İlham Əliyevdən Ermənistana Qarabağ mesajı

 "Danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır"

Martın 14-də Azərbaycanın paytaxtında "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib. Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb. Dünyada sabitliyin olmadığı bir vaxtda planetimizi narahat edən mühüm məsələləri müzakirə etmək imkanı baxımından Bakı Forumunun çox vacib tədbir olduğunu deyən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib. Dövlətimizin başçısı Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb. Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb. Azərbaycanın xarici siyasətindən danışan dövlətimizin başçısı bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir. "Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq", - deyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırladıb. Dövlətimizin başçısı bildirib ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır. "Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər", - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirib. Vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan "Bakı Prosesi"nin əhəmiyyətinə yönəldib, "Bakı Prosesi"nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğulayıb. Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəldib, bu ideyanın dünyada təbliğ edildiyini vurğulayıb: "Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar". Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam edib: "Biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik".

Dövlət başçısı bildirib ki, Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz töhfəsini verir. İlham Əliyev qeyd edib ki, Azərbaycan neft kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi:"Bu, tarixdə ilk dəfə bizim sayəmizdə mümkün oldu. Bu gün biz Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Albaniya, Yunanıstan və İtaliyanı birləşdirən nəhəng qaz kəməri layihəsini həyata keçiririk. Söhbət yekunlaşmaq üzrə olan TAP kəmərindən gedir. Biz Cənub Qaz Dəhlizini ötən il istismara verdik və həmin ilin iyun ayında onun komponenti olan TANAP kəməri də istifadəyə verildi. Azərbaycan qazı həmin kəmər vasitəsilə artıq nəql olunur və ümid edirəm ki, gələn il biz bu layihəni tam şəkildə başa çatdıracağıq. Bu, regionda ən nəhəng infrastruktur layihəsidir, ona qoyulan bütün sərmayələrin həcmi təqribən 40 milyon ABŞ dollarına bərabərdir. Burada biz güclü beynəlxalq maliyyə təsisatlarının dəstəyini görürük, burada korporativ maliyyə vəsaitləri istifadə olunur. Yəni, bu, ölkələr və şirkətlər arasında olan sıx əməkdaşlığın nümunəsidir və təbii ki, bizim planlarımız daha irəli gedən planlardır. Biz artıq Balkan ölkələri, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumları imzalamışıq və ümid edirəm ki, növbəti mərhələdə sıx əməkdaşlığa başlayacağıq. Bu layihəyə cəlb olunmaq istəyən ölkələrin coğrafiyası da gündən-günə artır. Bu, bir daha onu göstərir ki, bizim nəqliyyat təşəbbüslərimiz geniş beynəlxalq əməkdaşlıqla nəticələnir. Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Burada Asiya, Avropa ölkələri və təbii ki, Avropa İttifaqına üzv olan dövlətlər iştirak edir. Bu, çox böyük bir nailiyyətdir, böyük sərvətimizdir və biz yalnız bu prosesin ilkin mərhələsindəyik. Bu proses başa çatdıqdan sonra böyük iqtisadi mənfəət olacaq, on minlərlə yeni iş yeri yaranacaq və təbii ki, bu, ölkələri biri-birinə daha da sıx bağlayacaq".

Sonra Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış ediblər. İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sercio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqer baş katib Antonio Quterreşin müraciətlərini oxuyublar. Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış edib. Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirilib. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə və Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennediyə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olunub. Sonra Form öz işini panellərdə davam etdirib. Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR