ATƏT yeni qlobal şərtlərə cavab vermir

Məhəmməd Əsədullazadə: "Avropada yeni təhlükəsizlik strukturuna ehtiyac var"

" ATƏT-in hüquqi və tövsiyə xarakterli fəaliyyəti, müasir regional və qlobal böhranlı vəziyyətlərə adekvat deyil"

2019-cu ilin Dağlıq Qarabağ probleminin həlli istiqamətində dönüş ili olacağına dair müəyyən ümidlər səsləndirilir. Həm bu sahədə diplomatik fəallığın artması, həm Azərbaycanın əldə etdiyi üstünlüklər, həm də Ermənistanın bütün istiqamətlərdə uğursuzluğa düçar olması belə deməyə əsas verir. Digər bir məqam isə ATƏT-ə sədrliyin dəyişilməsidir ki, bu amil də 2019-cu ildə Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyişlərin olacağı ehtimallarını artırır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hazırda Qarabağ problemi ətrafında gedən proseslər, ATƏT-ə sədrliyin Slovakiyaya keçməsinin münaqişənin həllinə təsir mümkünlüyü barədə danışıb.

-Məhəmməd bəy, bu ildən ATƏT-ə sədrlik Slovakiyaya keçir. Sizcə, bu prosedur qaydadan müsbət nəsə gözləməyə dəyərmi?

-ATƏT-ə sədrlik rotasiya qaydasına uyğun olaraq İtaliyadan Slovakiyaya keçdi. ATƏT-ın fəaliyyət sırasına daxil olan Avropada həll olunmamış münaqişələrin nizamlanması, sülh və təhlükəsizliyin təmin olunması, ölkələrin suverenliyinin təmini və dəstəklənməsidir. Azərbaycan üçün bu təşkilatın əsas xüsusiyyəti Qarabağ münaqişəsinin həllində roludur. Məhz ATƏT-in Minsk qrupu 25 ilə yaxındır ki, Ermənistanın işğalı nəticəsində meydana gəlmiş konfliktin həlli ilə məşğul olur. Amma, bu təşkilatın təsir və təzyiq mexanizmi olmadığı üçün fəaliyyəti yalnız tövsiyə xarakteridir. Buna görə də təşkilatın münaqişələrin həllində rolu təsirsizdir. ATƏT-in hər il yeni görəvə başlayan sədri Qarabağ münaqişənin həlli ilə bağlı işlərin sürətlənməsi və danışıqlar prosesinə töhfə verəcəyi kimi açıqlamalar verib. Ötən il İtaliya sədrliyə gələndə, bu ölkənin xarici işlər naziri konfliktin həllində yaxından iştirak edəcəyini qeyd etmişdi.  Qeyd edim ki, İtaliyanın Azərbaycanla siyasi əlaqələri yüksək səviyyədədir və sədrin bu bəyanatını yüksək sıviyyədə dəyərləndirildi. Həqiqətən İtaliya konfliktin həllinə Azərbaycanın ərazi bütövlüyü prizmasından baxır.

-Ümumiyyətlə gözləntilər nədən ibarətdir?

-Hazırda ATƏT əraźisində münaqişələr daha da mürəkkəb bir keçidə qədəm qoyub. Sədrliyə gələn Slovakiyanın münaqişələrin həllində hər hansı bir irəliyə addım atacağı gözlənilmir. Baxmayaraq ki, bu ölkənin Azərbaycanla əlaqələri yüksək səviyyədədir. Ölkəmizə silah satışı həyata keçirən Avropa ölkəsidir. Bu, o deməkdir ki, bu ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Təbii ki, Slovakiya Qarabağ münaqişəsinin həlli ilə bağlı sədr səviyyəsində yaxından iştirak edəcək. Nəzərə alaq ki, il ərzində danışıqlar prosesi yeni mərhələdə davam etməlidir. Konflikt ətrafında müəyyən gözləntilər var. Məhz bu xüsusda Slovakiya ATƏT sədri olaraq ölkəmizə siyasi dəstək verə bilər.

-Ancaq onu da nəzərə almaq lazımdır ki, Avropanın özündə hazırda ciddi böhran hökm sürür

-Tamamilə doğru deyirsiniz. Hazırda Avropanın şərqində ciddi təhlükəsizlik böhranı yaşanır. Ukraynanın şərqində separatizm, Rusiyanın Krımı anneksiyası, Kerç böhranı, Cənubi Qafazda həll edilməmiş münaqişələr kifayət qədər Slovakiyanın sədrliyi dövründə daha da böhranlı fazaya keçib. 
Demək olar ki, ATƏT artıq, yeni qlobal şərtlərə cavab vermir. Avropda yeni təhlükəsizlik strukturuna ehtiyac var. Yaxud, ATƏT-ın nizamnaməsində dəyişikliklər edib, təzyiq mexanizmlərini əlavə etmək lazımdır. ATƏT-in hüquqi və tövsiyə xarakterli fəaliyyəti, müasir regional və qlobal böhranlı vəziyyətlərə adekvat deyil.

-Bu arada Türkiyə ilə Rusiya arasında Suriya məsələsində bir strateji yaxınlaşma hiss olunur. Bu yaxınlaşma Qafqazdakı problemlərin, xüsusilə Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə müsbət təsir göstərər?

-Türkiyə ilə Rusiya arasında Suriya üzrə strateji yaxınlaşma, iki ölkənin siyasi-iqtisadi əlaqələrinin inkişafı Ankranın yenidən Qarabağla bağlı Rusiya ilə danışıqlar aparmasını şərtləndirir. İki ölkə Suriya məsələsində ortaq mövqeyə gəlib, münaqişəni həll edirsə, eyni president Qarabağa da tətbiq oluna bilər. Qeyd edim ki, prezident Rəcəb Tayyib Ərdoğan iki il bundan əvvəl Vladimir Putinlə münaqişəni müzakirə etdi, real dəyişikliklərə gətirə biləcək danışıqlar apardı. Son anda Putin mövqeyindən geri çəkilməklə, danışıqlara son qoydu. Çünki, Rusiya rəhbərliyi Qarabağ münaqişəsinin həllində yalnız öz geosiyasi maraqlarından çıxış etdi. Bu da Azərbaycanın suverenliyini təhdid edirdi. İndi isə, regionda ciddi dəyişiliklər baş verib. Ermənistandakı hakimiyyət Rusiya tabe olmur. Bu hakimiyyət Qərbin təlimatı ilə Türkiyə və Azərbaycanla normal əlaqələr qurmasına gətirə bilən proseslərə getməlidir. Bu da Kremlin maraqlarına cavab vermir.

Türkiyə və Rusiya arasında sıx və qarşılıqlı etimad mühiti formalaşıb. Bu imkan verir ki, prezident Ərdoğan yenidən Qarabağ münaqişəsini Putinlə müzakirə etsin. Türkiyə Rusiya ilə il ərzində probelmin həllində danışıqlar aparıb, Moskvanın mövqeyində dəyişiliklər edə bilər. Bundan əlavə, Ərdoğanın seçki marafonunda Qarabağ münaqişəsinin həllini xarici siyasətinin prioriteti elan etməsi Ankaranın da münaqişənin həllində maraqlı olduğunu göstərir.

-Bütün bunlar 2019-cu ilə ümidlə baxmağa əsas verirmi?

-İl ərzində konflikt ətrafında müəyyən gözləntilər var. Bu, Ermənistan və Azərbaycanın birbaşa dialoqunun nəticəsidir. Sadəcə, Rusiya yenidən münaqişənin həllini tormozlaya bilər. Ona görə də indiki situasiyada Türkiyə də bu danışıqlara cəlb edilməli, birbaşa Moskva ilə danışıqlar aparmalıdır ki, Kreml rəhbərliyi prosesə mane olmasın. Rəsmi Bakı Ankara ilə sıx işbirliyində olmalıdır. Regionda dəyişən şərtlər, təhlükəsizlik problemi Türkiyə Azərbaycan arasında hərbi müttəfiqliyi labüd edir. İl ərzində Türkiyə ilə bu müqavilə bağlanmalıdır. Hətta Türkiyənin ölkəmizdə hərbi aviabazasının açılması reallaşmalıdır.

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR