Las Veqas Beynəlxalq Münasibətlər Şurasında Azərbaycana dair geniş təqdimat

ABŞ-ın Nevada Ştatında fəaliyyət göstərən nüfuzlu Las Veqas Beynəlxalq Münasibətlər Şurasının dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Şura üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib.

Olaylar.az bildirir ki, Nevadanın tanınmış ictimai-siyasi xadimlərinin, eləcə də Las Veqasda akkreditə olunmuş müxtəlif ölkələrin baş və fəxri konsullarının qatıldığı tədbirdə N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkəmizin regionda, müsəlman dünyasında və hazırkı beynəlxalq münasibətlər sistemində oynadığı önəmli rolundan bəhs edib. O, Azərbaycanın hələ 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğunu, qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də məhz ölkəmizə məxsus olduğunu qeyd edib. Baş konsul 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın öz iqtisadiyyatını sürətlə inkişaf etdirərək hazırda regionun bir nömrəli iqtisadi gücünə çevrildiyini bildirib.

Baş konsul bütün bu uğurların əldə edilməsində, təlatümlərlə əhatə olunan bir bölgədə Azərbaycanın sabitlik və tərəqqi adası kimi inkişaf etməsində çağdaş Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən liderliyinin həlledici rol oynadığını vurğulayıb. Təqdimatdan sonra baş konsul N.Ağayev iştirakçıların suallarını cavablandırıb. İştirakçılardan biri, Reuters xəbər agentliyinin sabiq müxbiri ötən il Azərbaycana səfər etdiyini və Gürcüstan-Azərbaycan sərhədini keçərkən onun sənədlərini yoxlayan Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşının yüksək bilik səviyyəsindən və ingilis dilində sərbəst danışıq bacarığından çox təsirləndiyini bildirib. Digər iştirakçı isə Azəraycanda keçirilən Formula 1 yarışlarını daim izlədiyini və Bakının füsunkar gözəlliyini əks etdirən bu yarışların dünyada bənzərinin olmadığını diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR