Siyavuş Novruzov: "Ehtiyatımızı əldən verməməliyik, bilirik ki, qonşumuz kimdir” MÜSAHİBƏ

Milli Məclisin Dini qurumlar və ictimai birliklər Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovla müsahibəni təqdim edirik:

- Son iki ildə Azərbaycanla Avropa İttifaqı arasında assosativ saziş üzrə danışıqlar yeni fazaya keçib. Hər dəfə müzakirələrin aktiv dönəmində hansısa qüvvələr hərəkətə keçir, Azərbaycan əleyhinə kampaniyalara başlayırlar. Kimlərdir bu qüvvələr? Məqsəd bu sazişə mane olmaqdır?
- Azərbaycan Avropa İttifaqı ilə uzun müddətdir ki, əməkdaşlıq edir və bir neçə dəfə sazişlərimiz olub. Sonuncu dəfə vizaların sadələşdirilməsi ilə əlaqədar saziş imzalanıb. Hazırda assosiativ saziş üzərində iş gedir. Bütövlükdə Avropa İttifaqının həyata keçirdiyi layihələrin böyük əksəriyyətində Azərbaycan iştirak edir. Ən böyük layihələrdən biri Bakı-Tiflis-Ceyhan layihəsidir ki, hətta iqtisadi sferada Avropa İttifaqına daxil olan ölkələrin özü Azərbaycan qədər əməkdaşlıq etmir. Azərbaycanla Aİ arasında 20 milyard avrodan artıq maliyyəni əhatə edən iqtisadi əməkdaşlıq var.
Azərbaycan müstəqil siyasət yürüdür və bunun da əsasında heç bir bloklara qoşulmur, eləcə də hansısa dövlətin və ya təşkilatın diktəsi ilə oturub-durmur. Azərbaycan kimi müstəqil siyasət yeritmək dünyada az-az ölkələrə nəsib olur. Biri özünə böyük qardaş seçir, biri hansısa təşkilata daxil olmaqla öz problemlərini həll etməyə çalışır və s. Azərbaycan isə bu məsələləri xalqın iradəsi və ölkə başçısının cəsarəti ilə özü mərhələ-mərhələ həll edir. NATO-ya daxil olmaq üçün ordunun büdcəsi yetərincə olmalı, hazırlığı, silahların təchizatı standartlara cavab verməlidir. Eləcə də iqtisadiyyatı güclü olan, sosial problemlərini həll edən, işsizliyi aradan qaldıran, kənd təsərrüfatının inkişafı standartlara uyğun olan dövlətlər Aİ-yə daxil olur.
Türkiyə 1950-ci ildən Aİ ilə əməkdaşlıq etsə də, hələ bu günə qədər onu bu quruma qəbul etmirlər. Müəyyən qüvvələr var ki, Aİ ilə əməkdaşlıq və üzvlük məsələsinə maneə yaradırlar. Bir tərəfdən Türkiyəni Aİ-yə buraxmırlar, Azərbaycanın isə əməkdaşlığına xələl gətirmək istəyirlər. Bunu da Avropa Parlamentindəki deputatlar vasitəsilə həyata keçirirlər. Yersiz, mənasız və məzmunsuz qərarlarla Aİ ilə Azərbaycan arasında soyuqluq yaratmağa çalışırlar. Avropa Parlamentinin tarixində fərdlərlə bağlı az-az qərarlar qəbul olunub. Vaxtilə Andrey Saxarov haqda qərar verilmişdi, Saxarov hara, Azərbaycanda şayiə şəklində, heç bir araşdırma aparılmadan bir nəfərin digəri ilə davası, heç bir hüquqi statusu olmayan hadisə barədə qərar hara?.. Qərəz göz qabağındadır.
Ermənistanda partiya sədrinin müavini Mqer Yeqizaryan aclıq və işgəncədən həbsxanada dünyasını dəyişdi. Bu günə qədər bu hadisə nə müzakirəyə çıxarılıb, nə də barəsində qərar qəbul edilib. Nəinki Avropa Parlamenti, Avropa Şurası, ATƏT-in Parlament Assambleyası, eləcə də Freedom House və Human Rights Watch da susub. Elə bil belə bir adam dünyaya gəlməyib, olmayıb, fəaliyyət göstərməyib. Azərbaycanda adi bir halla, vətəndaşın hərəkəti ilə bağlı Avropa Parlamenti qərar çıxardı. Məsələ aydındır, Avropa-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Hesab edirəm ki, bu da yersizdir. Avropa strukturlarında çalışanlar özləri də başa düşür ki, ikili-beşli standartlarla heç nəyə nail olmaq olmaz.

- Mehman Hüseynov olayına müxtəlif reaksiyalar verildi. Onun çəkdiyi videolar və həbsi fonunda yaranan ajiotaja münasibətiniz necədir?
- Hər bir insanın azad fəaliyyət göstərmək hüququ var. Qeydiyyatdan keçib hüquqi status alan hər kəs fəaliyyətə başlaya bilər. Azərbaycanda yerindən duran deyir mən bloggerəm, araşdırmaçı jurnalistəm. Yaxud hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib rüşvət aldığına, yarıtmaz fəaliyyətinə, qanunu pozduğuna görə işdən azad olunan dərhal hüquq müdafiəçisi olur. Halbuki indiyə qədər insanların hüquqlarını, qanunu pozub, rüşvət alıb. İşdən çıxan deyir hüquq müdafiəçisi oldum, təşkilat yaradıb deyir ki, mühit məni sıxırdı. Sıxırdısa, ərizə verib deyərdin ki, bu işlə razı deyiləm, çalışdığım idarədə insan azadlıqları pozulur, düzgün rəftar edilmir, istefa verib başqa sahədə fəaliyyət göstərəcəyəm. Mənə bir nümunə göstərsinlər. Yoxdur. Məsələyə yanaşma tərzi var.
İnsan bir işi fundamental şəkildə görmək istəyirsə, bunun mexanizmi, nizamnaməsi və planı olmalı, buna uyğun hərəkət etməlidir. Aidiyyatı orqanlardan qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərməyə başlamalıdır. Əlinə fotoaparat götürüb bilib-bilmədən digər vətəndaşın mülkiyyət hüququnu pozurlar.
Bir sahibkardır, özünə ev və ya ofis tikib, onu çəkib verirlər, bilmirlər onun maliyyəsi haradandır, necə tikilib. Qədim Romadan indiyə qədər ən müqəddəs şey mülkiyyət hüququdur ki, bu, qorunmalıdır. Beynəlxalq hüquqda, mülki və siyasi hüquqlar haqda paktda qeyd edilir ki, hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşdırılır. Sən digərinin hüququnu pozursan, hesab edirsən ki, öz hüququn məhdudlaşdırılmayacaq?

- Azərbaycanda hansı bloggerləri tanıyırsınız, izləyirsiniz?
- Bir qrupu qaçıb xaricdə oturub, erməni lobbisindən, müxtəlif kəşfiyyat orqanlarından vəsait alır, adlarını da blogger qoyublar. Əslində Azərbaycanın milli-mənəvi dəyərlərinə, dövlətinə, dövlətçiliyinə, ordusuna, prezidentinə, ayrı-ayrı dövlət nümayəndələrinə qarşı böhtan, yalan, təhqir yazmaqla məşğuldurlar. Azərbaycandakı bloggerlərə gəlincə, izlədiyim şəxslər var, amma birinin adını çəkib başqasını çəkməmək doğru olmaz.

- Mediaya açıq olan deputatlardan birisiniz. Yeni standartlara cavab verməyən qəzetlərin bir qisminin fəaliyyətinin dayandırılacağı anons edilir. Bu situasiya ilə bağlı fikirləriniz nədən ibarətdir?
- Media ilə bağlı müəyyən təkmilləşmə işləri gedir. Qəzetlərin tirajı, keyfiyyətinə diqqət yetirilməlidir. Müstəqillik qazanandan sonra fikir verirsinizsə, qəzetlərdə eyni sistemdir, dəyişiklik, rəngarənglik olmur. İstər ölçü, istərsə də dizayn baxımından da qəzetlər olduğu kimi qalır. Onlayn mediada baxırsan, sayt bir neçə ay sonra öz dizaynını dəyişir . Yazıları eyni formada oxuyanda göz yorulur. Ancaq elə qəzetlər var, 20 ildir çıxdığı formada qalıb. Onlar da dəyişiklik etməlidir. Yəqin ki, qəzetlərlə bağlı situasiya da bununla bağlıdır.

- Milli Məclisin son iclaslarında Azərbaycana qarşı aparılan kampaniyalar zamanı deputatlara çağırışınız oldu. Həmkarlarınızdan reaksiya verən oldumu?
- Təbii ki, olacaq. Yeni Azərbaycan Partiyasından Milli Məclisə 72 deputat seçilmişdi, prezident seçkilərindən sonra ayrı-ayrı dövlət vəzifəsinə təyinat oldu, hazırda parlamentdə 68 nəfər YAP üzvü var. Çağırış ondan ibarət idi ki, hərə öz sahəsində olan nailiyyətləri ictimaiyyətə və öz seçicilərinə çatdırsın.
Biri sosial sahənin mütəxəssisidirsə, KİV-lərdə, seçiciləri ilə görüşdə, müxtəlif şəxslərlə təmaslarda cənab Prezidentin apardığı siyasətdən, ölkədə gedən inkişafdan danışsın. Bir çoxu özünü çox savadlı göstərməyə çalışır, çıxışında deyir makroiqtisadi sistem belə getdi, balans belə gəldi... Bütün çıxışların hamısı elə sadə ifadə edilməlidir ki, rayonda yaşayan əhali anlaya bilsin. Hər kəs iqtisadçı deyil, insanlar fikirləşir, görəsən, pensiyam nə qədər olacaq? Başlayıblar balans hissə bu qədər, sığorta hissə o qədər olacaq. İnsanlar bu sözlərdən heç nə başa düşməyəcək. Əmək pensiyası alan şəxsə lazımdır ki, konkret ifadə olunsun, tutalım pensiyam 10 manat idi, nə qədər artdı? Deməlisən 5 manat da artdı, oldu 15 manat. Bunu izah edirsən, o da başa düşür, sakitləşir və bilir ki, fəaliyyətini hansı istiqamətdə davam etdirəcək. Əsas odur ki, təbliğat və ya görülən işlər düzgün şəkildə insanlara çatdırılsın.
Təbii ki, bu gün televiziyalarımızda tok şoular verilir, internet azaddır, hər kəs mobil telefon və kompüter vasitəsilə ondan istifadə edir. Bunlarla yanaşı insanlarla ünsiyyət qurulması, canlı görüşlərin keçirilməsi, onları maraqlandıran suallara cavab verilməsi önəmlidir. Məsələn, televiziyada çıxış edəndə vətəndaşın sual vermək imkanı olmur, amma canlı görüşdə artıq sualını verib cavab ala bilir.

- Sosial şəbəkələrdə aktivliklə bağlı YAP-da da son günlər tədbirlərin sayı artıb. Təklif etmişdiniz ki, sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyat aparılmalıdır. Bu təklif hələ də qüvvədədir?
- Azərbaycanda bu problem ciddiləşib. İnsanlar sosial şəbəkənin verdiyi imkandan düzgün yararlanmır. Kimisə nə isə maraqlandırırsa, diskussiyaya girsin, öz fikrini əsaslandırsın ki, səhv danışırsan, arqumentlərini irəli sürsün. Amma Azərbaycanda bir qrup şəxs hamını təhqirə keçib. Təhqirə görə Cinayət Məcəlləsində maddə var. O maddənin tətbiqi üçün fərd bəlli olmalıdır. Ancaq burda kişi qadın, qadın kişi adı ilə yazır. Bununla da həmin şəxsi müəyyənləşdirmək çox çətindir. Milli mentalitetimiz var.
Baxırsan, bütövlükdə Milli Məclisi təhqir edirlər. Milli Məclisdə baban yaşında kişi var, anan yaşında qadın, digər qohum-əqrəban yaşında insanlar var, axı sənin kiməsə iradın varsa, yaz ki, tutalım, Siyavuş Novruzova iradım var, o, düzgün mövqedə deyil və sair. Bütövlükdə Milli Məclisi və oradakı insanları təhqir etmək yolverilməzdir, o təhqir öz valideynlərinə, doğmalarına yönəlir. Öz ailəsini, valideynlərini sevən başqasının ailəsini təhqir eləməz.

- Feysbuka gəlməyi düşünmürsünüz?
- Yox, çünki onun çatışmayan çox cəhətləri var. Saxta adlarla profil yaradırlar. Sizin saytınız vasitəsilə bir daha bildirirəm ki, nə Feysbukda, nə də Tvitterdə varam.

- Müasir dövrdə siyasət sosial şəbəkədə aktivliyi tələb edir axı. Donald Tramp artıq bəyənatlarını Tvitterdən verir, opponentləriniz Feysbukun imkanlarından istifadə edir...
- Feysbukdan başqa çox geniş imkanlar onsuz da var. Fikirlərimizi ölkəmizdəki onlayn media, digər mətbuat orqanlarında çatdırırıq. İstənilən şəxs də bizim çıxışımızı sosial şəbəkələrə yönəldir.

- Yeri gəlmişkən, müxalifətin son mitinqlərini necə qiymətləndirirsiniz?
- Müxalifət ancaq ara qarışdırmaqla məşğuldur. Avropada qərar qəbul olunan kimi eyni xətt üzrə bu fəaliyyət başlandı, dərhal Azərbaycanda müxalifət mitinq çağırdı, vəsait ayrıldı, o vəsaiti də yarı unluq, yarı dənlik edirlər.
Birincisi, xaricdə maliyyə ayıran təşkilat bir hissəsini mənimsəyir, burada çox ciddi korrupsiya halları var, vəsaitin bir qismi Milli Şura rəhbərliyində mənimsənilir, cüzi hissəsini isə bu proseslərə sərf edirlər. Mitinqə gələnlərin hamısı pulla tutulmuş adamlardır. Çünki müxalifətin sosial bazası bəllidir, Yeni Azərbaycan Partiyasının kiçik rayon təşkilatı qədər elektoratları yoxdur. Onların əsas məqsədi qarşıdurma yaratmaq idi. İstəyirdilər ki, polisin səbri tükənsin. Polis işçilərini təhqir edir, söyürdülər.
Sağ olsunlar hüquq-mühafizə orqanının əməkdaşları, böyük səbir nümayiş etdirdilər. Şəhidlər xiyabanına getmək istəyirsiniz, gedin də. Şəhidlər xiyabanına cənab Prezident də, I Vitse-prezident də, baş nazir də, parlament sədri də, nazirlər də, deputatlar da gedir, gül qoyur, ehtiramını göstərir. Burada şou düzəltməyin nə mənası var? Biz hansı dövrdə yaşayırıq.
Halbuki Şəhidlər xiyabanında uyuyanların şəhid olmasının səbəbkarı özləridir. İstər 20 Yanvarda törətdikləri provokasiyalar, istərsə də ərazilərimizin işğalı ilə əlaqədar hakimiyyətə gəlməkdən ötrü oynadıqları oyunlar nəticəsində sadə insanlar şəhid oldular və Şəhidlər xiyabanında yatırlar. Allah şəhidlərimizə rəhmət eləsin.
Keçən il Cümhuriyyət ili elan olundu, çoxlu sayda tədbirlər keçirildi, "Son iclas", "Əbədi ezamiyyət" və sair adda filmlər çəkildi, indiyə qədər tarixi faktlarla belə filmlər olmamışdı, bütövlükdə demokratik cümhuriyyətin tarixi, həmin şəxsiyyətlərin taleyinin acı nəticələri açılıb ortaya qoyuldu. Azərbaycan xalqı bir daha faktları, həqiqətləri gördü, bildi. Bəlli oldu ki, demokratik cümhuriyyət Azərbaycan xalqınındır, bunlar nəyisə özəlləşdirmək istəyirlər. Məhəmmədəmin Rəsulzadə Cümhuriyyət dönəmində Milli Şuranın sədri olub, Əli Kərimlinin sədri olmayıb ki. Milli Şura da Azərbaycan xalqınındır. Gedib "Azadlıq" qışqırmaqla, mitinq keçirməklə nə olur?
Azərbaycan dövləti ötən ili "Cümhuriyyət ili" elan etmişdi, bu il də tədbirlər, filmlərin çəkilişi davam etdirilir, kitablar yazıldı, bu il yenə xatırlanır, tədqiqatçılar 10-dan çox verilişdə Rəsulzadə, cümhuriyyətlə bağlı çıxışlar etdi. Qışqırıb, hay-küy salmaqla bir şey alınmaz. Bu, Azərbaycan xalqının nailiyyətidir, kiminsə, hansısa qrupun, təşkilatın yox. Yalandan adınızı Milli Şura qoymusunuz. Nə qədər ad qoyursan qoy, sən Milli Şura olmadın. Bunlar hamısı təxribatdır, insanları provokasiyaya çəkmək istəyirlər. Bunlar Qərbin, erməni lobbisinin öyrətdiyi, dəstək və pul verdiyi insanlardır.

- Rəsulzadənin doğulduğu evdə barelyefinin oğurlanması faktına münasibətiniz necədir?
- Bu barədə məlumatım yoxdur.

- Məhəmmədəmin Rəsulzadə sizin üçün kimdir?
- Rəsulzadə müstəqil Azərbaycan dövlətinin qurucularından biridir. Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər Azərbaycanın fəxridir.

- Rəsulzadənin abidəsinin görkəmli yerdə olmamasına dair narahatlıqlar da var.
- Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı parkların birində xatirə kompleksi yaradılması barədə qərar qəbul olunub. "İstiqlal bəyannaməsi" keçmiş "İsmailiyyə"də imzalandığı üçün İstiqlaliyyət küçəsində cümhuriyyətin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb. Bununla yanaşı rəssamlarımıza, arxitektorlarımıza elan verilib ki, yeni abidə hazırlanıb hökumətə təqdim olunsun. Müxtəlif layihələr hazırlanıb, iş başa çatandan sonra qərar qəbul olunacaq və məsələ həll ediləcək.

- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslər barədə nə düşünürsüz? Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Davos forumu çərçivəsində bir daha görüşdü. O hakimiyyəti ələ aldığı ilk vaxtlarda Qarabağ danışıqlarına dair absurd təkliflər irəli sürmüşdü. Sizcə, mövqeyində dəyişikliklər olacaq? Paşinyandan gözləntiləriniz nələrdir?
- Dağlıq Qarabağ məsələsində bir yenilik var. Bu da ondan ibarətdir ki, Ermənistanda Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gələnlərin hamısı vəzifədən uzaqlaşıb. Onlar imkan vermirdi ki, Qarabağ münaqişəsi həll olunsun. Çünki həll ediləndə onlara yer olmayacaqdı. Bəzilərinin həbsi, bir qismi barədə cinayət işinin qaldırılması onu göstərdi ki, bu insanlar təkcə Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində deyil, eyni zamanda Ermənistanda da kifayət qədər cinayətlər törədiblər. Təəssüf ki, beynəlxalq təşkilatlar buna çox laqeyd münasibət bildiriblər. Bu gün Ermənistan çox acınacaqlı vəziyyətdədir. Qərb dövlətləri, o cümlədən ABŞ Ermənistanı düşdüyü vəziyyətdən çıxarmağa çalışır. Söhbət Azərbaycana olan münasibətdən getmir.
Məsələ Ermənistanın xilas yolu ilə bağlıdır. Ermənistanın xilas yolu ancaq Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasından ibarətdir. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsi həll edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Cənab Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər Ermənistanla hər hansı bir kommunikasiya, iqtisadi-siyasi əlaqə ola bilməz. Tamamilə düzgün və yerində olan siyasətdir. Paşinyan yox, bir başqası da gəlsə görəcək ki, imkan yoxdur. İqtisadiyyat yoxdur, müəssisələr işləmir, sosial problemlər həll olunmur, əhalinin vəziyyəti acınacaqlıdır, hər il 100 minə yaxın insan Ermənistanı tərk edir, turizm sektoruna heç kəs yaxın durmur, istehsal müəssisəsi yoxdur, istehsal olsa belə, çıxış yolları məhduddur.
Bütün bunların hamısı ona gətirib çıxarır ki, münaqişə öz həllini tapmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri xeyli dərəcədə aktivləşib. Ermənistan orcusunda vəziyyət acınacaqlıdır, təchizat və psixoloji baxımdan vəziyyət yaxşı deyil, hərbçilərin böyük əksəriyyəti Dağlıq Qarabağ ərazisinə xidmətə gəlmək istəmir, analar sual verir ki, övladımın Qarabağda nə işi var? Paşinyan hələ işin içində deyil, gərək danışıqlar prosesini öyrənə, Özünə heç olmazsa yaxşı müşavirlər götürməlidir ki, onu başa salsınlar.
Çünki özü dərin adam deyil. Dünya, Avropa, ölkə siyasətindən başı çıxmır. Bu da təbii ki, zaman aparır. Hesab edirəm ki, münaqişənin həlli çox da uzaqda deyil.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra xalqların sülhə hazırlanması barədə bəyanat yayıldı. Sizcə xalqlar sülhə hazırdırmı?
- Nə onlar köçüb gedəcək, nə də biz. Əvvəl-axır bu proses olacaq. Tarixdə 1905-ci, 1918-ci ildə də bu proses olub, sonra münasibətlər bərpa olunub. Məsələ ondadır ki, ehtiyatımızı əldən verməməliyik. Bilirik ki, qonşumuz kimdir.

- Birgəyaşayışı təsəvvür edirsiniz?
- Qonşudur da, tamamilə köçüb getməyəcək ki. Burada yaşayacaqlar, tədricən ərazilər tam bərpa olunduqdan, qarşılıqlı etimad yarandıqdan sonra münasibətlər illərlə düzələcək. Yaralarımız sağalana qədər çətin olacaq.

- Bu il ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair fikirlər nə dərəcədə həqiqətəuyğundur?
- Parlament seçkilərinin tarixi Konstitusiyada göstərilib. Referendum keçiriləndə gərək bu, seçki məcəlləsinə daxil ediləydi. Prezident, bələdiyyə və referendumla bağlı tarix Konstitusiyada göstərilməyib.
Lakin ilkin Konstitusiya qəbul olunanda parlament seçkilərinin tarixi orada qeyd olunub, noyabrın 3-cü həftəsində keçirilir. Növbəti parlament seçkiləri vaxtından qabaq keçirilməli olsa, gərək referendum ola, həmin bənd Konstitusiyadan çıxarıla. Yaxud bu, parlament özünü buraxdığı halda mümkündür. Parlamentin buraxılması isə bir neçə halda mümkündür. Hökumətin hesabatı bir neçə dəfə qəbul edilməyəndə, baş nazirin təyinatına etiraz ediləndə, yaxud deputatların hamısı ərizə ilə müraciət edəndə parlament buraxılır və o halda yeni seçkilər keçirilir.

- Referendum keçirilməsi və ya deputatların ərizəsi ilə parlamentin buraxılması barədə müraciət etməsi gözləniləndir?
- Bu, mənim səlahiyyətimə daxil olan məsələ deyil.

- Növbəti dönəm üçün deputatlıq arzusundasınız?
- Partiyamız və sədri nə qərar qəbul etsə, o qərara tabe olacağam.

- Bir müddət öncə görüntüləriniz yayılandan sonra səhhətinizlə bağlı müzakirələr vardı, indi özünüzü necə hiss edirsiniz, səhhətiniz necədir?
- Özümü yaxşı hiss edirəm, gördüyünüz kimi, hər zaman iş başındayam. İstirahətə də getmirəm. Yayda Naxçıvana gedirəm, seçki dairəm də oradadır, gedib seçicilərimlə görüşürəm.

- Həmkarınız Ağacan Abıyev kurrikulum sistemi ilə bağlı özünəməxsus reaksiya vermişdi. Valideynlər tərəfindən zaman-zaman tədrisin ağırlığı, hətta uşaqların məktəb çantasını daşımaqda çətinlik çəkdiyinə dair fikirlər səslənir. Səhv etmirəmsə, övladlarınız məktəblidir. Sizin bu məsələyə yanaşmanız necədir?
- Tədrisdə yəqin ki, müəyyən dərəcədə yüngülləşmə olacaq. Biz dünyaya açığıq, qapalı ölkə deyilik, ingilisə əlavə dil öyrənmək lazım deyil, amma azərbaycanlıya öz dilindən başqa ingilis dilini də öyrənmək lazımdır. Bu da bir yükdür. Dünyanın aparıcı ali məktəblərinə daxil olmaq üçün uşaqlar çox çalışırlar. Azərbaycanda 700 bal toplayan uşaqlar var. Mən Cənubi Koreyada olanda gördüm ki, uşaqlar inkişafı təmin etmək, rəqabətə davam gətirməkdən ötrü səhər saat 7-dən 21-dək oxuyurlar. Uşaqlar asudə vaxtını səmərəli keçirməli, idmanla məşğul olmalı, dünyagörüşünün artması üçün bədii ədəbiyyata müraciət etməlidir. Əks halda onların dünyagörüşündə və fiziki durumunda problem yaranacaq.

- Cənubi Koreyada olanda Şimali Koreyaya getmədiniz?
- Getdim, tamamilə fərqli ölkədir, çox sərt sistem hökm sürür. Xalq da həyatını o cür seçib. Əslində biz o dövrü yaşamışıq, Sovet hökuməti dövründəki kimidir. Onun da yaxşı və pis cəhətləri var. Əxlaq, tərbiyə, mənəvi dəyərlər qorunurdu, təhsil, səhiyyə bütövlükdə pulsuz idi, düzdür, belə olanda da inkişaf o qədər getmir, yenilik gəlmir. İndi dövr dəyişib, zamanın tamam başqa tələbləri var.

- Məlumdur ki, deputat kimi əməkhaqqınız yüksəkdir. Amma iki nəfərlik sıravi təqaüdçünün ailəsinin aldığı pul 350-360 manat olar. Necə düşünürsünüz, həmin pulla həm bazarlıq etmək, həm həkimə getmək, dərman almaq, kommunal haqları ödəmək mümkündürmü?
- Hər bir şəxsin özünün dolanışıq mexanizmi olmalıdır. Rokfeller bir cür dolanır, mən başqa cür dolanıram, o biri də başqa cür... Təbii ki, hamı çalışır ki, yaxşı yaşasın. Dövlətin də vəzifəsi odur ki, hər bir vətəndaşa layiqli həyat şəraiti yaratsın. Amma başqa məqamlar da nəzərə alınmalıdır. Biri ömrü boyu ağır sənayedə işləyib, o biri hardasa yüngül işdə çalışıbmış əlini ağdan-qaraya vurmayıb. Sonda biri o biridən az təqaüd alır. Buna görə də dövləti suçlamaq doğru deyil. Yəni, məsələnin başqa tərəfləri də var.
Təbii ki, yalnız təqaüdlə yaşamaq çətindir. Hərdən xariclə müqayisə aparırlar. Orda insan işləyir pulunu yığır, pensiya yaşında da götürüb səyahətə çıxır. Bizdə isə insanlar bütün gücünü, qazancını uşağına, ailəsinə sərf edir. Yəni, investisiyanı ailəsinə qoyur ki, sonra da ona baxsınlar. Xaricdə isə uşağın 16-17 yaşı olan kimi, valideyn onları həyata buraxır. Bax, belə fərqli məsələlər var. Təbii ki, mən istəyərdim ki, hər bir vətəndaşımız 10 min manat pensiya alsın, amma gərək reallıqdan uzaq olmayaq da.

-Siyavuş müəllim, Prezident seçkilərindən sonra bir sıra struktur və kadr islahatları həyata keçirilib. Dəyişikliklərdən sonra ötən müddət ərzində hansı fərqi hiss edirsiniz?
-Təbii ki, xeyli dəyişikliklər var. Vergi sistemində xeyli problemlər həll olundu, özbaşınalıq aradan qaldırıldı. Sahibkarları sıxışdırırdılar, 6 ay qabaqdan pul yığılırdı. Son dövrlər isə bütün bunlara son qoyuldu. Gördüyünüz kimi, islahatlar gedir. Eləcə də gömrük sistemində mövcud problemlər aradan qaldırıldı. Digər sahələrdə də islahatlar gedir. Müasir texnologiyalar tətbiq olunur.

-Problemlər kadrlarla, yoxsa strukturla bağlı idi?
-Hər iki faktor var idi. O ikisi bir-birini tamamlayırdı. Ona görə islahat hər iki məqamı əhatə edir.

-Ən çox narazılıq sosial müdafiə ilə bağlı idi. Səlim Müslümov Sahil Babayevlə əvəzləndi, amma yenə də problemlər var. O vaxt ünvanlı sosial yardımla bağlı neqativliklər var idi, indi də özünüməşğulluq proqramından şikayətlər var. Hətta bu günlərdə qoca, xəstə heyvanların insanlara paylanması məsələsi parlamentdə də müzakirə olunmuşdu. Yəni, kadr dəyişikliyi elə də ciddi rol oynamadı...
-Bilirsiniz, bütün sahələrdə çalışan insandır. İnsan faktoru olan yerdə problemin olması mümkündür. Son müşavirədə cənab prezidentin əsas fikri ondan ibarət oldu ki, hər bir şey insanlar üçündür. Yəni, insanlar üçün çalışmaq lazımdır. Ayrı-ayrı layihələri yerinə yetirənlər də insandır. Axı, hər bir məmurun yanına nəzarətçi qoymaq mümkün deyil. Hesab edirəm ki, islahatlar dərinləşdikcə problemlər mərhələli şəkildə həllini tapacaq. Bilirsiniz, inqilablar əslində beyinlərdə olmalıdır. Əslində son illər kifayət qədər böyük dəyişikliklər olub. Müqayisə etsək, görərik ki, dünya ölkələri arasında biz çox irəlidəyik.

-Adətən hansısa məmur işdən çıxarılandan sonra onun barəsində...
- (Sözümüzü kəsərək) Bəli, təəssüf ki, bizdə belə bir tendensiya var ki, hansısa nazir işdən çıxarılandan sonra arxasınca danışırlar.

- Bəs, indi Siz konkret hansı sahələrdə problemlər müşahidə edirsiniz?
- Yeni təyin olunan məmurlarla bağlı konkret nəsə demək mümkün deyil. Hələ yeni başlayıblar. Özü də bu sahələr çox ağır sahələrdir. Yəqin ki, müəyyən müddətdən sonra müsbət nəticələr əldə olunar.

-Siyavuş müəllim, son dövrlər müxalif düşərgədə də hərəkətlənmə var. Ard-arda aksiyalar təşkil olunur, yeni birliklər yaranır. Rəqiblərinizin hərəkətlənməsi narahatlıq yaratmır ki?
-Qətiyyən narahat deyilik. Bizim kiçik rayon təşkilatımız onların hamısının cəmindən böyükdür. Sadəcə olaraq, bu insanlar Avropadan idarə olunurlar və onların tapşırıqlarına uyğun fəaliyyət göstərirlər, eyni mərkəzdən maliyyələşirlər. Avropa Parlamenti Mehman Hüseynovla bağlı məsələni araşdırmadan qərar qəbul edir, amma Ermənistanda siyasi partiya sədri həbsxanada işgəncə və aclıq aksiyasından ölür, onun barəsində beynəlxalq təşkilat bir cümlə belə demir. Belə yanaşma sərgiləyən təşkilatdan ədalətli qərar gözləməyə dəyərmi, xeyr. 
Ona görə də biz ayıq-sayıq olmalıyıq. Çünki bizi istəməyən qüvvələr sapı özümüzdən olan baltalardan istifadə etməyə çalışırlar. Şəhidlər Xiyabanına Prezident də, Vitse prezident də, digər dövlət rəsmiləri də gedir, ziyarət edirlər, ehtiramlarını bildirilər. Amma Əli Kərimli və ətrafı bura gələndə şou düzəldirlər. Buna nə ad verəsən?

-Siyasətdə belə qəbul olunur ki, güclü iqtidarın güclü müxalifəti olar. Adətən müxalifətçilərə sual verirəm ki, bəlkə hakimiyyətlə dil tapa bilmirsiniz. İndi Sizdən soruşuram, bəlkə müxalifətlə dil tapa bilsəniz, dialoq mümkündür?
-Müxalifət başqa şeydi. Parlamentdə, parlamentdən kənar müxalifət var, xarici qüvvələrə xidmət edənlər var. Bizdə müxalifət yekcins deyil, müxtəlifdir. İkincisi, müxalifət elə ideyalar gətirməlidir ki, insanlar tərəfindən ona dəstək ala bilsinlər. Müxalifət dövlətlə xalq arasında elə bir qüvvəyə çevrilməlidir ki, hər hansı alternativ layihələrin dövlətə çatdırılması ilə məşğul olmalıdır. Müxalifətin funksiyası təkcə mitinq, yürüş keçirmək deyil. Seçkidə iştirak etməli, alternativ layihələr təqdim etməlidirlər. Ancaq korrupsiya və rüşvətxorluq sözlərini əzbərləyiblər, ortaya isə bir vərəq sənəd qoymayıblar. Hətta Qarabağla bağlı hər hansı bir sənəd, yaxud təklif hazırlayıb, ortaya qoymayıblar. Ona görə də insanlar bu adamların arxasınca getmirlər.

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR