Rusiya XİN antiAzərbaycan mövqeyindən əl çəkmir- SİYASƏT

Bu, Azərbaycan-Rusiya münasibətlərinin ruhuna zidd davranışdır

Rusiya Xarici İşlər Nazirliyi növbəti dəfə anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir. Rusiya XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir ki, "Azərbaycanın sərhəd xidməti birbaşa və ya dolayı olaraq erməni millətinə aidiyyat əlamətləri olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq, ölkə ərazisinə buraxmaqdan imtina etməkdə davam edir. Səbəb kimi bu cür şəxslərin təhlükəsizliklərinin təminatının mümkünsüzlüyü göstərilir. Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının ernik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır". Məlumatda deyilir ki, bu xüsusatlar nəzərə alınaraq XİN Rusiya vətəndaşlarına Azərbaycana səfərləri planlaşdırarkən "mümkün riskləri hərtərəfli ölçüb-biçməyi" təkidlə tövsiyə edir. Qeyd edək ki, Rusiya XİN, ələlxüsus da qurumun mətbuat katibi Mariya Zaxarova ənənəvi olaraq ermənipərəst mövqedən çıxış edir. Rusiya XİN-in rəsmi nümayəndəsi həmçinin mütəmadi olaraq Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasını qulaqardına vuraraq, ermənilərə girişə qadağa qoyulduğu üçün Azərbaycan tərəfinin ünvanına tənqidi fikirlər səsləndirir. Millət vəkili Fazil Mustafa qeyd edib ki, Rusiya XİN-in açıqlaması siyasi məqsəd güdür: "Rusiya xarici işlər nazirliyi erməni mənşəli vətəndaşlarına tövsiyə edib ki, Azərbaycana getməyin, başınıza işlər gələ bilər. Təbii ki, bunu siyasi mülahizələrlə ediblər və bəlkə də Azərbaycanla zaxarovasayağı zarafatlaşıblar. Çünki bu ermənilərin hansı üzlə Azərbaycana gələcəyi hələ xeyli suallar doğurur. Bunun cavabında Azərbaycan xarici işlər nazirliyi bəyanat verə bilməz ki, Rusiyaya getməyin, orada da sizin başınıza iş gələr. Çünki bu cür bəyanat qətiyyən ciddi qarşılanmaz. O zaman burada insanlarımızın sosial vəziyyəti daha da acınacaqlı olar. Bölgələrdə on minlərlə insan Rusiyadan yaxınlarının göndərdiyi vəsaitlə ayaqda güclə dura bilir. Yəni bu sözləri deyə bilmək üçün Azərbaycan vətəndaşına məhz Azərbaycanda işləyib qazanmaq imkanı yaratmalıyıq ki, mühacirətə axın etməsinlər, qabiliyyət və enerjilərini öz ölkələrində gerçəkləşdirə bilsinlər. Əlbəttə, daha yüksək rifah arzulayanların mühacirəti qaçılmazdır, bir çox hallarda hətta faydalıdır. Lakin günlük çörək üçün Rusiyanın, Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Avropanın qapılarında ayaq döymək kimsə üçün arzulanan durum sayıla bilməz. Uzaqbaşı biz də belə bir bəyanat verə bilərik ki, Azərbaycan vətəndaşları da çalışıb övladlarını rus bölmələrinə kütləvi şəkildə göndərməsinlər, ana dillində təhsil almağa daha çox diqqət yetirsinlər. Rus dilini də İngilis dilini də mütləq öyrənməliyik. Bunun məktəbdənkənar variantlarına üstünlük verməliyik. Unutmayaq ki, ana dilində təfəkkürün formalaşması olduqca önəmlidir. Biz uşağı tərcüməçi kimi deyil, düşünən insan kimi yetişdirməliyik. Ana dilində uşaqların təfəkkürü daha asan formalaşa bilir. Yəni Rusiyaya söz deməyə gücümüz yetərli deyil, heç olmazsa, öz-özümüzə gərəkli olan sözü anladığımız dildə deməyə cəsarət edək". Millət vəkili  Eldar İbrahimov deyib ki, Rusiya Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməməsi, səbəb kimi isə Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsini göstərməsi böyük təəssüf hissi doğurur. Bu, Azərbaycan-Rusiya münasibətlərinin, ildən-ilə genişlənən və sürətli inkişaf xətti ilə addımlayan strateji əməkdaşlığının ruhuna zidd olan bir davranışdır. O, qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin mövcud durumu fonunda belə bir təəccüb və təəssüf doğuracaq bəyanatın verilməsinin heç yeri yoxdur: "Ötən əsrin 90-cı illərinin əvvəllərindən, Yeltsin hakimiyyəti dönəmindən fərqli olaraq, son 15-20 ildə Azərbaycan-Rusiya münasibətləri, bəzi istisnaları nəzərə almasaq, hər zaman yüksələn xətt üzrə inkişaf və davam edib. Münasibətlərin belə bir səviyyəyə gəlib çatmasında, heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin və son 16 ildə onun siyasətinin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyevin, o cümlədən, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin böyük xidmətləri var. İndi bunların fonunda Rusiya xarici siyasət idarəsinin belə bir bəyanat verməsi bu münasibətlərin ruhuna zidd olan bir addımdır. Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir, bu təcavüzkar ölkə tərəfindən torpaqlarımız hələ də işğal altında saxlanılır, sülh danışıqlarının müsbət sonluqla nəticələnməməsi üçün onlar tərəfindən hər cür təxribatçılıq əməllərinə əl atılır. Elə bunlardan biri baş nazir Nikol Paşinyanın format oyunudur. O, bu məsələni, danışıqlar prosesinin formatının dəyişdirilməsini təklif etməklə, əslində, münaqişənin həllində heç cür maraqlı olmadıqlarını, əksinə, status-kvonun bundan sonra da illər uzunu davam etməsinə cəhd etdiklərini açıq şəkildə bir daha ortaya qoymuş olur. Münasibətlərin belə bir durumunda erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinə icazə verilməsini gözləmək, doğrudan da, sadəlövhlük olardı. Yəni bu gün Azərbaycan cəmiyyətində işğal faktı ilə bağlı ermənilərə - hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq -  eləcə də, Ermənistana hansı münasibət olduğunu təsəvvür etmək çox da çətin deyil. Xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən həmsədr dövlətlərdən biri kimi Rusiyanın, onun bəzi dairələrinin bunu anlamaması qeyri-mümkün və inandırıcı deyil. Onlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti bu məsələyə necə həssaslıqla yanaşır. Eyni zamanda, məgər Ermənistan Azərbaycan əsilli Rusiya vətəndaşlarına öz qapılarını taybatay açıbmı ki, biz da açaq? Bunun nümunəsini bizə göstərə bilərlərmi?" Millət vəkili əlavə edib ki, Azərbaycan müstəqil, suveren, diktə ilə idarə olunmayan bir dövlətdir və verdiyi qərarlarda tam haqlıdır, kimsə bundan ölkəmizə qarşı hansısa maraqları naminə yararlana bilməzlər. Həmsədr dövlət kimi, Rusiyanın üzərinə düşən odur ki, Ermənistanı konstruktiv danışıqlara və ədalətli sülhə məcbur etsin. Digər həmsədr dövlətlər kimi, bunu etmək onların vəzifəsi və borcudur: "Yaxşı olardı ki, Rusiyanın bəzi dairələri buna daha çox diqqət və vaxt ayıraydılar. Ona görə inanmaq istəyirəm ki, Rusiya XİN iki ölkə arasında münasibətlərin ruhuna zidd olan məlum bəyanatını geri çəkəcək və daha çox Ermənistanı, erməniləri ədalətli sülhə məcbur edəcəklər. Biz bunu onlardan daha çox gözləyirik. Eyni zamanda, kimlərinsə bu bəyanatdan yararlanıb, Azərbaycanla Rusiya arasında münasibətlərə xələl gətirmək cəhdləri alınmayacaq. Bunlar artıq keçmiş mərhələdir. Azərbaycan-Rusiya münasibətlərini kimsə poza bilməyəcək".

Zəka  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR