Səfir Litzenberqer ABŞ-Azərbaycan Ticarət Palatasında

ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqton şəhərində fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olmuşdur. Tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, eləcə də ABŞ Administrasiyası, o cümlədən Dövlət Departamentinin və digər dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak etmişlər.

Olaylar.az bildirir ki, tədbiri açılış nitqi ilə başlayan Palatanın icraçı direktoru Natiq Baxışov səfir Erl Litzenberqeri salamlamış və onu yeni təyinatı ilə bağlı təbrik etmişdir. Daha sonra, səfir Litzenberqeri təbrik etmək üçün sözü Ticarət Palatasının Direktorlar Şurasının üzvü, BP Amerika şirkətinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Robert Şer almışdır. BP şirkətinin nümayəndəsi Azərbaycanla uzunmüddətli tərəfdaş olduğuna, Azərbaycanın ölkə rəhbərliyinin siyasəti nəticəsində uğurla inkişaf etdiyini və ABŞ-ın bundan sonra da Azərbaycanın inkişafına dəstək verməsinin əhəmiyyətini vurğulamışdır. 

Tədibirdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta söz alaraq, Azərbaycanda keçirdiyi diplomatik fəaliyyət barədə danışmış, Azərbaycanın ABŞ üçün regionumuzda əsas strateji tərəfdaş olduğundan bəhs etmişdir. O, Azərbaycanda səfir olduğu müddətdə ABŞ-la Azərbaycan arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyindən fəxr etdiyini bildirmişdir.

Daha sonra, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov söz almış, bu təyinatın olduqca məsuliyyətli vəzifə olduğunu bildirmişdir. E.Süleymanov səfir Litzenberqerin fəaliyyətinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə, hal-hazırda Azərbaycanla ABŞ arasında münasibətlərdə mövcud olan pozitiv dinamikanın səfir Litzenberqer tərəfindən daha da inkişaf etdiriləcəyinə ümidini ifadə etmişdir. 

Sonda səfir Erl Litzenberqer danışmış və ona ünvanlanmış təbriklərə görə minnətdarlığını ifadə etmişdir. O, Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğu bildirərək, bundan sonrakı fəaliyyətində də iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını bildirmişdir. Azərbaycanla ABŞ arasında tərəfdaşlığa böyük töhfə verən ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi minnətdarlıq bildirirək, səfir Litzenberqer gələcəkdə də palataya üzv olan şirkətlərlə əməkdaşlıq edəcəyinə ümid ifadə etmişdir. O, bir səfir kimi məhz iqtisadi və biznes əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri olduğunu vurğulamışdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR