Robert Köçəryanın komplementarizmi: ABŞ-dan Den Bilzeryan, RF-dən Konstantin Zatulin

Mübariz Əhmədoğlu: "Rusiya dövlətinin maraqlarını pula satanları Ermənistandan qovmalıdır"

Görünən odur ki, Rusiya Ermənistanın inqilabçı lideri, hazırda işğalçı ölkədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla əməkdaşlıq etmək niyyətində deyil. Paşinyanın hakimiyyəti zəbt etdiyi gündən Ermənistandakı Rusiyaya bağlı siyasilərə qarşı başladığı səlib yürüşü Kremldə heç də normal qarşılanmayıb. Bu azmış kimi inqilabçı liderin ölkəsini üzünü Qərbə çevirmək istəyi də Moskvada ciddi qıcıq yaradıb.

Ermənistanın inqilab yolu ilə formalaşmış hakimiyyətinin atmış olduğu bu kimi addımlara qarşı isə Rusiya adekvat addımlar atmaq niyyətindədir. Bu məqsədlə Rusiyadan hələlik qeyri-rəsmi formada Ermənistandakı Moskvaya yaxınlığı ilə seçilən siyasilərə dəstək nümayiş etdirilir. Bu sırada ən çox sabiq prezident Robert Köçəryanın adı hallanır. Bildirilir ki, Ermənistanda nəzərdə tutulan parlament seçkilərinə qədər Rusiya Paşinyana ciddi rəqib kimi Robert Köçəryanı hazırlayır.  Təsadüfi deyil ki, əksər ekspertlər də bu qənaətdədirlər. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə,  "Lazarev klubu"nun Yerevanda ilk iclasında bəlli oldu ki, bu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın siyasi aktivləşməsi üçün nəzərdə tutulmuş platformadır: "Robert Köçəryan etiraf etdi ki, bir neçə ay öncə K.Zatulin Yerevanda ona "Lazarev klubu" ideyasını təklif edib və Robert Köçəryan hərtərəfli dəstək verəcəyinə vəd verib. Hərtərəfli dəstək maliyyə dəstəyini də əhatə edir. "Lazarev klubu" ideyasının müəllifi Robert Köçəryandır,  sadəcə K.Zatulin vasitəsilə reallaşdırır. Həmin dövrdə Robert Köçəryanın gəlini hətta Den Bilzeryanı gözəlçələri ilə birlikdə Ermənistana gətirtmişdi. Den Bilzeryan və onun gözəlçələri Dağlıq Qarabağ ermənilərini də "paklaşdırdılar". Den Bilzeryana müvafiq olaraq Moskvadan da K.Zatulini dəvət edir".

Mərkəz rəhbəri deyir ki, Robert Köçəryanın Birləşmiş Ştatlarla Rusiya arasında oyun oynaması və ya Rusiyanın maraqlarını Birləşmiş Ştatlara satması üzərində qurduğu siyasət kimə az bəllidirsə K.Zatulinə hamıdan çox bəllidir: "Amerikanın Ermənistandakı səfirliyinin binası həcminə görə dünyada ikincidir. Amerika Ermənistanda belə səfirlik binası tikmək istəmirdi. Bunu Robert Köçəryan tikdi. K.Zatulin Birləşmiş Ştatlar səfirliyinin binası tikilərkən oranı ziyarət edib".. Mübariz Əhmədoğlu deyib ki, YUKOS-CİS vasitəsilə Xodorkovskinin 5 milyard dollar pulunu Rusiyadan Qərbə qaçırdan Robert Köçəryandır. "Sibir" aviakompaniyası daxil olmaqla Rusiyanın şirkətlərini müflisləşdirib, Ermənistandan qovan da Robert Köçəryandır: "Əlbəttə Rusiyanın da xeyrinə başa düşülən addımlar atıb. K.Zatulin Robert Köçəryanın şəxsi politoloqu qismində onun Amerika yönümlü, antiRusiya addımlarının Kremldə müsbət qəbul olunmasına şərait yaradıb. Məhz bu keyfiyyəti ilə K.Zatulin Robert  Köçəryanın qarşısında sınaqdan çıxıb.

K.Zatulinin də Robert Köçəryandan ehtiyacı böyükdür. Yetkinlik yaşına çatmış K.Zatulin həm ər, həm də məşuqdur. İki ailəsi var. Bəzi ailə üzvləri, nəvələri Qərbdə yaşayır, bəziləri bu arzudadır. Pula ehtiyac böyükdür. K.Zatulinin üçün də Robert Köçəryan yaxşı donordur. Ona görə Robert Köçəryan özü prezidentliyini Serj Sərkisyana verməsi də K.Zatulində qısqanclıq yaratdı. O zamankı baş nazir Serj Sərkisyanın kabinetinə girib onu hədələdi".

Mərkəz rəhbərinin sözlərinə görə, Zatulinin Rusiya dövlətçiliyinə münasibəti ən yaxşı halda sıfırdır, hətta mənfidir: "İndiki vəziyyətdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü Rusiyanın bəzi siyasiləri, o cümlədən K.Zatulinin deputat yoldaşları aktuallaşdırıblar. Nikol Paşinyan, prezident Armen Sərkisyan, xarici işlər naziri Z.Mnasakanyan dəfələrlə bildiriblər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayacaq, Ermənistan konsensus verməyəcək. K.Zatulin sayı təxminən 100-ə yaxınlaşan bu mövzuda bəyanatların heç birinə bu günədək reaksiya verməyib. Axı Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü Rusiyanın arzusudur, bunun əleyhinə gedən də özünü Rusiyanın strateji müttəfiqi adlandıran Ermənistandır. Bir şey dəqiq aydındır K.Zatulin Ermənistanın lobbiçiliyi ilə məşğul olduğu dövrdə Rusiyanın Ermənistandakı reytinqi aşağı düşüb. Kreml Ermənistanda Rusiyanın mövqeyini gücləndirmək istəyisə K.Zatulin kimi müftəxorları, Rusiya dövlətinin maraqlarını pula satanları Ermənistandan qovmalıdır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR