Təhsil nazirinin müavini Qırğızıstana səfər edib

Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasında səfərdədir. "OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, səfərdə məqsəd Bişkek şəhərində keçirilən Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin təhsil nazirlərinin V iclasında iştirak etməkdir.

İclasda Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) fəaliyyəti, o cümlədən, TÜRKÜNİB-in Orxun Mübadilə proqramı, Universitetlərin 2-ci İdman Yarışları, yeni universitetlərin birliyə qəbulu və Macarıstan hökuməti tərəfindən təqdim edilən təqaüd proqramları, eləcə də  Türk Şurasına üzv dövlətlərin məktəblilərinin 3-cü mübadilə proqramının həyata keçirilməsi və orta məktəblər arasında "Qardaşlaşmış məktəblər" layihəsinə dair məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc təşkilat olduğunu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyini vurğulayıb. Məhəbbət Vəliyeva deyib ki, bunun əsas səbəbi üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olmasıdır. TDƏŞ çərçivəsində həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran nazir müavini ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına və Beynəlxalq Türk Akademiyasına minnətdarlığını ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR