İlham Əliyevin "Rossiya-24" telekanalına müsahibəsində vacib nüanslar əksini tapıb

Rusiya-Azərbaycan münasibətlərinin genişlənməsi barədə mesajlar daha çox diqqət çəkir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Rossiya-24" televiziya telekanalına müsahibə verib. Dövlət başçısı müsahibəsində bir sıra əhəmiyyətli məsələlərə toxunub. Siyasi ekspertlər tərəfindən ölkə prezidentinin müsahibəsi yüksək qiymətləndirilir. Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" televiziya telekanalına müsahibəsində ölkəmizin inkişaf konsepsiyasını təqdim etməklə yanaşı, iki ölkə arasında olan münasibətlərə də toxundu. Dövlət başçısı Azərbaycan-Rusiya arasında münasibətlərin inkişaf edən xətt üzrə davam etdiyini bildirdi.İki ölkə arasında əməkdaşlıq əlaqələrinin ildən-ilə daha da inkişaf etdiyini deyən deputat söyləyib ki, Azərbaycan Prezidentinin müsahibə zamanı qeyd etdiyi kimi ölkələr bütün sahələr üzrə tərəfdaş, əməkdaşlıq, mehriban qonşuluq münasibətlərinə malikdir: "Ölkə başçısının bu istiqamətdə verdiyi mesajları bir daha göstərdi ki, münasibətlər təkcə hökumətlər səviyyəsində yox, həm də cəmiyyətlər və insanlar arasında, iqtisadi, siyasi, humanitar, mədəni və əlbəttə ki, turizm sahəsində yaxınlaşır. Bunun əsas göstəricilərindən biri Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ölkəmizə gələn turistlərin çoxunu məhz Rusiya vətəndaşlarının təşkil etməsidir". Müsahibənin Azərbaycanda keçirilən "Bakutel" sərgisi çərçivəsində baş tutduğunu deyən E. Məmmədov söyləyib ki, artıq ölkəmizin XXIV sərgiyə ev sahibliyi etməsi Azərbaycanın inkişafının, əldə etdiyi nailiyyətlərinin göstəricisidir. Deputat söyləyib ki, ümumiyyətlə, Azərbaycan düşmən Ermənistandan başqa bütün qonşu dövlətlərlə səmimi, mehriban dostluq münasibətləri saxlayır: " Lakin bəzən çox təəssüf ki, bunun qarşılığı olmur. Sözdə başqa, əməldə isə tamamilə fərqli münasibət ortaya qoyulur. Lakin münasibətlərin hər iki tərəfdən səmimi olunması arzu olunandır. Bütün qonşu dövlətlər, o cümlədən də Rusiya Azərbaycandan hər zaman sədaqətli qonşuluq, etibarlı tərəfdaş münasibətləri görüb. Təbii ki, qonşu tərəfdən də bunları gözləyirik". Politoloq Aydın Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində bir çox mesajlar verdi. Müsahibəni Azərbaycanın inkişaf konsepsiyasının bəzi ideya prinsiplərinin nümayişi də adlandırmaq olar". A.Quliyev bildirib ki, Azərbaycan Prezidentinin müsahibə zamanı ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində söylədiyi fikirlər müasir böhranlardan rifaha çıxış yolları axtaran xalqlar və dövlətlər üçün dəyərli ola bilər. O, vurğulayıb ki, ölkə başçısının müsahibə zamanı söylədiyi ən maraqlı fikirlərdən biri yeni iş yerlərinin yaradılmasının iqtisadi və demoqrafik inkişafa uyğunlaşdırılması ilə bağlıdır: "Azərbaycan Prezidenti bununla yeni iş yerlərinin yaradılması konsepsiyasının iki mühüm və zəruri hədəfini göstərdi. Birincisi, cəmiyyətin indiki nəslinin işlə təminatını fasiləsiz prosesə çevirmək, ikincisi isə sabahkı insanlarımızın əmək qabiliyyətli həddə çatdığı an üçün hazır iş yerləri yaratmaq. Prezident 20-30 il sonrakı insanlar üçün iş yerlərindən danışanda məhz bu məqamı nəzərdə tutdu". A.Quliyev qeyd edib ki, müsahibə zamanı dövlət başçısının Azərbaycana gələn turistlər arasında rusların üstünlük təşkil etdiyi barədə fikrinə sadəcə statistika həvəskarlarının marağına cavab verən fakt kimi baxmaq olmaz: "Prezident burada strateji relslər üstündə dönməz hərəkət sürəti almış Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması barədə mühüm bir mesaj verdi. Mesajın mahiyyəti budur ki, münasibətlər təkcə hökumətlər səviyyəsində yox, həm də cəmiyyətlər və insanlar arasında, iqtisadi, siyasi, humanitar, mədəni və əlbəttə ki, turizm sahəsində yaxınlaşır". A. Quliyev əlavə edib ki, müsahibə zamanı düşmən Ermənistana verilən mesajın tam ağırlığını da duymaq mümkündür: "Rusiyadan qopa, Qərbə birləşə bilməyən Ermənistanın indiki ümidsiz vəziyyətində bu mesajların nə qədər təsirli olduğunu bilmək lazımdır. Rusiya dövlətinin regionda ən etibarlı tərəfdaş kimi Azərbaycanı görməsinin ardınca rus turistlər də ən rahat, ən təhlükəsiz ölkə kimi Azərbaycanı seçirlər. Ermənistanda rus millətindən olanların ətrafında düşmən obrazı yaradıldığı, hətta rusların bir erməni qadınının qətlində ittiham edildiyi vaxtda rus turistlər ən rahat ölkə kimi Azərbaycana axışırlar. Prezident Əliyevin mesajındakı ağırlıq məhz bu fərqi aydın göstərməsindədir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR