“Zaxarovanın bəyanatını dövlətlərarası münasibətlərə aid etmək heç bir halda doğru olmaz”- BƏHRUZ QULİYEV

"Düşünürəm ki, Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycanla bağlı verdiyi bəlli açıqlaması ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətə və etibarlı tərəfdaşlıq prinsiplərinə aid edilə bilməz. O cümlədən, vacib və diqqət yetirməli olacaq mühüm məqamlardan biri də budur ki, ümumiyyətlə, Azərbaycan və Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, bu ölkələrin dövlət başçıları müəyyənləşdirərək, həmin münasibətlərin inkişafı üçün səylərini davam etdirirlər". Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Rusiya XİN-nin mətbuat katibinin erməni əsilli Rusiya vətəndaşlarının ölkəmizə burxılmaması, eləcə də,  onun iddia etdiyi kimi, Azərbaycan tərəfindən "bu vəziyyət düzəldiləcəkdir" vədi verilməsi ilə bağlı fikirlərinə münasibətini bildirərkən deyib.

Siyasi ekspertin sözlərinə görə, bənzər fikirlərin M.Zaxarova tərəfindən bəyan edilməsinə nəzər salarkən, bu fikirlərin analizini apararkən, biz Rusiya dövlətinin rəsmi şəxslərinin heç birinin adının hallanmadığını da görə bilərik: "Bu baxımdan, həmin ifadələri Rusiyanın siyasi mövqeyi kimi qiymətləndirmək  doğru olmazdı".

"Həmçinin, unutmamalıyıq ki, BMT TŞ-nın üzvü olaraq, Rusiya Azərbaycanın işğal altındakı ərazilərində yerləşən işğalçı qüvvələrin çıxarılması məsələsində, eyni zamanda, bu torpaqlardan zorla qovulan insanların doğma yurd-yuvalarına geri  qaytarılmasını əks etdirən 4 qətnamənin hər birində ərazi bütövlüyümüzün təmin olunmasına səs verib və bu tələbi dəstəkləyib", xatırladan Bəhruz Quliyev hesab edir ki, son zamanlar Azərbaycan və Rusiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir və davamlı xarakter alıb: "Belə olan məqamda, Zaxarovanın fərdi kontekstdən çıxış etdiyini də deyə bilərik. Çünki məlum bəyanat qeyd edilən kontekstdən  - Azərbaycan və Rusiya strateji əməkdaşlığı reallığından tamamilə kənardadır. Görünən isə budur ki, bu sıx əməkdaşlıq Rusiya XİN-də fəaliyyət göstərən kiçik ranqlı əməkdaşları nədənsə, narahat edir. Daha dəqiq desək, son zamanlar biz, Ermənistan-Rusiya əlaqələrində kəskin problemlərin yaşandığının şahidləri olmaqdayıq. İstər Ermənistanın hazırkı hakimiyyətinin anti-Rusiya xarakterli xətti tutması, istər Rusiyanın hərbi, iqtisadi və s. məsələlərdə Ermənistana yönəlik siyasətini sərtləşdirməsi, xüsusilə, Rusiya qazının bu ölkəyə verilməsində ümumi razılığın gəlinməməsi, mavi yanacağa olan tariflərin artırılması və s. məsələlər deyilənləri kifayət qədər sübuta yetirir. Belə olan bir vəziyyətdə, ölkələrimizin münasibətlərindəki uğurlu inkişaf strategiyası Zaxarovanın timsalında ayrı-ayrı fərdlərin  bənzər açıqlamaları ilə müşahidə olunur ki, bunu da rəsmi dövlətlərarası münasibətlərə aid etmək heç bir halda doğru hesab edilə bilməz". 

Ekspert qeyd edib ki, bütövlküdə, Azərbaycan istər beynəlxalq aləmdə, istərsə də, ayrıca olaraq MDB məkanında multikultural dəyərlərə sadiq ölkə kimi tanınır, hətta bu dəyərlərin mərkəzi olaraq qiymətləndirilir: "Misal üçün, bu gün, Ermənistandan fərqli olaraq, Azərbaycanda 30 mindən çox erməni əsilli vətəndaş yaşayır və nəinki erməni əsilli vətəndaşlar, eləcə də digər xalqların nümayəndələri ölkəmizdə əminamanlıq, sülh və barış şəraitində yaşamaqla yanaşı, həm də fəaliyyət göstərirlər. Eləcə də, son illər Azərbaycanda turizmin inkişafı sürətli xətt yolunu tutub və təkcə ötən il orta hesabla, 880 min rusiyalı turist ölkəmizə səfər edib. Onların  arasında erməni əsilli rusiyalılar da olublar. Bu rəqəm hər il artımla müşahidə  olunmaqdadır. Lakin gəlin  görək, Ermənistanda vəziyyət nə yerdədir? Bu ölkədə rusdilli təhsil müəssisələri bağlanır, ruslara qarşı etnik siyasət aparılır, ümumiyyətlə,  rus dilinin qadağan olunması istiqamətində rəsmi dövlət siyasəti həyata keçirilməkdədir. Görəsən, nəyə görə, M.Zaxarova bu məsələləri qabartmır, lakin bunun yerinə fərdi və əsası olmayan açıqlamalarını səsləndirir? Bilinən isə budur ki, burada Azərbaycanla Rusiya arasındakı münasibətləri kölgədə qoymağa çalışanlar var və ona görə  də strateji münasibətlərin ruhuna zidd olan əsassız  bəyanatlar verilir. Çünki biz, birinci dəfə deyil ki, Rusiya XİN-də mətbuat katibi vəzifəsini daşıyanlardan məlum bəyanatları, açıqlamaları eşidirik".

"Bütün bunlara rəğmən, Azərbaycanla Rusiya dövlət başçıları arasında əməkdaşlıq məsələləri prioritetlik təşkil edib və bundan sonra da edəcək", deyən Bəhruz Quliyev təkcə ötən il, hər iki ölkə rəhbərləri arasında 6 görüşün baş tutduğunu və bu faktın özünün dövlətlərimizin strateji əməkdaşlıqda maraqlı olduqlarını təsdiqlədiyini vurğulayıb və qeyd edib ki, Rusiyanın dövlət başçısının ermənilərin yeni iqtidarına qarşı sərgilədiyi soyuq münasibəti də göz önündədir: "Yəqin ki, M.Zaxarova və onun timsalında bənzər açıqlamalarla çıxış edən bəzi şəxslər bu reallıqdan  - yəni Ermənistandan fərqli olaraq, Azərbaycanla qurulan strateji münasibətlərdən ciddi narahatlıq keçirirlər. Lakin hər şeyə rəğmən, bu əməkdaşlıq yüksələn xətlə davam edəcək və bənzər bəyanatların əsassızlığını isbatlamış olacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR