Azərbaycan səfiri ilə müsahibə İtaliyanın məşhur turizm portalında

İtaliyanın məşhur "SiViaggia"  turizm portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə müsahibə dərc olunub.

Səfirlikdən Olaylar.az -a bildirilib ki, "Azərbaycanda özünü evindəki kimi hiss edirsən: nəyə görə ora səfər etməli" (In Azerbaigian ci si sente come a casa: ecco perché andarci) başlığı ilə dərc olunmuş müsahibəsində diplomat Azərbaycanın zəngin tarixi-mədəni irsi, təbiət müxtəlifliyi və mənzərələri, xalqımızın qonaqpərvərliyi, ölkəmizdə yaradılmış müasir turizm infrastrukturu, Azərbaycan və italyan xalqlarının oxşar cəhətlərindən danışıb, ölkəmizdə səfərdə olmuş çoxsaylı italyanların özlərini Azərbaycanda öz evlərindəki kimi hiss etdiklərini bildirdiklərini deyib.

2019-cu ildə Azərbaycanda turistlər üçün maraq kəsb edən tədbirlər arasında diplomat Bakıda UEFA Avropa Liqasının final oyununun, növbəti dəfə Formula 1 yarışlarının, habelə paytaxtda və bölgələrdə müxtəlif tədbirlərin, çoxsaylı mədəni və musiqi festivallarının keçiriləcəyini diqqətə çatdırıb. İtalyan turistlərinə Azərbaycana səfər vaxtı getməli olduqları yerlər barədə danışan diplomat bu xüsusda,  Bakıda İçəri Şəhər, Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Dənizkənarı Milli Park, Bakı Art City ərazisində yenidən qurulmuş Milan Ekspo 2015 sərgisində Azərbaycanın milli pavilyonu, Xalça Muzeyi, Qobustan, Yanar Dağ, Atəşgah, habelə ölkəmizin müxtəlif bölgələrindəki turizm imkanları barədə məlumat verib.

Diplomat ailə ilə səyahət edən italyan turistləri üçün də ölkəmizdə rahat və maraqlı infrastrukturun olduğunu deyib, bu xüsusda Bakı bulvarındakı əyləncə və istirahət obyektləri, kiçik Venesiya şəhərciyi, Kukla Teatrı, müxtəlif parklarda, o cümlədən Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün əyləncə məkanları, habelə bölgələrdəki dağ-xizək istirahət kompleksləri, eləcə də Novruz bayramı vaxtı təşkil olunan bayram şənliklərindən də söhbət açıb. 

Müsahibə İtaliyanın tanınmış axtarış portalları olan "Virgilio.it" və "Libero.it" portallarının da marağına səbəb olub və onların əsas səhifələrində "Azərbaycan niyə 2019-cu ildə ən yaxşı turizm istiqamətidir" başlığı ilə müsahibəyə keçid yerləşdirilib.

Müsahibəyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

https://siviaggia.it/interviste/in-azerbaigian-ci-si-sente-come-a-casa-ecco-perche-andarci/220806/

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR