İlk addımda fiaskoya uğrayan "Lazarev klubu”

Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək Zatulinin gücündə deyil  

Rusiyanın qatı ermənipərəst deputatı Konstantin Zatulin tərəfindən qurulan "Lazarev klubu" Yerevanda ilk iclaısnı keçirib. Maraqlı məqam ondan ibarətdir ki, iclasa Rusiyadan olan geniş nümayəndə heyəti qatılıb ki, çıxış edənlər yalnız Azərbaycanı hədəfə alıblar. Bəs, sözügedən klub hansı məqsədə yaradılıb və qarşısına hansı vəzifələr qoyulub?  Xatırladaq ki, "Lazarev klubu" Rusiya Dövlət Dumasının deputatı, MDB ölkələri üzrə komitənin sədr müavini Konstantin Zatulunin bu ilin oktyabrın 9-da İrəvan səfəri zamanı Ermənistan parlamentinin sədri Ara Babloyanla birlikdə alınan qərarla yaradılıb. Klubun adı 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi məqsədilə yaradılan komitəyə rəhbərlik edən, erməni əsilli rusiyalı hərbçi Qriqori Lazarevin şərəfinə adlandırılıb.Təkcə bu fakt "Lazarev klubu"nun hansı məqsədə xidmət etdiyini açıq-aydın ortaya qoyur. Məsələ orasındadır ki, K.Zatulin ermənilərin "damarını tutuaraq" bu məsələdən şəxsi mənafeyi üçün səmərəli istifadə edir. Millətçi ermənilərin eşitmək istədikləri fikirləri səsləndirməklə boxçasını doldurur. Bu isə o deməkdir ki, "Lazarev klubu" erməni diasporunun pulundan yararlanmaq məqsədi ilə yaratdığı yardımçı təsərrüfatlardan biridir. Elə bu səbədən də kluba millətçi, Azərbaycana qarşı sərt mövqeyi ilə tanınan, müztəlif sosial təbəqələri təmsil edən  ermənilər üzv qəbul edilib. Belə ki, klubun üzvləri arasında iş adamlarından Kamo Avaqumyan, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan, jurnalist Roman Babayan, Zori Balayan, deputat Artaşes Geqamyan, "Regnum" agenltiyinin direktoru Modest Kolerov, Rusiya XİN Veteranlar Şurasının sədri Vladimir Kazimirov, Ermənistan İctimai Şurasının sədri Vazgen Manukyan, Rusiya Dövlət Dumasının təhsil və elm komissiyasının sədri Vyaçeslav Nikonov, cazmen Levon Malxasyan, Rusiya Federasiya Şurasının üzvü, Ermənistanın Milli Qəhrəmanı, SSRİ-nin keçmiş baş naziri Nikolay Rljkov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) rektoru akademik Anatoli Torkunov, Rusiya Dövlət Dumasının deputatı Artur Çilingərov, "Mosfilm" kinokonserninin rəhbəri Karen Şahnazarov  kimi şəxslər təmsil olunurlar. Narahatverici məqam ondan ibarətdir ki, özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən"Lazarev klubunun"  əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

Məsələ orasındadır ki, K.Zatulin "pul dağarcığı" hesab etdiyi klubun elə ilk iclasında məyus olub. Demək olar ki, klubun fəaliyyəti uğursuzluğa düçar olub. Belə ki, əvvəldən də elan edildiyi kimi, tədbirə Ermənistanın siyasi elitasının bütün nümayəndələri, o cümlədən keçmiş prezidentlər - Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, hazırki prezident Armen Sarkisyan və baş nazir səlahiyyətlərini icran edən Nikol Paşinyan dəvətli olsalar da, sonuncular onu boykot etməyə üstünlük veriblər. Bununla da ermənipərəst rusiyalı deputatı pis vəziyyətdə qoyublar. Görüşdə sadəcə Rusiyaya sıx bağlı olan siyasətçilər, politoloqlar, alimlər və ekspertlər iştirak ediblər. Erməni mediasının yazdığına görə, iclasın yüksək səviyyədə keçirilməsi üçün Kremldən əvvəlcədən xüsusi tapşırıq gəlsə də, Paşinyan yenə də tədbirə qatılmaq istəməyib. Maraqlı olan həm də odur ki, Paşinyan Yerevanda olan Rusiya nümayəndə heyəti ilə görüşmək belə istəməyib. Beləliklə Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin təşəbbüsü ilə "Lazarev klubu"nun birinci iclası fiaskoya uğrayıb. Yeri gəlmişkən qeyd edək ki, "Lazerev klubu"nun iclasında səsləndiriən fikirlər həm də Ermənistanda daxili qarşıdurmanı qızışdırmaq üçün "barıt" rolunu oynayıb. Belə ki, Paşinyanın tədbirə qatılmaması onun əleyhdarlarının əlinə fürsət vermiş olub. Məsələn, keçmiş prezident Robert Koçaryan klubun tribunasından o ki var Paşinyan və yürüdülən siyasətə qarşı sərt fikirlər səsləndirib. İclasda çıxış edən Koçaryanın əsas hədəfi indiki hakimiyyət olub. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri bu gün xüsusi qayğıya ehtiyac duyur.

İclasda Azərbaycanla bağlı səsləndirilən fikirlərə gəldikdə bəllidir ki, həmin fikirlər məqsdyönlü şəkildə Azərbaycanla Rusiya arasındakı yüksək səviyyəli münasibətin korlanmasına hesablanıb. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü qərbyönümlü siyasət rəsmi Moskvanı Yerevandan incik salıb. Ermmənistanda düşünürlər ki, yaranmış vəziyyət Azərbaycanın xerinə işləyir və Dağlıq Qarabağ məsələsində bundan istifadə edilə bilər. Odur ki, bütün gücü Risiya-Azərbaycan münasibətlərinin korlanmasına səfərbər ediblər. Təbii ki, bu məsələdə də daim "seyid əli ilə ilan tutmaq" siyasəti aparan ermənilər Konstantin Zatulin kartından yararlanmağa çalışırlar.

Artıq Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı Səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb. Məsələyə aydınlıq gətirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür: "Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, "Lazerev klubu"nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir". Qətiyyətlə demək olar ki, erməni və rus şovinistlərinin bütün cəhdlərinə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir və bu münasibəti korlamaq Zatulin gücündə deyil.  

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR