“Zatulinin ermənilərə qulbeçəlik etməsi artıq kiməsəyə sirr deyil”

"İşğalçı dövlətin paytaxtı Yerevanda özünü ictimai diplomatiyanın "yeni formatı" qismində təqdim edən Rusiya-Ermənistan "Lazarev klubu"nun iclası Azərbaycana, o cümlədən, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə qarşı yönəlmiş növbəti təxribatçılıq əməlidir". Bunu  millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, bunun başqa adı və izahı da yoxdur, bu, təxribatdan savayı bir şey deyil: "Çünki bu formatın təşəbbüskarlarına, eləcə də, klubun ilk iclasına qatılan iştirakçılarına ani baxmaq yetər ki, məsələnin əsl mahiyyəti dərhal üzə çıxmış və aydınlaşmış olsun. Həmçinin, Azərbaycan "Rus İcması"nın bəyanatında da vurğulandığı kimi, bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulinin faktiki olaraq Ermənistanın rəsmi "dirəyi" və Yerevanın Rusiya Dumasının komitəsindəki nümayəndəsi olmasına çoxdan öyrəşmişik. Zatulinin Ermənistana və ermənilərə qulbeçəlik etməsi artıq kiməsə sirr deyil. Bu adam nə öz rəsmi statusuna, nə də təmsilçisi olduğu ölkənin yeritdiyi rəsmi siyasətinə hörmət qoyur. Zatulin və onun kimilərinin məqsədləri, niyyətləri əslində bəllidir. Bunun üzərində o qədər də baş sındırmağına, boş və mənasız yerə vaxt sərf etməyinə dəyməz. Zatulinlər indiyə kimi olub, var və bundan sonra da olacaqlar. Burada kiməsə sirr və yeni kəşf kimi görünəcək bir məsələ də yoxdur. Belələri öz şəxsiyyətlərini, şərəf və ləyaqətlərini öz şəxsi, cılız maraqlarına görə hər şeydən üstün tutan üzdəniraqlardır, onlar üçün dövlətçilik, milli maraqlar deyilən anlayış da yoxdur. Onları varsa da, yoxsa da şəxsi mənfət, maddi qazanc, pul düşündürür, kim çox pul versə, onların çaldıqlarına oynayırlar. Amma məsələnin digər və əsas tərəfi odur ki, Zatulin böyük bir vəzifəni tutur, Rusiya kimi dövlətin ali qanunverici orqanının belə demək mümkünsə, rəhbərliyində təmsil olunur, nüfuzlu və vacib bir komitənin sədr müavinidir. Ancaq bu adam, bu zat nə statusuna, nə də təmsilçisi olduğu dövlətə, onun rəsmi siyasətinə və ali qanunverici orqanına hörmət qoyur. O, öz çirkin, təxribatçı əməlləri ilə həm öz ölkəsinə, onun nüfuzuna xələl gətirir, həm də Rusiyanın ən yaxın və cənub qonşularından, az qala strateji müttəfiqlərindən biri olan Azərbaycanla münasibətlərinə zərbə vurur. Onun hərəkətləri, addımları Rusiya-Azərbaycan münasibətlərinə də kölgə salır".

E.Səlimov qeyd edib ki, bu gün Rusiyayla Azərbaycan arasında ideal münasibətlər mövcuddur: "Təkcə son 10-11 ayda iki ölkənin prezidentləri ən azı 6 dəfə bir araya gəliblər. Həmçinin, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətindən biridir. İndi belə olan təqdirdə, necə ola bilər ki, Rusiya münaqişənin həlli ilə bağlı danışıqlar prosesində vasitəçilik etsin, ancaq onun rəsmi şəxslərindən biri öz ölkəsinin mandatına, missiyasına zərbə vuran hərəkətlərə yol versin?!... Hesab edirəm ki, Rusiya rəhbərliyi, konkret olaraq, Rusiya Duması artıq Zatulin və onun kimilər barədə ciddi qərar verməli, sərt ölçülər götürməlidir. Götürməlidir ki, başqalarına, gələcəkdə bu niyyətə düşmək istəyində olanlara da ibrət, dərs olsun. İnanıram ki, bu, belə də olacaq, Zatulinlərə öz dövlətləri, rəhbərlikləri səviyyəsində haqq etdikləri yer tanıdılacaq və onların təxribatçılıq əməllərinin qarşısı alınacaq. ATƏT-in Minsk Qrupunun həmsədri və ən böyük qonşumuz, çox yaxın tərəfdaşımız kimi də bizim Rusiyadan gözləntimiz budur. Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildirilməsini, sərt reaksiya verilməsini müsbət haldır. Çox yəqin ki, oradan səsləndirilən mesajlardan nəticə çıxarılacaq".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR