"Seçkilər Ermənistanda böhranın daha da gərginləşdirəcək" RƏY

"Cənubi Qafqaz regionunda Ermənistan qeyri-müəyyənlik mənbəyi olaraq qalır. Xüsusilə, ABŞ ilə Rusiyanın maraqlarının Ermənistanda toqquşduğu bir vaxda. Belə ki, Kreml hesab edir ki, Paşinyan Vaşinqtonun dəstəyini alır və onun Rusiyaya qarşı hazırladığı növbəti bir layihədir. ABŞ-ın başlıca məqsədi isə Ermənistanı Rusiyanın təsiri altından çıxartmaqdır".

Bunu politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, ABŞ bunun üçün Gürcüstanda baş verənlərə bənzər ssenarinin Ermənistanda reallaşdırmaq niyyətindədir: "Bunun üçün ictimai rəyi antirusiya müstəvisinə yönəltməyə çalışır və sosial şəbəkələr, QHT-lər vasitəsi ilə həyata keçirir. Düşünürəm ki, Paşinyanın hakimiyyətə gətirilməsi məhz bu ssenari üzrə reallaşıb və bunu ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills də açıq etiraf edib. Millsin Ermənistan-ABŞ ticarət palatasının tədbirindəki çıxışına Moskva dərhal reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, "Vaşinqton açıq şəkildə xarici ölkələrin daxili işlərinə qarışır".

Bunu o, amerikalı səfirin ölkəsinin Ermənistanda müəyyən qruplara və şəxslərə bir neçə ildir ki, aktiv dəstək verdiyi və "vətəndaş cəmiyyətinin və KİV-lərin möhkəmlənməsi üçün" əlavə 26 milyon dollar yardım ayırdıqları haqqında dediyi fikirlərə qarşılıq olaraq ifadə edib.

Bütün bu prosesklərdən belə bir nəticəyə gələ bilərik ki, bu ilin dekabrın 9-da keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri Ermənistanda ictimai-siyasi böhranın daha da gərginləşməsinə səbəb olacaq. Məsələn, bu yaxınlarda Robert Köçəryan növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bütün tərəflərə bərabər şəraitin yaradılmadığından bəhs edib. O hesab edir ki, Paşinyan hakimiyyəti erməni müxalif düşərgəsinə təzyiqlər edir. Hətta bir qrup bloger özlərinə qarşı olan təzyiq haqqında ictimaiyyətə məlumat verib.

Ümumilikdə Ermənistanda siyasi mühit seçkiqabağı böhran içərisindədir. Belə davam edərsə Cənubi Qafqazda geosiyasi qarışıqlığın meydana gəlməsi ehtimalı yüksəkdir.Çünki Ermənistanın "qırmızı xətləri"ni özü deyil, Moskva və Vaşinqton müəyyənləşdirir..Paşinyanın isə onları keçməyə sadəcə nə ixtiyarı var, nə də ki, imkanları. Bu səbəbdən məsələnin həmin tərəfini bir kənara qoyuruq. Əsas odur ki, ermənilər də etiraf edirlər: Cənubi Qafqaz uğrunda böyük güclərin savaşı genişlənib. Bu mərhələdə Ermənistan çox pis vəziyyətə düşdüyünü və Paşinyanın isə çıxılmaz vəziyyətdə olduğunu qeyd edə bilərik".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR