Azərbaycanın Hərbi Doktrinası dəyişdirilir? - Zahid Orucdan MÜHÜM AÇIQLAMA

"Biz bununla qətiyyən Qərbin maraqları əleyhinə yer alacağımızı söyləmirik".

Bu fikirləri  Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi qismində üzvlük məqsədi ilə ölkənin Hərbi Doktrinasına müvafiq dəyişikliklər edilməsinə hazırlıq görülməsinə dair iddialara münasibət bildirən millət vəkili Zahid Oruc deyib.

Qarabağ Komitəsinin ötən gün keçirilmiş toplantısında Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Azərbaycan hakimiyyətinin KTMT-yə müşahidəçi üzvlük niyyətinin ciddiləşdiyini və bu məqsəd çərçivəsində Hərbi Doktrinanın dəyişdirilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd olunan iddia ilə bağlı Yenicag.az-a danışan millət vəkili Zahid Oruc isə Milli Məclisdə bu məsələyə dair hər hansı hazırlığın olmadığını söyləyib:
"Öncə onu xatırladım ki, Azərbaycan əvvəllər KTMT-də yer alıb. Yəni bu, bizim üçün yenilik sayılmaz. Lakin Hərbi Doktrinanın dəyişdirilməsi zərurəti o zaman meydana çıxardı ki, ölkədə xarici hərbi bazaların yerləşdirilməsi yönündə hansısa addımların atılması istənilsin, bundan ötrü müstəvi formalaşdırılsın, eləcə də, həmin tədbirlər siyasi qərarlar vasitəsilə möhkəmləndirilsin. Hətta bunu hər hansı geopolitik mənafelərlə izah edəsən. O cümlədən bilirəm ki, əsasən, Qarabağ münaqişəsinin həlli kontekstində Azərbaycanın müxtəlif xarici ittifaqlarda, hərbi formatlarda iştirak məsələsi gündəmə gələrkən bunu iddia edirlər.

Əgər Pənah bəyin söylədiyi kimi, belə bir zərurət meydana çıxsaydı ki, Azərbaycan taleyüklü qərar verərək, bu məkanda qonşu sayılan dövlətlərlə münasibətlərini bir qədər də irəli daşımağa çalışır və bunu Ermənistan əleyhinə fəaliyyətin tərkib hissəsi olaraq, formalaşdırmaq istəyir, o halda Hərbi Doktrinanın dəyişdirilməsinə ehtiyac olmazdı. Yəni bunu başqa siyasi tədbirlər vasitəsilə reallaşdırmaq mümkün idi. Bir daha qeyd etmək yerinə düşər ki, keçmiş Sovet məkanı ölkələri sırasında xarici qoşunların, hərbi birləşmələrin - fərq etməz, Qərb hərbi alyanslarının hərbi kontingenti, yaxud da xofla yanaşılan Rusiya hərbçilətri - olmadığı azsaylı ölkələrdən biridir.

Biz hamımız 90-cı illərin atmosferindən çıxmalıyıq, tarixin girovluğunda yaşayanda, bəzən səhv qərarlar vermiş olursan. Uzağa getməyək, indiki reallıqda gözümüzün qabağında Ermənistan nümunəsi var. Küçə və meydandan gələn siyasi qüvvələr əvvəlki çıxışlarının xarakterinə, ruhuna tamamilə zidd olan dövlət siyasəti gerçəkləşdirmək istəyirlər, Putinlə görüşə cəhd göstərirlər və sair. Yaxud da, GUAM-da təmsil olunan Ukraynanın taleyi gözümüzün qabağındadır. "Hansı təsir dairəsində olacaq?" sualı ətrafında qalan bir ölkənin gələcəyinə bəlkə də, yüz illik zərbə vurdular. İki qardaş xalqı toqquşdurdular və onların savaşı bu gün də davam etməkdədir.

Ona görə də, Azərbaycanın KTMT-yə daxil olub-olmaması yönündə parlamentdə hər hansı hazırlıqlar, qabaqlayıcı tədbirlər, cəmiyyəti buna kökləyən yöndə işlər görülmür. Lakin burada önəmli olan məsələ ondan ibarətdir ki, prezident İlham Əıiyev çox uğurlu şəkildə mühüm lider əzmi və ustalıqla, məharətlə regional güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə qaldırıb. Ermənistanın tarixən Rusiya ilə dostluqdan istifadə edərək, bizi Kremlin əli ilə əzmək siyasəti bəlkə də yüz il ərzində ilk dəfədir ki, işləmir. Görünür, bundan bizim öz içərimizdəki müxtəlif qüvvələr qəribə formada narahat olmağa başlayıblar. Qərbpərəstlik mütləq Rusiya ilə düşmənçiliyi nəzərdə tutur? Bu, harada yazılıb, bunu hansı politoloji kitab meydana çıxarıb?

Tam məsuliyyətlə deyirəm ki, parlamentdə Hərbi Doktrinanın dəyişdirilməsi istiqamətində hər hansı addım atılmır. Ancaq onillər ərzində siyasətdə yer alan, müxtəlif tarixi hadisələrin səbəblərini dərk etməyə çalışan hər bir siyasi qüvvədən istəyimiz odur ki, Rusiya ilə Azərbaycan arasında yaxınlaşmanı özlərinin hakimiyyət uğrunda mübarizələri kontekstində qiymətləndirməsinlər. Yaxud da, əksinə. Biz bununla qətiyyən Qərbin maraqları əleyhinə yer alacağımızı söyləmirik. Azərbaycan nə ABŞ-la Avropa Birliyinin əlində İran və Rusiyaya qarşı forpost deyil, nə də ki əksinə. Bu xətti də davam etdirmək və cəmiyyətə düzgün çatdırmaq lazımdır".

www.yenicag.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR