Paşinyan imitasiya ilə məşğuldur

Məhəmməd Əsədullazadə: "Suriya və İraqda PKK hərbi-siyasi təzyiqlərlə üzləşsə, bu terror təşkilatı Ermənistana, oradan da Qarabağda yerləşə bilər"

İşğalçı Ermənistan öz ənənəsinə yenə də sadiqlik nümayiş etdirir. Söhbət İrəvanın zaman-zaman atdığı təxribat xarakterli addımlardan gedir. Bir qayda olaraq Dağlıq Qrabağ probleminin həlli istiqamətində diplomatik hərəkətlilik artdığı, tərəflər arasında rəsmi səviyyələrdə hər hansı bir görüş keçirildiyi və ya nəzərdə tutulduğu vaxtda Ermənistan təxribat xarakterli addımlar ataraq danışıqlar prosesinə mane olmağa çalışır. İndiki halda da ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri başa çatar-çatmaz İrəvan növbəti təxribata əl atıb. Belə ki, işğalçı ölkə Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlərə başlayır. Ermənistanın təxribatçı hərəkətləri və bunun əsas məqsədi ilə bağlı Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə sualları cavabılandırıb.

-Məhəmməd bəy, Ermənistan növbəti dəfə öz ənənəsinə sadiq qalaraq işğal altında olan Azərbaycan ərazilərinə hərbi təlimlər keçirir. İrəvanın bu addımını necə xarakterizə edərdini?

-Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində növbəti hərbi təlimlər keçirməsi, Düşənbədə iki ölkə prezidentləri səviyyəsində əldə olunmuş razılaşmanın pozulmasına yönəlib. Göründüyü kimi Ermənistan tərəfi istənilən razılaşmanı pozaraq cəbhədə növbəti təxribatlara əl atmaq planına malikdir.

-Bəs işğalçı ölkənin bu addımına qarşı rəsmi Bakının reaksiyası, cavabı nə ola bilər?

-Qeyd edim ki, Azərbaycan tərəfi daima üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb. Biz fikir versək görərik ki, Düşənbə razılaşmasından sonra cəbhə xəttində erməni əsgərlərinin ölümü baş vermir. Bu da Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyana daxildə seçkiöncəsi müəyyən üstünlüklər yaradır.  Bu o deməkdir ki, rəsmi Bakı, Nikol Paşinyana şans verib. Görünür erməni baş nazir bu stabillikdən istifadə edib, təmas xəttində sabotaja cəhd edir.

-Belə çıxır ki, Nikol Paşinyan da sələflərinin yolunu davam etdirir, danışıqlar prosesindən yayınmağa çalışır

-Hesab edirəm ki, Nikol Paşinyanın təmas xəttində erməni əsgərləri ilə fotosunu paylaşaraq  onu "erməni ordusu" kimi təqdim etməsi, bir daha rəsmi Yerevanın işğalçı tərəf olduğunu göstərdi. ATƏT-in Minsk qrupunun həmsdərlərini regiona növbəti səfərindən sonra Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimləri, danışıqları pozmağa hesablanıb. Azərbaycan tərəfi, Ermənistanın bu kimi hərəkətlərinə adekvat cavab verməli, hərbi təlimlərə başlamalıdır.

-Ümumiyyətlə, rəsmi İrəvanın bu mövqeyi hansı gözləntilərdən xəbər verir?

-Hesab edirəm ki, Ermənistan tərəfinin yanvar ayından başlayaraq Qarabağ münaqişəsinin həllində nə qədər maraqlı olduğunu real görəcəyik. Bu hərbi təlimlər Ermənistanın substantiv danışıqlara hazır olmadığının göstəricisidir.

-Onu da qeyd edək ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində yeni-yeni infrastruktur layihələri də həyata keçirir. Bunun özü də İrəvanın danışıqlar prosesindən yayınması, təxribatçı hərəkətlərini davam etdirməsi demək deyilmi?

-Hazırda Ermənistan tərəfi Qarabağda yol infrasturukturunu bərpa etməklə, burada çevik şəkildə müdafiə xəttini qurur. Əgər, növbəti aylarda Nikol Paşinyan sələfi kimi danışıqlarda imitasiya ilə məşğul olarsa, Azərbaycan ordusu ermənilərin Füzuliyə qədər çəkdiyi hərbi məqsədlər üçün yolu öz təhlükəsizliyinə risk yaratdığı üçün vurmalıdır. Bundan əlavə, bu kimi infsrasturuktur layihələrin inşasının qarşısını almalıdır.

-Bu arada yaxın regionda da maraqlı proseslər cərəyan edir. Birləşmiş Ştatların Türkiyə ilə münasibətlırində bir qədər normalllaşma müşahidə edilir. Sizcə, Vaşinqtonun bu gedişi Türkiyəni Rusiyadan uzaqlaşdırmaq məqsədi daşımır?

-Düşünürəm ki, Birləşmiş Ştatların PKK terror təşkilatının rəhbəri Murad Karayılan və Cəmil Bayıkın başına 3 və 5 milyon dollar arası mükafat qoyması, Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqların müsbət nəticəsidir. Hər iki liderin son telefon danışıqlarından sonra, Vaşinqtonun bu addımı PKK-ya zərbədir. Türkiyədə kürdlərin partiyası bununla bağlı ABŞ-a etiraz edib. Qeyd edim ki, Türkiyə PKK-ya qarşı İraq və Suriyada geniş hərbi əməliyyatlar aparır və terror təşkilatına böyük zərbə vurur. Ankara artıq siyasi müstəvidə də terror təşkilatına hücuma keçib. Bu, artıq Ankaranın PKK-ya qarşı səmərəli mübarizəsinin nəticəsidir. Son iki ay ərzində ABŞ-la Türkiyə arasında soyuq münasibətlərə baxmayaraq bu ölkənin müdafiə naziri, baş qərargah rəisi, həmçinin dövlət katibi Mayk Pompeo Ankarada olub, ikitərəfli əlaqələrin inkişafı, keşiş Bronsonun azadlığı, Suriyada ümumi vəziyyət, birgə hərbi əməliyyatlar, həmçinin PKK-ya qarşı Vaşinqtonun fəaliyyətə keçməsi müzakirə olunub. Məhz bu danışıqların nəticəsidir ki, tərəflər bir sıra məsələlərdə uzlaşıb. Amma YPG məsələsində Vaşinqton Türkiyənin istəklərini nəzərə almır. Çünki, YPG Suriyanın bölünməsi üçün Vaşinqtonun əlində bir rıçaqdır. Qeyd edim ki, keşiş Bronsonun azadlığından sonra iki tərəf arasında buzlar əriməyə başlayıb. ABŞ, PKK liderlərlərinin başına mükafat təyin etməkdə məqsədi Türkiyəni Rusiyadan uzaqlaşdırmaq, YPG məsələsində Türkiyənin neytrallaşdırmağı hesablayır. Həmçinin Ankara ilə müttəfiq əlaqələrə sadiq olduğunu göstərməyə çalışır.

-Bəs, Ağ Evin Türkiyəyə qarşı olan münasibətinin dəyişməsinin başlıca səbəbi nədir?

-Tramp adminstrasiyasının Türkiyə siyasətində bu kimi dəyişiliklərı Ankaranın regionda artan nüfuzu ilə əlaqədardır. ABŞ Murat Karayılan və Cemil Bayıkı aradan götürmək imkanına malikdir. Görək Vaşinqton bu siyasətinə sadiq qalacaqmı? Türkiyənin təhlükəsizlik hissiyatı nəzərə alınacaqmı?! Əgər, Suriya və İraqda PKK hərbi-siyasi təzyiqlərlə üzləşsə, bu terror təşkilatı Ermənistana oradan da Qarabağda yerləşə bilər. Bu variant daima PKK masasındadır. PKK lideri Murat Karayılanın Azərbaycanın işğal olunmuş ərazilərə sığınması mümkündür və rəsmi Yerevanda terrorçunu saxlamağa hazırdır.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR