Rusiyada hansı dairələr antiAzərbaycan mövqeyi tutub? Siyasi analiz

Erməni lobbisinin maliyyəsi burada öz sözünü deyir

Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışan qüvvələr yenə iş başındadırlar. Hər addımda Moskva ilə Bakı arasında ziddiyyət yaratmağa çalışan qüvvələr içərisində Rusiyanın bəzi siyasi elitası və hətta rəsmi qurumlarında təmsil olunan səlahiyyət sahiblərinin olması da Azərbaycan tərəfində ciddi təəssüf hissi doğurur. Ümumiyyətlə, zaman-zaman bu kimi cəhdlər olub və günümüzdə də həmin cəhdlər özünü bu və ya digər formada göstərməkdədir. Onu da qeyd etmək yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq cəhdləri birbaşa erməni diasporunun, lobbisinin ssenarisidir.  Və erməni lobbisinin maliyyəsi Rusiyanın bəzi siyasi və rəsmi dairələrini asanlıqla tora sala və onları Azərbaycana qarşı çevirə bilir. Düzdür, hər dəfə Moskva ilə Bakı arasında münasibətlərə zərbə vurmaq cəhdinin qarşısı iki ölkənin liderlərinin siyasi iradəsi və dostluq münasibətləri nəticəsində önlənsə də, lakin təxribat maşını hələ də öz işini davam etdirir.  Onu da qeyd etmək yerinə düşər ki. Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə yaranan soyuqluqdan sonra bu mənfi tendensiya daha da artıb. Erməni lobbisi, eləcə də İrəvan ehtiyat edir ki Rusiya ilə münasibətlərin soyuqlaşması Kremlin regionda daha çox Azərbaycana stavka etməsinə gətirib çıxarar. Elə bu günlərdə Rusiya Federasiyasında müşahidə edilən antiAzərbaycan meyilləri də bir daha onu deməyə əsas verir ki, şimal qonşumuzdakı müəyyən təxribatçı dairələr ciddi cəhdlə Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışırlar. Millət vəkili Sahib Alıyev də bu qənaətdədir. O, bildirib ki,  Moskvada çoxlu sayda azərbaycanlıların da çalışdığı bazarlarda yoxlamanın aparıldığı bir vaxtda Rusiyanın Xarici İşlər Nazirliyinin bu ölkənin vətəndaşlarına Azərbaycana səfər etməmişdən mümkün risqəri göz önünə almaq haqda xəbərdarlığı reallıqdan uzaq olmaqla yanaşı, girəvəçilik və təxribatdır. Onun sözlərinə görə, həm də ilk növbədə Rusiyanın özünə qarşı yönəlmiş təxribatdır: "Niyə? Baxın, Moskva bazarlarında aparılan yoxlamada hədəf qətiyyən azərbaycanlılar deyil, həmən obyektlərin yiyələridir. Onlar da ona görə hədəfə alınıblar ki, bəzi bilglərə görə qanunsuz pul dövriyyəsi və kriptovalyuta əməliyyatlarında suçlandırılırlar. Ola bilər başqa səbəblər də var. Amma bu səbəblərin arasında həmin bazarlarda tərəvəz və meyvə satmaqla dolanan azərbaycanlıları sıxışdırmaq yoxdur. Rusiyanın Xarici İşlər Nazirliyində də bunu bilməmiş deyillər. Amma durub-durub bu yoxlamalar aparılan vaxt rusiyalılara Azərbaycana getməməklə bağlı xəbərdarlıq edirlər. Səbəb kimi isə bu göstərilir ki, Rusiya vətəndaşlığı olan haylar Azərbaycana buraxılmır. Birincisi, bu faktın özü həqiqəti tam əks etdirmir, ikincisi də bunun digər rusiyalılara nə dəxli var. Və əsas da bununla bağlı xəbərdarlıq niyə məhz azərbaycanlıların çalışdığı bir çox obyektlərdə yoxlamaların getdiyi vaxt edilir? Məqsəd nədir? Bütün bunların bir mərkəzdən yönləndirildiyini, həmin mərkəzin də Kreml olduğunu göstərməkmi?
Azərbaycanın və Rusiyanın dövlət başçıları arasında qarşılıqlı güvənə dayanan yetərincə isti əlaqələrinin, hətta deyərdim ki, dostluq əlaqələrinin olduğu heç kəsə sirr deyil. Və orası da sirr deyil ki, bu ölkələrarası, xalqlararsı, Rusiyanın Xarici İşlər Naziriyini çıxsaq, strukturlararası əməkdaşlığa da öz müsbət təsirini göstərir. Görün əlaqələr necə müsbət məcrada gedir ki, atıq Rusiya Dumasının üzvləri gəlib bizmlə birgə Xocalı soyqırımı qurbanlarını yad edirlər". 
Millət vəkili bildirib ki, Rusiyadakı haylara bağlı çevələr isə Lazaryev klubunun Moskvada toplantısını keçirir, ora Xankəndindəki qanunsuz rejimin təmsilçilərini gətirirlər: "Və ardınca da rusiyalılara xəbərdalıq edilir ki, Azərbaycana gəlməsinlər. Ələbəttə, rusiyalıların çoxu Azərbaycandakı real vəziyyəti, eləcə də onlara yanaşmanı az-çox bildiklərindən Rusiya Xarici İşlər Nazirliyinin haqqında söz açdığımız xəbərdarlığına diqqət yetirəcəklərinə və bunun o ölkədən bura turist axınına mənfi təsir göstərcəyinə inanmıram. Amma ümid edirəm ki, Kremldə buna diqqət yetirəcəklər. Diqqət yetirəcəklər və Rusyia Xarici İşlər Nazirliyindəki bəlli şəxsləri çağırıb soruşacaqlar ki, Azərbaycanla əlaqələrin korlanmasına yönələn bu cür addımlar haqda göstərişi kimdən alırlar".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR