Dövlətinə qarşı mübarizə ilə hakimiyyətə qarşı siyasi mübarizəni səhv salanlar

Zaman-zaman xaricdəki bəzi antiAzərbaycan dairələrin təqib və təzyiqləri ilə üzləşən ölkəmizə qarşı günümüzdə də bu cür mənfi münasibət davam edir. Ancaq maraqlı məqamlardan biri ondan ibarətdir ki, antiAzərbaycan şəbəkə hər dəfə ölkəmizə qarşı mübarizədə fərqli simalardan yararlanır, istifadə edir. Əgər təzyiqlərin ilk ilində əsas vasitə, maşa rolunu radikal müxalifət, onun öndə gedən simaları Əli Kərimli və yaxın ətrafı, eləcə də Müsavat Partiyasının keçmiş rəhbərliyi oynayırdısa, sonradan bu qüvvələr onlara ayrılan qrantları səmərəli istifadə etməməsi səbəbindən xaricə donos ötürən "hüquq müdafiəçiləri" tutdu. İndi isə həmin "hüquq müdafiəçiləri"ni müxtəlif adlar altında xaricə, Avropaya gedən və orada erməni lobbisinin maliyyə yardımı ilə Azərbaycana qarşı düşmən münasibətdə olan "demokratlar", "ədalət carçıları" əvəz edib. Hansı ki, bu şəxslərin özlərinin belə demokratiya, ədalət anlayışından zərrə qədər belə məlumatı yoxdur. Sadəcə onlar aldıqları qrantların qarşılığında xarici dairələrin çaldıqları havaya oynamaq məcburiyyətindədirlər. Necə ki, hazırda həmin proses gedir. Düzdür. onların ölkəmiz əleyhinə apadığı bütün kampaniyalar sabun köpüyü effekti verir və heç bir işə yaramır. Amma buna rəğmən bütün bu fəaliyyətlər haqlı olaraq etiraz doğurur, cəmiyyətin bütün təbəqələri antimilli ünsürlərə qarşı öz etirazını ifadə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Elman Babayev deyir ki, hansısa xarici ölkəyə sığınmaq, siyasi sığınacaq almaq və həmin ölkədən siyasi mübarizəni davam etdirmək yenilik deyil. Onun sözlərinə görə,  tarixdə, elə yaxın keçmişimizdə belə hallarla bağlı kifayət qədər nümunələr var. Amma hazırda Azərbaycanı tərk edib xarici ölkələrə üz tutan bir qrupun timsalında tamamilə fərqli mənzərə ilə üz-üzəyik: "Öz dövlətinə qarşı mübarizə ilə hakimiyyətə qarşı siyasi mübarizəni səhv salan bu şəxslər, bir müddətdir heç bir etik şərçivəyə sığmayan davranışlarını, nə yazıq ki hələ də davam etdirməkdədirlər. Həmin qrupun dünyada Azərbaycan dövlətini təmsil edən prezidentin fotolarına qarşı bu və ya digər formada təhqiramiz davranışlarına ad tapmaq mümkün deyil. Bu hərəkətlər nə Azərbaycan xalqının mentalitetinə, nə siyasi mübarizə üsullarına, nə də heç bir əxlaq normalarına sığmır. Ac və ya tox olması hələ də müzakirə predmetinə çevrilən və ya günü sabah azadlığa buraxılıb-buraxılmayacağı müəmmalı olan bloggerlə bağlı xaricdəki qrupun keçirdiyi növbəti aksiyada Heydər Əliyevin və hazırkı ölkə rəhbərinin fotolarının təhqir olunması ilə bağlı kadrlar əslində hər bir azərbaycanlıya qarşı təhqir kimi qəbul olunmalıdır. Görünən odur ki, ictimai qınaq bu qrupu öz davranışlarında korrektələr etməyə vadar edə bilməyib". O, bildirib ki, bunun günahı əslində həm də cəmiyyətin ziyalı təbəqəsinin susqunluğu, "ay aman birdən məni də söyərlər" kimi mövqenin tutulmasıdır: "Bu qrupun etikadan kənar davranışlarına qarşı prezidentin köməkçisindən, bir neçə millət vəkilindən, qeyri-hökumət təşkilatı rəhbərindən və ayrı-ayrı jurnalistlərdən başqa kimsənin açıq mövqe tutmasının şahidi olmuruq. Hardadı, xalq yazıçılarımız, xalq artistlərimiz, akademiklərimiz? Ev, ad paylansaydı tamamilə fərqli mənzərə olardı, deyilmi?  Həmin qrupun heç bir əndazəyə sığmayan təhqirlərini sosial şəbəkələrdə hələ dünyagörüşü tam formalaşmayan gənclərimiz də izləməmiş deyil. Belə bir şəraitdə ziyalı mövqeyinin ortada olması olduqca vacibdir. Bu təhqir kampaniyasından, nə qədər gizlənsəniz belə, sizə də pay düşdüyünün fərqində deyilmisiniz?
Azərbaycanda hər şeyin qaydasında olduğunu heç kim iddia etmir. Bu çatışmazlıqları qabartmaq və ya onlardan siyasi mübarizədə yararlanmaq normaldır. Ancaq qeyri-etik davranışla, mənəviyyatdan kənar ifadələrlə, təhqirlə siyasətdə uğur əldə etmək mümkün deyil. Bu yolla heç bir halda cəmiyyət qarşısında hörmət qazana və ictimai rəyə təsir göstərmək də mümkün olmayacaq. Bununla belə, millətin əsrlərdir gələn dəyərləri tapdandıqda, ilk növbədə məhz ziyalılar ortada olmalıdır. Bunun üçün kimdənsə tapşırıq gözləmək lazım deyil".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR