Üçrəngli bayrağımız- qürur mənbəyimiz

Bayrağa məhəbbət dövlətə məhəbbətdir

Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür.  Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və rəmz bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Azərbaycan türkünün bayraq sevgisi həmişə böyük olub. Bu sevgi neçə-neçə əsrlərdən, illərdən keçib, əfsanəyə, rəvayətə çevrilib bu günümüzə gəlib çıxıb. Məlum olduğu kimi üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. 1918-ci ildə Azərbaycanın şimalında qaldırılan üçrəngli bayraq müqəddəs bir amala çevrilsə də, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə bu bayraq sevgisi illər boyu ürəklərdə gəzməkdə davam edib. Uzun illərdən sonra üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin böyük cəsarət və əzmkarlığı sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin binasında öz şərəfli yerini tutdu. Düz 72 ildən sonra ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi yenidən qaldırıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. O zaman Sovet İttifaqının dağılmasına hələ bir il qalmışdı. Deməli, əslində bizim müstəqilliyə gedən yolumuz o gündən başlanmışdır. Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir. O illərdəki vəziyyət yaşlı və orta nəslin yaxşı yadındadır. O illər Azərbaycanın inkişafı, gələcəyi üçün həlledici illər idi. Azərbaycan dövlət müstəqilliyinə qovuşanda ölkədə gedən ictimai siyasi proseslər mənfi istiqamətdə idi. Ölkədə anarxiya, hərc-mərclik hökm sürürdü. Azərbaycanın inkişaf perspektivləri görünmürdü, əslində ölkəmiz dövlət müstəqilliyini itirə bilərdi. Xalqımızın müdrikliyi və qəti tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda bütün xoşagəlməz hallar aradan qaldırıldı, sabitlik yaradıldı, ölkənin inkişaf istiqamətləri müəyyənləşdirildi. 1993-2003-cü Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul olundu. Bayrağımız mötəbər beynəlxalq təşkilatların mənzil-qərargahlarında dalğalanmağa başladı. Azərbaycan xarici tərəfdaşlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bildi.

Keçən əsrin sonlarına yaxın Azərbaycanın dövlət bayrağını ikinci dəfə həyata qaytaran ümummilli lider Heydər Əliyev bu əlamətdar hadisənin əhəmiyyətindən danışarkən demişdir: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil, bunu dərk etsin,qiymətləndirsin. Bayrağa olan məhəbbət, vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olsun. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə-idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Xatırladaq ki, müstəqillik xalqımızın ən böyük sərvətidir, xoşbəxtliyidir. Əsrlər boyu xalqımız müstəqillik həsrəti, azadlıq arzusu ilə yaşayıb. Bu tarixi imkan, şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Yuxarıda qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Düz 24 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, qüdrətli dövlət yaratmışıq. Elə bir dövlət ki, burada bütün azadlıqlar mövcuddur. Təhlükəsizlik, sosial rifah, iqtisadi inkişaf təmin edilir. Burada bütün xalqların, millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, mehribanlıq, dostluq şəraitində ömür sürürlər. Elə bir dövlət ki, burada milli-dini dözümlülük yüksək səviyyədədir və indi Azərbaycan bu məsələlərdə başqalarına nümunə kimi göstərilir. Bu gün Azərbaycan öz gücünə arxalanan, bütün tərəfdaşları ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli bir ölkədir. Azərbaycan artıq böyük bir regional amilə çevrilib. Sabitlik, təhlükəsizlik və inkişaf amilinə. Azərbaycanın təşəbbüsləri, irəli sürdüyü layihələr səmərə verir, həm bizə, həm də tərəfdaşlarımıza xeyir gətirir. İftixarla qeyd olunmalıdır ki, bugünədək ölkəmiz tərəfindən atılan addımlar düzgün istiqamətli olmuşdur. Ölkəmiz müstəqil siyasət aparır. Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu, böyük xoşbəxtlikdir, tükənməz sərvətdir. Azərbaycan cəmiyyətində vahid həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu yüksəkdir. Ölkəmizdə gənc nəsil bu ruhda tərbiyə olunur. Gənclərimiz hər an Vətən yolunda hətta canlarından keçməyə hazır olan vətəndaşlar kimi yetişirlər. Sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir. 

Prezident İlham Əliyevin təbirincə desək: "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR