Almaniyada erməni mafiyası at oynadır

İşğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş almaniyalı deputatın erməni mafiyası ilə əlaqələri üzə çıxıb

Erməni Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal olunduqdan sonra bu əraziyə qanunsuz səfərlər mütəmadi xarakter alıb. Vəziyyət o həddə çatıb ki, işğal olunmuş ərazilərə qanunsuz səfər edənlər sırasında adi turistindən tutmuş yüksək məncəbli dövlət məmurlarına qədər müxtəlif şəxslər var. Düzdür, əslində belə səfərlər erməni diasporası tərəfindən təşkil edilir, Dağlıq Qarabağa səfər edənlər yüksək səviyyədə maliyyə təzminatı ilə təmin olunurlar. Elə bu səbəbdən də bir sıra avropalı siyasətçilər illərlə qazandıqları siyasi karyeranın üstündən xətt çəkərək Qarabağa getməyə razılıq verirlər. Azərbaycan tərəfi dəfələrlə belə səfərlərə qarşı adekvat addımlar atsa da hələlik belə səfərlərin qarşısını almaq mümkün olmayıb. Konkret olaraq Xarici İşlər Nazirliyi tərəfindən bu addımı atan şəxslər "qara siyahı"ya salınıb, "persona non qrata" elan olunub. Təəssüf ki, avropa siyasətçilərində maddi maraq şəxsi karyeranı üstələməkdə davam edir. Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, konkret olaraq  Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma "seçkilərdə" və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Etiraf edilməlidir ki, belə hallar münaqişənin sülh yolla həllinə deyil, separatçı rejimin beynəlxalq aləmə tanıdılmasına xidmət edir. Nəzərə almaq lazımdır ki, kiçik bir araşdırmadan sonra Azərbaycanın işğal olunmuş ərzilərinə qanunsuz səfər edən avropalı siyasətçilərin erməni diasporası, yaxud erməni mafiyası, eləcə də diplomatları ilə kriminal əlaqələri üzə çıxır.

Bu dəfə işğal altında olan ərazilərimizə səfər edən Almaniya Bundestaqının deputatı və erməni lobbisi təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerin Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyan və  erməni cinayətkar qruplaşmalarla kriminal əməlləri üzə çıxıb. Belə ki, Almaniya mətbuatında Almaniyada erməni mafiyasının mövcudluğu və Ermənistanın bu ölkədəki səfiri Aşot Smbatyanın erməni cinayətkar qruplaşmalarla əlaqələrinə dair məlumatlar dərc olunub. Araşdırmada adı hallanan şəxslərdən biri də Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş, Bundestaqın deputatı və erməni lobbisi təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vaylerdir. Bu həmin Valyerdir ki, o, Almaniya Kansleri Anjeka Merkelin ölkəmizə səfəri zamanı nümayəndə heyətinin tərkibinə daxil olmağa çalışırdı. Azərbaycan tərəfindən onun ölkəmizə səfərinə icazə verilmədi. Hal-hazırda həmin şəxsin adı Almaniyada həbs olunan erməni mafiyası ilə əlaqələrdə hallanır.

Məlumat üçün qeyd edək ki, Almaniyanın ictimai MDR televiziyası və Der Spiegel jurnalının məsələyə dair birgə araşdırması Spiegel online xəbəri saytında dərc olunmuşdur. Məqalədə aşağıdakı faktlar sadalanır: 2014-cü ildə Türinqen federal torpağının Erfurt şəhərindəki kazinoların birində erməni cinayətkar dəstələr arasında atışma baş vermiş və bir nəfər yaralanmışdır. 2017-ci ildə cinayətin iştirakçılarından biri azadlıqdan məhrum edilmiş, digər dörd nəfəri isə şərti azadlığa buraxılmışdır. Hadisənin motivlərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması nəticəsində Almaniyada erməni cinayətkar klanların mövcudluğu və onlar arasında mübarizənin getdiyi məlum olmuşdur. Sözügedən atışmadan bəri Türinqen federal torpağında avtomobillərin və bir restoranın qəsdən yandırılması, Erfurt şəhərində bir erməniyə məxsus restorana 15 nəfərlik dəstənin hücum etməsi, Qöttinqen şəhərində və Ayxsfeld rayonunda ermənilər arasında kütləvi əlbəyaxa davaların olması halları baş vermişdir.

Erfurtdakı atışmadan sonra Almaniya Federal Kriminal İdarəsi (Bundeskriminalamt,BKA) və 6 federal torpağın kriminal idarələrindən ibarət yaradılmış təhqiqat qurpu "qanuni oğrulara qarşı mübarizə" ("Fight against thieves in law", FATIL) kod adlı illərlə davam edən əməliyyat həyata keçirmişdir. Bu, Almaniya tarixində mütəşəkkil cinayətkarlıqla mübarizədə ən böyük əməliyyatlardan hesab olunur. Məqalədə BKA-nın sözügedən əməliyyata dair 19 səhifəlik məxfi hesabatına istinad edilir.

BKA-nın hesabatında Almaniyada erməni mafiyasının mövcud olduğu, onun Rusiya-Avrasiya bölgəsindən olan digər qruplaşmalarla birlikdə böyük maliyyə resurslarına malik olduğu və hüquqi dövlətçilik üçün təhlükə yaratdığı bildirilir. Erməni cinayətkar dəstələrin kiçik və diqqət çəkməyən, amma olduqca qəddar olduğu, onlara "qanuni oğrular" rəhbərlik etdiyi diqqətə çatdırılır. Hesabatda erməni mafiyasının kazino avtomatlarının manipulyasiyası, mütəşəkkil şəkildə oğurluq, soyğunçuluq, siqaret qaçaqmalçılığı, miqrantların ödəniş müqabilində Almaniyaya gətirilməsi ilə məşğul olduğu qeyd edilir. Cinayətkar dəstələrin həm öz qazandıqları, həm də xaricdən köçürmə yolu ilə əldə etdikləri "çirkli" pulları Almaniya və Qərbi Avropada daşınmaz əmlaka yatırım etməklə "yuduqları" iddia olunur. Almaniyada qanuni əsaslarla yaşaya bilmək üçün əksər cinayətkarların yerli qadınlarla yalançı nikaha daxil olduğu qeyd edilir.

Bildirilir ki, FATIL əməliyyatı Almaniyada yaşayan erməni əsilli Karo Murat vəArtur Abraham adlı dünya şöhrətli peşəkar boksçuların da cinayətkar ünsürlərlə əlaqələrini üzə çıxarmışdır. Erfurtdakı atışma zamanı Karo Muratın avtomobili və əl telefonunun orada olduğu müəyyən edilmişdir. Hadisənin bəzi iştirakçılarının əl telefonları Artur Abrahamın "Abraham Boxing GmbH" adlı şirkətinin ünvanında qeydiyyatda olmuşdur. Artur Abraham araşdırmaçı jurnalist qrupunun məsələyə dair suallarını cavabsız qoymuş, Karo Murat isə onun cinayətkar ünsürlərlə əlaqələrini "uydurma" adlandırmışdır.

Qeyd edilir ki, FATIL əməliyyatı nəticəsində Almaniyada 14 cinayət işi açılmış, 42 nəfərin maliyyə əməliyyatları nəzarətə götürülmüşdür. Almaniyanın xarici kəşfiyyat orqanı olan BND və Avropol polis təşkilatı həmin şəxslərin fəaliyyətinin izlənilməsində FATIL əməliyyatına dəstək göstərmişlər. Amma bütövlükdə əməliyyatın nəticəsiz qaldığı, hüquq-mühafizə orqanlarının yuxarıda sadalanan məlum faktları məhkəmə qarşısında sübut edəcək kifayət qədər dəlil toplaya bilmədikləri bildirilir. Buna səbəb kimi cinayətkar qruplaşmaların təklikdə fəaliyyət göstərmələri, onlar arasında ünsiyyətin əsasən qapalı messencer xidmətləri üzərində həyata keçirilməsi, eyni zamanda hüquq-mühafizə orqanlarının təhqiqat üçün resurslarının kifayət etmədiyi və cinayətkarların smartfonlarını izləyə bilməmələri göstərilir. Şübhəsiz ki, erməni kriminal qruplaşması ilə əlqləsi olan təkcə Albert Vayler deyil. Məhz bu səbədən Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Almaniya vətəndaşlarının erməni mafiyası ilə əlaqələri Almaniyanın xüsusi xidmət orqanları tərəfindən köklü araşdırılmalıdır.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR