Amerika mediası Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazdı

ABŞ-da çıxan "The Washington Times" qəzetində amerikalı siyasi şərhçi, Beynəlxalq Münasibətlər Şurasının üzvü Monika Kroulinin Azərbaycanın iqtisadi və siyasi nailiyyətlərindən bəhs edən məqaləsi dərc olunub.

ABŞ şərhçilərindən ibarət nümayəndə heyətinin tərkibində bu yaxınlarda Bakıda olmuş M.Krouli yazır ki, ölkədə vüsət alan tikinti bumu 20 əsrin hüdudlarındakı Texası xatırladır. Lakin bu bum ayfonların, "Starbucks" kafesinin və Bakı küşələrində "Uber"in olması ilə müşayiət edilir.

Azərbaycanda bütün söhbətlər enerji sektoru - neft, təbii qaz, boru kəmərləri, beynəlxalq neft müqavilələri ilə bağlıdır. Neft-qaz sahəsi Azərbaycanın ümumi daxili məhsulunun 41 faizini və onun ixracatının 90 faizini təşkil edir. M.Krouli yazır ki, sovet hakimiyyətinin onilliklər boyu sürən əsarətindən sonra Azərbaycanda əsasən neft və qazın hərəkətə gətirdiyi kapitalizm özünə möhkəm yer edib.

Müəllif vurğulayır ki, bu qədim torpaqda köhnə nə varsa, yeni görkəm alır. Marko Polonun İpək Yolu - Asiyadan İrana və Avropaya qədim ticarət yolları Azərbaycandan keçib. Bu gün Yeni İpək Yolu yaradılır. Krouli məqaləsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun onunla söhbətində səsləndirdiyi fikirlərə də yer ayırır. Qeyd edir ki, bu İpək Yolunda Şərqi Asiyanın iqtisadi mərkəzlərini böyüməkdə və təşəkkül tapmaqda olan Qərb bazarları ilə birləşdirən müasir nəqliyyat və kommunikasiya şəbəkələri üstünlük təşkil edir. O vaxt olduğu kimi, indi də Azərbaycan bu ticarət yolunun mərkəzi stansiyasıdır. Xəzər dənizinə çıxışının olması ölkəyə enerji resurslarının qlobal axını üçün mühüm tranzit və logistika mərkəzinə çevrilmək imkanı verib.

Sonra Krouli SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovla görüşündən, Səngəçal terminalına səfərindən söz açır. Yazır ki, Xəzər dənizinin nəhəng enerji resursları Aralıq dənizi hövzəsinə "səyahətinə" "British Petroleum" şirkəti ilə əməkdaşlıq şəraitində idarə olunan bu terminaldan başlayır. Azərbaycan enerji resurslarının Avropaya idxalının şaxələndirilməsinə xüsusi töhfə verir.

Müəllif Azərbaycanın iqtisadi nailiyyətlərinə münasibət bildirərək, ölkə iqtisadiyyatının şaxələndirilməsinin əhəmiyyətindən, ölkə rəhbərliyinin aqrar biznesi inkişaf etdirmək və xarici investisiyalar cəlb etmək səylərindən yazır. Vurğulayır ki, neft-qaz sahəsinin üstünlük təşkil etməsinə baxmayaraq, hökumət bərpa olunan enerji mənbələrinə, o cümlədən külək enerjisinə sərmayə yatırır.

Monika Krouli fikrini belə tamamlayır: "Azərbaycanın coğrafi mövqeyi onun təkcə iqtisadi sahədə iri aktor olmasına deyil, geostrateji aktor olmasına da geniş imkanlar açır. Azərbaycan İslam dünyasında ilk demokratik, dünyəvi və parlamentli respublika və dünyada qadınlara seçki hüququ vermiş ilk ölkələrdən biri olub. Dünyanın bu hissəsində sosial və siyasi sabitlik nadir haldır. Bəlkə də bu, Azərbaycanın neft və qazdan daha dəyərli məhsuludur".

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR