Ermənistan dərin demoqrafik böhran içindədir

İlham Əliyev: "Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik"

Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət kursu nəticəsində işğalçı Ermənistan bütün parametrlər üzrə dalana dirənir, bu ölkənin gələcək taleyi sual altına düşür. Azərbaycan dövlətinin diplomatiya sahəsində atdığı uğurlu addımları artıq İrəvanı öz müttəfiqlərindən də uzaqlaşdırıb. Ən son Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın üzləşdiyi uğursuzluq və İrəvanın adı çəkilən hərbi təşkilata baş katibliyinə vaxtından əvvəl xitam verilməsi bunun bariz nümunəsidir.

Azərbaycan təkcə xarici siyasət və diplomatiya sahəsində Ermənistanı uğursuzluğa düçar etmir, eyni zamanda iqtisadi sahədə də işğalçı ölkəni çətin durumla üzləşdirir. Belə ki, İrəvanın işğalçılıq siyasətinin günümüzdə də davam etməsi və işğala məruz qoyduğu Azərbaycan ərazilərini azad etməyə maraqlı görünməməsi bu ölkəni regionda həyata keçirilən qlobal əhəmiyyətli regional layihələrdən kənarda qoyur ki, bu da Ermənistanın onusz da ağır olan iqtisadi vəziyyətini hər keçən il daha da kritikləşdirir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən tutmuş Şimal-Cənub Nəqliyyat Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və adlarını çəkmədiyimiz digər bu kimi layihələrdən Ermənistan məhz işğalçılıq siyasəti səbəbindən kənarda qalıb. Bu demək olar ki, Azərbaycan tərəfindən Ermənistanın təcridolunması siyasətidir və qeyd edə bilərik ki, rəsmi Bakı bu siyasəti uğurla həyata keçirir. Burada maraqlı məqam ondan ibarətdir ki, ölkəmizin iştirakı və təşəbbüsü ilə həyata keçirilən həmin layihələrdən Ermənistanın təcrid olunması ilə bağlı Azərbaycanın ortaya qoyduğu siyasi iradə bu və ya digər layihələrin iştirakçısı olan digər dövlətlər tərəfindən də normal qəbul edilir və rəsmi Bakının bu siyasətinə heç bir etiraz ifadə edilmir. Bu bir tərəfdən həmin ölkələrin strateji cəhətdən Bakı ilə müttəfiqliyi anlamına gəlirsə, digər tərəfdən o ölkələrin də Ermənistanı işğalçı ölkə kimi qəbul etməsi deməkdir.

Bu da bir reallıqdır ki, Ermənistanın işğalçılıq siyasəti davam edəcəyi təqdirdə Azərbaycan tərəfindən onun təcridedilmə siyasəti də davam edəcək və İrəvan yaxın gələcəkdə regionda reallaşdırılacaq digər layihələrdən də kənarda qalacaq. Bu da öz növbəsində Ermənistanın iqtisadi vəziyyətini getdikcə daha da ağırlaşdıracaq. Bu birmənalıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu fikri bir daha açıq şəkildə ifadə edib və Ermənistanın təcrid siyasətinin davam edəcəyini söyləyib. Dövlət başçısı bildirib ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. Azərbaycan Prezidentinin sözlərinə görə, Ermənistan iqtisadiyyatının çökməsinin başlıca səbəbi işğalçılıq siyasətidir: "Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü". Dövlət başçısı deyib ki, Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır: "Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı".

Politoloq Ramiz Alıyev deyir ki, Ermənistan nə qədər gec deyil indiyə qədər yol verdiyi səhvlərdən nəticə çıxarıb öz işğalçılıq siyasətindən əl çəkməli, işğala məruz qoyduğu Azərbaycan ərazilərini azad etməlidir: "Əks təqdirdə Ermənistanı daha acınacaqlı sonluq gözləyir. Dövlət başçısının da qeyd etdiyi kimi hazırda Ermənistan dərin demoqrafik böhran içərisindədir. Bu ölkədə iqtisadi vəziyyətin həddən artıq ağır olması sadə erməniləri öz ölkələrini tərk etmək məcburiyyətində qoyur. Heç bir iqtisadi potensialı, təbii resursları olmayan işğalçı ölkə regional layihələrdən də kənarda qalır. Bu da təbii ki, Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır". Ramiz Alıyev deyib ki, Azərbaycan heç vaxt öz prinsipial mövqeyindən əl çəkməyəcək və ölkəmizin apardığı iqtisadi təcrid siyasəti İrəvanı tezliklə diz çökdürəcək. Bu isə Ermənistanda sosial durumu, xaosu, etirazları daha da artıracaq. Güman etmək olar ki, inqilab yolu ilə Nikol Paşinyanı hakimiyyətə gətirən sadə erməni xalqı elə inqilab yolu ilə də onunla vidalaşsın. Çünki Paşinyan da sələflərinin yolu ilə getməkdədir. Bu yol isə Ermənistanı uçurumun kənarına sürükləyir"

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR