Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

Xanlar Vəliyev: "Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə gücləndirilib"

Yanvarın 25-də Hərbi Prokurorluqda mərkəzi aparatın işçilərinin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2018-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorunun müavini -bildirib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində uğurlar əldə olunub. Azərbaycanda ordu quruculuğunun davam etdiyi yeni mərhələdə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti də işin səmərəliliyinin artırılmasına, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının vaxtında aşkarlanaraq aradan qaldırılmasına, bununla əlaqədar qanunamüvafiq zəruri tədbirlərin görülməsinə yönəldilib.

Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər də səmərəli olub, o cümlədən ibtidai istintaqın keyfiyyəti də artırılıb. Belə ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də istintaqçıların peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb. 2017-ci illə müqayisədə icraatına xitam verilmiş və icraatı dayandırılmış cinayət işlərinin sayı azalıb, istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş cinayət işləri üzrə ittiham irəli sürülmüş təqsirləndirilən şəxslərdən bəraət alan olmayıb. Həmçinin məhkəmə baxışları zamanı təqsirləndirilən şəxslərin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edilmədiyindən, başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün Cinayət Prosessual Məcəllənin 318.2-ci maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan cinayət işləri olmayıb.

Qeyd olunub ki, 2017-ci illə müqayisədə ötən il törədilmiş cinayətlər 12,6 faiz, hərbi xidmət əleyhinə cinayətlər 4 faiz, qeyri-hərbi cinayətlər 34,3 faiz; böyük ictimai təhlükə törətməyən cinayətlər 4,6 faiz, az ağır cinayətlər 2,8 faiz, xüsusilə ağır cinayətlər 48,6 faiz azalıb. Azalma xəstəlik nəticəsində ölüm hallarında 40 faiz, düşmən tərəfindən açılan atəş nəticəsində ölüm hallarında 64,7 faiz; qeydə alınmış korrupsiya xarakterli cinayətlərdə 24,7 faiz, korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərində 43,6 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 15,5 faiz təşkil edib. Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrdə baş vermiş və səbəbindən asılı olmayaraq istənilən ölüm faktı üzrə cinayət işi başlanılıb. Bu qəbildən olan hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub. Eyni zamanda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, həmçinin iş üzrə əməllərində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib. Bununla yanaşı, Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də belə xarakterli cinayətlərin qarşısının alınması məqsədilə, hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə olunub. Bu kimi cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Nəticədə 2017-ci illə müqayisədə ötən il törədilmiş qəsdən adamöldürmə cinayətləri 61,5 faiz, intihar hadisələri 23,1 faiz azalıb.

Hərbi prokuror bildirib ki, cinayət hadisələrinin sayının azalmasında Hərbi Prokurorluq orqanlarının səmərəli fəaliyyətinin, eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin hələ ilin əvvəlindən planlaşdırılaraq mütəmadi həyata keçirilmiş birgə tədbirlərin böyük əhəmiyyəti olub. Azərbaycan ordusunda və başqa silahlı birləşmələrdə insan hüquq və azadlıqlarına riayət olunmasını, qanunçuluğun və hüquq qaydasının qorunmasını təmin etmək məqsədilə 2018-ci ildə də Hərbi Prokurorluğunun Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumlarla birgə hazırladığı "Hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsinə dair", "Cinayətkarlığa qarşı mübarizəyə dair", "Cinayət hadisələrinin qarşısının alınmasına dair", "Hərbi qulluqçularda vətənpərvərlik hisslərinin gücləndirilməsinə dair" və sair mövzular üzrə tədbirlər planları əsasında adıçəkilən qurumların yüksək vəzifəli əməkdaşlarının iştirakı ilə səmərəli işlər görülüb, hərbi qulluqçuların fərdi qəbullarının mütəmadi keçirilməsi təmin olunub. Eyni zamanda, milli və rəsmi dövlət bayramlarında, digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil edilib və xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Sadalananlarla yanaşı, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini və bununla əlaqədar görülən işlərin səmərəliliyini artırmaq məqsədilə müxtəlif istiqamətlər üzrə bir neçə metodiki tövsiyələr və digər maarifləndirici vəsaitlər hazırlanıb və hərbi qulluqçulara çatdırılıb.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR