Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim...

Bayraq, təkcə bir ölkəni, təşkilatı və quruluşu işarə edən, rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan rəmz deyil. Bayraq , müharibələr, müxtəlif nümayişlər zamanı insanların başı üzərində apardığı sadə bir əski parçası da deyil.

Bayraq müstəqilliyimizi təcəssüm etdirən müqəddəs rəmzdir. Güneyli, quzeyli bütün azərbaycanlıların qürur və varlığının təcəssümüdür.

İnsanlarda vətənə sevgi və məhəbbət hissi bayrağa yanaşmasından bəlli olur. Üzrəngli bayrağına müqəddəs duyğularla yanaşan, onu toxunulmaz hiss edən hər kəs, dövlətinə, millətinə, vətəninə də eyni hisslərlə yanaşır. Vətənpərvərlik ruhunda tərbiyə edilən gənc nəsil bayrağına qarşı edilən kiçik bir sayğısızlığı belə qəbul etmir və bağışlamır. Çünki bunu öz vətəninə, millətinə, dövlətinə edilmiş yalnışlıq kimi qəbul edir. Bayraq bütün milli duyğularımızı özündə əsk etdirir və başlıca qürur mənbəyimizdir. Biz gənc nəslin bu ruhda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət edir.

Beynəlxalq yarışlarda idmançılarımız qələbə qazandığı zaman bunu qısaca olaraq "həmyerlimiz bayrağımızı ucaltdı" kimi ifadə edirik. Çünki bizim üçün qızıl, gümüş, bürünc medaldan daha əhəmiyyətli olan bayrağımızın yad ölkələrdə, hər kəsin gözü önündə ucaldılmasıdır.

"Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim"izi yabancı ölkələrdə himnizimin sədaları altında dalğalanarkən izləmək bizə əvəzolunmaz hisslər yaşadır.

Avropanın böyük arenalarında o qədər izdihamın içində kameralara bayrağımız bir anlıq belə əks olunursa bunu sevinclə qarşılayıb kadrı bir-birimizə göstəririk. Bunların hamısı bayrağa olan sevgidən irəli gəlir. Bu sevgi onu izlərkən üzərində səkkizguşəli sərvət olan ayparada soy-kökümüzü gördüyümüz üçün, rənglərinin hər tonunda tariximizin və torpağımızın qədimliyini hiss etdiyimiz üçündür. Bayrağımız himnimiz və gerbimiz kimi, müstəqillik tariximizin varislik ənənəsinin təsdiqidir. Bu bayraq sadəcə keçmişimiz deyil, gələcək yolumuza işıq tutan bələdçimizdir.

Müstəqil və suveren Azərbaycanın başı üzərində olan bayrağımız əzəmətlə dalğalandığı müddətcə biz də varıq. Bu səbəbdən hər birimiz üzərində şəhidlərimizin qanı olan bayrağımızın əbədiyyən dalğalanmasına xidmət etməliyik. 1 əsrlik yadigarımızı qorumalı, onu yeni nəsillərlə bütün əsrlərimizə çatdırmalıyıq.

"Daim Azərbaycan məfkurəsinin müdafiəçisi olan firqəmiz üçün bu gün o böyük məqsəd hasil olmuşdur. Çünki artıq gərək sağlar, gərəksə sollar Azərbay­canı inkar deyil, var qənaətlərilə isbat edirlər. Çünki artıq Azərbaycan fikri üzərində müsəlman firqələri arasında ixtilafi-nəzər yoxdur. Çünki cəmiy­yətimizin zehnində Azərbaycan istiqlalı fikri yer tutmuş, yerləşmişdir. Çünki üçrəngli o məğrur bayraq artıq siyasətən hamımızı birləşdirmişdir". (M. Ə. Rəsulzadə)

Ulu öndər Heydər Əliyevin sözlərini unutmayaq. Ümummilli lider bayrağımız haqqında demişdir:  - "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir."

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR