Həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür

"Bu günlərdə Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənədə nəzər yetirdikdə aydın olur ki, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Növbəti ildə əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində olacaq. Gələn il səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni, 32 faiz çoxdur. Bununla yanaşı, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Təhsil xərcləri isə 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq." Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ehtiyac meyarının, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimum məbləğinin, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin artırılması ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir: "2019-cu ildə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin 173 manatdan 180 manata çatdırılması planlaşdırılır. Həmçinin qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq. Bu rəqəm 2018-ci illə müqayisədə 7 faiz çoxdur. Dövlət büdcəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsinin davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulur.

Rəqəmlərdən də göründüyü kimi, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Görülən işlər, həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması, onların dövlətin diqqət və qayğısı ilə əhatə olunması üçündür."

"İki sahil" qəzetinin baş redaktoru əlavə edib ki, gələn ilin büdcəsində ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, həmçinin hərbi qulluqçulara mənzillərin verilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı da mühüm məqamlar yer alıb: "Belə ki, bu istiqamətdəki xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu tendensiya ildən-ilə daha yüksək göstəricilərlə davam etdirilir."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR