimi fövqəl- bəşər dövlətin təklifləri nəzərə alınmırsa, o zaman Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarını işğaldan azad etməsinin təmini üçün növbəti addımını atır. Artıq bundan sonra əsas iş Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşür. Bu da Azərbaycan üçün geniş imkanlar açır. Müharibə həm şovinist Ermənistan, həm də onların arxasında duran güc mərkəzləri nəhayət Azərbaycanla hesablaşmalı olacaqları gerçəyini ortaya qoyur. Demək olar ki, bu reallığın gerçəkləşməsi üçün vaxt artıq yetişməkdədir".

Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri "3+2" formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir. Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz: "Biz Ermənistan Xarici İşlər Nazirliyini "3+2" formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik. Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR