Rusiya-ABŞ münasibətlərindəki gərginlik və ya idarəolunmaz vəziyyət davam edir

Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərdə gərginlik atmosferi davam etməkdədir. Çoxları Ağ Ev rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfərindən sonra Moskva ilə Vaşinqton arasında mövcud olan gərginliyin  bir qədər nornal məcraya doğru inkişaf edəcəyini proqnozlaşdırsa da, lakin gözləntilən heç də özünü doğrultmadı. Nəticə etibarilə tərəflərin regional maraq uğrunda mübarizəsi davam etməkdədir. Özünün ənənəvi mətbuat konfransında iki super güc arasında mövcud olam münasibətlərə toxunan Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki,  Rusiya-ABŞ münasibətlərindəki gərginlik və ya idarə olunmaz vəziyyət davam edir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin barədə "qətl və zəhərlənmələr"də ittiham kimi başa düşüləcək fikirlər bildirdi: "Bu, faktiki olaraq, Vladimir Putinə qarşı beynəlxalq məhkəmələrdə cinayət işinin açılmasına səbəb ola bilər. Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik müşaviri  Con Boltonun Moskvaya səfəri ərəfəsində Vaşinqton orta və yaxın mənzilli raketlərin məhdudlaşdırılması barədə müqavilədən çıxacağını bildirdi.  Bu addım Rusiyanın Avropada raketlər yerləşdirməsilə əlaqələndirildi. ABŞ-SSRİ arasındakı bu müqavilə M.S.Qorbaçovun rəhbərliyi dövründə imzalanmışdı. M.S.Qorbaçov Vaşinqtonun bu addımını sürətlə silahlanmanın başlanğıcı kimi qiymətləndirdi. Səfəri zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi N.Patruşevlə 3 saata yaxın görüş keçirən C.Bolton xarici işlər naziri S.Lavrov və müdafiə naziri S.Şoyqu ilə də görüşdü, sonuncu ilə görüşünü "məhsuldar" adlandırdı. Həmçinin V.Putinlə görüşən C.Bolton Rusiyanı orta və kiçik mənzilli raketlər barədə müqaviləni pozmaqda ittiham etdi.  C.Bolton görüşlərində, o cümlədən V.Putinlə görüşdə Rusiyanın "ABŞ seçkilərinə müdaxiləsi"ni müzakirə etdi. V.Putin C.Boltona ABŞ-ın qeyri-dost addımlarından təəccübləndiyini bildirdi".

Mərkəz rəhbəri deyib ki, diqqət çəkən məsələlərdən biri də  C.Boltonun Rusiya ilə Çinin münasibətlərinin gərginləşdirmək istiqamətində açıqlama verməsidir: "Çin raketləri Rusiyanın ürəyini-Moskvanı vura bilir". C.Bolton artıq Rusiyanın seçkilərə 2016-cı ildə olduğu kimi müdaxilə etmədiyini də açıqladı. ABŞ-ın İrana qarşı sanksiyalarını da müzakirə edən C.Bolton sonradan Cənubi Qafqaz regionuna səfər etdi. Konstantinopol Patriarxlığı (Ümumdünya Pravoslav Kilsəsi) Ukrayna Pravoslav Kilsəsinə (UPK) avtokefallıq (müstəqillik) verməsi istiqamətində vacib addım atdı: UPK-nın Rus Pravoslav Kilsəsinə (RPK) tabe edilməsi ilə bağlı anafemanı ləğv etdi. Cavab olaraq, RPK Konstantinopol Patriarxlığı ilə əlaqəni kəsdi, öz dindarlarına Afon məbədini ziyarəti qadağan etdi. Kreml UPK-ya avtokefallıq verilməsi mövzusunu diqqətdə saxladığını bildirdi; V.Putin bununla əlaqəli Təhlükəsizlik Şurasının ayrıca iclasını keçirdi. Kremlin fikrincə, UPK-ya avtokefallıq verildikdən sonra Ukraynada RPK-nın tabeçiliyində olan kilsənin tərəfdarlarına qarşı açıq mübarizə başlaya bilər. Bu halda Kremlin silahlı müdaxiləyə hazırlaşdığını belə ehtimal etmək olar. "Valday" klubunda ənənəvi görüş zamanı V.Putin Ukrayna rəhbərliyini 2008-ci ildə M.Saakaşvilinin səhvini təkrarlamaqdan yayınmağı çağırdı".

Mübariz Əhmədoğlu onu da deyib ki, Avstriyanın kansleri S.Kurts Sankt-Peterburqda V.Putinlə görüşdü və Avropanın enerji problemlərinin Rusiyanın iştirakı olmadan həllinin qeyri-mümkünlüyünü bildirdi: "Onun fikrincə, Avropa dövlətləri "Şimal axını-2" layihəsinin reallaşmasında maraqlıdır. "Qazprom" (RF) və OMV (Avstriya) arasında aktivlərin satılması barədə müqavilə imzalandı. Bu, "Qazprom"a Aİ tərəfindən tətbiq olunan cəzaların yumşalmasına və ya cəzalardan yayınmasına imkan verə bilər. V.Putin Koşitse (Slovakiya)-Vyana geniş koleyli dəmir yolunun tikintisinin yüklərin Asiyadan Avropaya daşınmasının xərclərini azaldacağını bildirdi".

Ümumilikdə  yaxın və uzaq regionda cərəyan edən proseslərə toxunan politoloq deyib ki, Nursultan Nazarbayev Qazaxıstanın münasibətlər sisteminin ardıcıllığını müəyyənləşdirdi: "Qazaxıstan prezidenti N.Nazarbayev ölkəsinin münasibətlər sisteminin ardıcıllığını müəyyənləşdirdi. Bildirildi ki,  Rusiya Federasiyası ilə münasibətlərimiz dövlətlərarası əlaqələrin etalonudur. Çinlə münasibətlərimiz artan inkişaf edən hərtərəfli strateji tərəfdaşlıqdır. ABŞ-la münasibətlərimiz geniş strateji tərəfdaşlıq istiqamətindədir. Həmçinin Avriopa İttifaqı Qazaxıstanın iri ticarət və investisiya tərəfdaşıdır. MDB, Türkiyə, İran, Ərəb Şərqi və Asiya ölkələri ilə qarşılıqlı faydalı, ikitərəfli əlaqələrimiz inkişafdadır.  Suriya üzrə Astana prosesi dinc tənzimlənmə və bu ölkənin böhrandan çıxması üçün praktiki olaraq effektiv işləyən yeganə formatdır". Mərkəz rəhbəri onu da vurğulayıb ki, Rusiya ilə münasibətlərdə gərginliyə dəlalət edən proseslər davam edir: "Bəzi ekspertlər Qazaxıstanda rusofobiyanın mövcud olduğunu və bunun hökumətin apardığı siyasətin nəticəsi olduğu qənaətindədirlər. Kostanay vilayətində pediatr rus ailəsinin uşağının müayinəsindən imtinası ciddi ajiotaja səbəb oldu. Avrasiya İqtisadi Birliyi çərçivəsində RF-in anti-Qərb layihələri Qazaxıstanı narahat edir. Bu iki ölkə arasında gərginliyin ən vacib əlaməti RF-in keçmiş bankir Jomak Yertayevi Qazaxıstana verməkdən imtina etməsidir. Yaxın vaxtlarda RF-in Tacikistan və Qırğızıstanın tələbi ilə Rusiyaya sığınmış siyasiləri geri qaytarması fonunda Qazaxıstanın siyasi ambisiyalı bankiri verməməsi diqqət çəkir.  Onu da qeyd edək ki, bir müddət əvvəl Qazaxıstanda dünya və ənənəvi dinlərin liderlərinin VI iclası keçirildi. İclasda N.Nazarbayev açılış nitqi söylədi. Dünyanın 46 ölkəsinin təmsilçiləri iştirak edirdi. N.Nazarbayev Vatikanın Papa Şurasına "Dinlərarası dialoqa töhfəyə görə" mükafatını təqdim etdi. Bu tədbir müstəvisində N.Nazarbayev Misirdəki əl-Əshar universitetinin ali imamı, şeyx Əhməd ət-Tayyiblə görüşdə, bu universitetlə Qazaxıstan arasındakı əlaqələrin bünövrəsinin çoxdan qoyulduğunu bildirdi. Şeyx Astanada çoxlu dəyişikliyin baş verdiyini bildirdi. Tərəflər aktual məsələləri və konfesiyalararası dialoqun inkişafını müzakirə etdilər. Qazaxıstan Qahirədəki Sultan Beybars məscidinin bərpasını davam etdirməyə başladı. Çinə qaz ixracını iki dəfə artırmağı planlaşdıran "QazTransQaz" yaxın vaxtlarda 2 milyard dollar valyuta əldə edəcəyini düşünür. Çindən qaçmış etnik qazax xanım Sayragül Sayıtbay oradakı "yenidən tərbiyələnmə düşərgələrində" vəziyyətin hədsiz ağır olduğundan danışdı. Qazaxıstandan sığınacaq istədi, Qazaxıstan Çin vətəndaşı olanı etnik qazaxa sığınacaq verməkdən imtina etdi".

Azərbaycan-Qazaxıstan münasibətlərinə də toxunan politoloq deyib ki, iki ölkə arasındakı münasibətlərdə dinamika var: "Milli Qvardiyanın baş komandanı Ruslan Jaksılıkovun başçılıq etdiyi hərbi nümayəndə heyəti Azərbaycanda oldu, daxili işlər naziri R.Usubov və onun müavini, Daxili Qoşunların komandanı Ş.Məmmədov ilə görüşdü. İki ölkə arasında əlaqələrin, o cümlədən təhlükəsizliyin və qayda-qanunun möhkəmləndirilməsində əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Astanada Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirildi. Bu komissiyanın Qazaxıstan tərəfdən həmsədri, energetika naziri Kanat Bozumbayev, Azərbaycan tərəfdən isə energetika naziri Pərviz Şahbazovdur. Ticari-iqtisadi, yanacaq-energetika, kənd təsərrüfatı, tranzit-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edildi. Azərbaycanlı nazirlə görüşdə Qazaxıstanın investisiya və inkişaf üzrə naziri Jenis Qasımbek 8 ay ərzində iki ölkə arasında mal dövriyyəsinin 2 dəfə artaraq 168 milyon dollar olduğunu bildirdi. 2017-ci ilin analoji dövründə bu rəqəm 81,5 milyon dollar olub. "QazTransQaz" uzun illər davam edən çəkişmələrdən sonra Gürcüstandakı törəmə şirkətini yerli şirkətlərdən birinə satdı".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR