Paris-Bakı əlaqələrində yeni mərhələnin başlanğıcı- Siyasət

Bu həftə ərzində Azərbaycanın beynəlxalq münasibətlər sistemində yadda qalan hadisələrdən biri də Fransa ilə əlaqələrin inkişafında atılan addımlar oldu. Daha dəqiq desək Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu ölkəyə səfəri və orada keçirilən mühüm görüşlər. İstər birinci vitse-prezidentin Fransaya səfəri, istər keçirilən görüşlər və imzalanan sənədlərin birmənalı olaraq Parislə Bakı arasında əlaqələrin inkişafına təkan verəcəyi şübhəsizdir.

Elə millət vəkili Sahib Alıyev də bu qənəatdədir. O, bildirib ki, Azərbaycan hər zaman Fransa ilə əlaqələrə üstünlük veib, bu ölkə ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirib. Millət vəkilinin sözlərinə görə, hələ ümummilli lider Heydər Əliyevin zamanından xarici siyasətimizdə Fransa ilə əlaqələr mühüm yer tutub: "Heydər Əliyev Fransayla əlaqələrə həmişə böyük diqqət yetirmişdi və hətta Prezident kimi özünün ilk səfərini də Fransaya etmişdi. Elə cənab İlham Əliyev də birinci dəfə Prezident seçiləndə ilk rəsmi səfərə Parisə getdi. Bunun da bir neçə səbəbi vardı ki, bizim üçün ən önəmlisi bu böyük dövlətin regionumuza, o cümlədən də Dağlıq Qarabağ probleminə yanaşmada yeritdiyi siyasətdə orada çox güclü olan hay diasporunun təsirinin mümkün qədər azaldılması idi. Azaldıldı da.  Məhz Heydər Əliyevin yeritdiyi siyasət nəticəsində o zamankı dövlət başçıları Jak Şirakın təbirincə desək, Ermənistana dost gözüylə baxan Fransa Azərbaycanın da dostu olmağa çalışdı. Xatırladaq ki, Robert Köçəryanın Fransanın moderatorluğu altında 2006-cı ildə Rambuyedə keçirilən Dağlıq Qarabağ danışıqlarını yarımçıq tərk etməsində, elə həm də rəsmi Parisin neytral mövqe sərgiləməsi "kiçik bacı" faktorunu çox da nəzərə almaması az rol oynamamışdı.  Düzdür, bütün bu illər ərzində digər həmsədr ölkələr kimi Fransa da Dağlıq Qarabağ probleminin həllinə yanaşmada beynəlxalq normalara əməl edilməsi baxımından yetərincə prinsipiallıq və qətiyyət göstərmədi. Hətta ötən ilin payızında olduğu kimi bizi narahat edən hərəkətlərə də yol verildi. Ancaq Azərbaycanın bu regionda bütövlükdə Avropa Birliyinin (qurumun Güney Qafqaz ölkələriylə ticarət dövriyyəsinin 75 faizi ölkəmizin payına düşür)deyil, həm də Fransanın ən önəmli tərəfdaşı olduğunu (Azərbaycanla Fransa arasında ticarət dövriyyəsinin həcmi bu ölkəylə Ermənistanınkından təqribən 10 dəfə çoxdur), rəsmi Bakını qıcıqlandıran hərəkətlərin ölkələri üçün təkcə imic itkisiylə nəticələnməyəcəyini gözəl anlayan uzaqgörən siyasətçilər, böyük iş adamları hərəkətə keçdilər. Fransanın keçmiş Prezidenti Nikola Sarkozinin yanvarın 15-də Bakıya gəlməsi də, fikrimcə, bundan qaynaqlanırdı və bu səfərdə o, sadəcə özünü təmsil etmirdi. Tarixə etdiyim bu qısa ekskurs Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Fransaya bu həftəki səfəriylə bağlıdır. Açığını deyək ki, ancaq çox böyük dövlətlərin ikinci şəxsləri Fransada Mehriban xanım Əliyeva qarşılanan kimi qarşılana bilərdi. Fransanın Baş naziri Eduard Filipdən tutmuş bu ölkənin siyasi elitasının əksər, maliyyə və iqtisadi elitasının isə bir çox ən mühüm təmsilçisi onunla görüşərək danışıqlar apardılar. Heç bir çox dövlətlərin, o sıradan da bizim regiondakıların birinci şəxsləri Fransada bu cür diqqət görməmişdilər, nəinki bizim Birinci vitse-prezidentimiz gördü. 
Bu səfər fikrimcə,  Azərbaycanın gücünü göstərməklə yanaşı, hörmətli Mehriban xanım Əliyevanın da siyasətçi və dövlət xadimi olaraq hansı miqyasın daşıyıcısı olmasından xəbər verir. 
Yəqin yaxın zamanlarda Fransadan da Azərbaycana ən yüksək səviyyədə səfər gerçəkləşdiriləcək. Məncə, Parisdəki praqmatik düşüncəli insanlar da anlayırlar ki, Azərbacan-Fransa əlaqələri ilk növbədə ölkəmizin regionda oynadığı rol, hər iki tərəfin bundan əldə etdiyi mənfəətlə şərtlənməlidir"

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov  isə deyir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya bu həftə gerçəkləşən səfəri artıq başa çatsa da, ancaq səfərin miqyası və əhəmiyyəti haqda hələ çox danışmaq olar: "Bu səfər sıradan bir səfər deyildi və Mehriban xanımın bu səfəri Fransa-Azərbaycan əlaqələrinin inkişafında tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu. Mehriban Əliyeva sözügedən səfərin gedişində əsl peşəkar diplomatiya nümunəsi göstərdi. Bu səfər həm də Mehriban Əliyevanın siyasətçi və dövlət xadimi performansının özünütəsdiqi idi. Fransaya səfər xanım Əliyevanın bölgənin və dünyanın lider qadınlar panoramına tamamilə yeni bir spesifiklik, özünəməxsusluq cizgiləri gətirdi. Bəli, bu, bir Mehriban Əliyeva fərqi idi. Bu fərq özünü həm də onda göstərdi ki, son illərdə həm bölgənin, həm də dünyanın qadın siyasətçilərindən heç biri Fransa rəsmiləri və elitası tərəfindən bu qədər yüksək hörmətə və ilgiyə layiq görülməmişdi. Hətta Gürcüstan lideri Salome Zurabişvili də Fransaya səfərində bu qədər yüksək diqqət, ehtiram görməmişdi".

Partiya sədri qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu Paris səfəri ilk növbədə çoxsaylı görüşləri və işgüzar danışıqları ilə yadda qaldı: "Cəmi iki gün (martın 11-12-si) ərzində Fransanın Baş naziri Eduard Filip Matinyondan tutmuş bu ölkənin siyasi elitasının, maliyyə elitasının, biznes elitasının ən yüksək təmsilçilərinə qədər, bir çox önəmli şəxslərlə bu qədər mühüm danışıqlar aparmaq elə də asan məsələ deyil. Bu, həm fiziki iradə, həm də psixoloji və mənəvi güc, təmkin və çeviklik tələb edir. Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunmuş xanım Əliyeva üçün Birinci vitse-prezident kimi məhz Fransaya səfər etmək və bu cür geniş formatda görüşlər keçirmək prioritet təşkil edirdi. Çünki Fransa hal-hazırda Avropa Birliyinin ən aparıcı ölkəsi və həlledici söz sahibi, aktoru sayılır. Üstəlik də, bu ölkə ATƏT-in Minsk qrupunun həmsədridir. Yəni ki, Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa təsir imkanları olan 3 ölkədən biridir. Erməni lobbisinin hər üç ölkədə apardığı anti-Azərbaycan təbliğatının miqyasını və fəsadlarını nəzərə alsaq, M.Əliyevanın Fransaya səfərinin Qarabağ danışıqlarında mövqeyimizin möhkəmlənməsi baxımından da əhəmiyyətini qeyd etməmək mümkünsüzdür. Bu mənada, Mehriban Əliyevanın səfəri erməni lobbisinin Fransada apardığı işi heçə endirdi".

Süleyman

.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR