“Xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır”

Asim Mollazadə: "Azərbaycan qadınları tarixən islam və türk dünyası xanımlarının lideri olub"

Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı bir sıra təkliflər səsləndirilib. Əsasən təhsil sahəsində ciddi islahatların həyata keçirilməsinin zəruriliyi bildirilib. Millət vəkillərinin dövlət universitetlərinin özəlləşdirilməsi təkllifi isə birmənalı qarşılanmayıb. Millət vəkili Asim Mollazadə bildirib ki, ölkədə təhsil sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir. Universitetlərin özəlləşdirilməsi, mövcud universitetlərin genişləndirilməsi istiqamətində işlər aparılmalıdır. Belə olan təqdirdə onlar geniş maliyyə vəsaitləri ilə özlərini təmin edə bilərlər. Millət vəkili   qeyd edib ki, gənclərin inkişafı üçün təkcə dövlətdən dəstək gözləməməliyik. Bu işə iş adamları, sponsorlar cəlb edilməlidir. Bunun üçün vergi sistemində müvafiq dəyişikliklər olmalıdır: "Elm, təhsil və mədəniyyət sahəsinə töhfə verən hər bir iş adamına vergidə güzəşt edilməlidir. Bu yükü dövlətin üzərindən götürməli, iqtisadi sahədəki iş adamlarını bu istiqamətdə təşviq etmək üçün islahatları həyata keçirməliyik". Millət vəkili məmurların, dövlət qurumlarının sayını azaltmaqla maliyyə vəsaitlərinə edilən qənaətə daha səmərəli işlər görməyin mümkün olduğunu vurğulayıb: "Biz məmurların, müvafiq qurumların sayını azaltmaqla daha çox vəsait əldə edə bilərik. Azərbaycan xalqı ona görə tarixən islam və türk dünyasının lideri olub ki, bizə Tanrı tərəfindən neft verilib. Biz neftdən gələn gəlirlər sayəsində ötən əsrin əvvəllərində mədəniyyətimizi, təhsilimizi inkişaf etdirə bilmişik. İndi də ölkəmizdə neft var. Ancaq biz ondan gələn gəlirləri səmərəli şəkildə xərcləməliyik. Avropa ölkələrində əhalinin 60-70 faizinin yaşı 50-dən artıqdır. Azərbaycan əhalisinin isə böyük əksəriyyəti gənclərdir. Məhz bu Azərbaycana imkan verir ki, biz dövlət başçısının ifadə etdiyi strategiyanı əsas götürərək, "qara qızılı" "insan qızılı"na çevirək. Belə etsək, Azərbaycan dövləti çox güclənər". O, bu səbəbdən də büdcədə Gənclər Fonduna ayrılan vəsaitin artımını müsbət qiymətləndirib. Deputat deyib ki, gəncliyin kreativ, ağıllı, güclü və sağlam olması üçün dövlət tərəfindən müvafiq işlə görülür. Lakin bu istiqamətdə ayrılan vəsaitlərin səmərəli olması üçün ölkədə təhsil və səhiyyə sisteminin təxirəsalınmaz islahatları həyata keçirilməlidir: "İcbarı tibbi sığorta ilə bağlı pilot layihələr göstərir ki, biz sovet səhiyyə sisteminin imitasiyasından real müasir səhiyyə sisteminin formalaşmasına keçməliyik. Əks halda biz gəncliyimizi sağlam yetişdirə bilməyəcəyik, dövlət tərəfindən ayrılan vəsaitlər nə təhsil, nə də səhiyyə sahəsində öz səmərəsini verəcək". Millət vəkili büdcədə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün bütün güc ölkənin ərazi bütövlüyünün bərpasına səfərbər edilməlidir. Eyni zamanda Azərbaycan xaricdən gələn təhlükələrə də hazır olmalıdır: "Təəssüf ki, döyüş təkcə müharibə meydanında getmir. Azərbaycana qarşı olan cəbhə bölgəsi demək olar ki, bütün dünyanı əhatə edir. Ölkəmizə qarşı informasiya müharibəsi, xalqımıza qarşı böhtan kampaniyası aparılır. Silahlı qüvvələrin bu istiqamətdə səfərbərliyi diplomatik sistemin bu çağırışlara və təhlükələrə hazırlığı ilə müşayiət olunmalıdır. Lakin ölkəmizin diplomatik korpusunun maliyyə imkanları məhdudlaşıb. Dünyanın bir sıra önəmli bölgələrində bizim səfirliklərimiz bağlanıb. Mövcud diplomatik nümayəndəliklərimizdə isə bu səfərbərlik ruhu görünmür. Bu istiqamətdə müvafiq addımların atılmasının vacibdir".  

Millət vəkili şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması zərurətinə də toxunub: "Döyüşə gedən hər bir əsgər bilməlidir ki, o, yaralansa, şəhid olsa, dövlət onun, ailəsinin arxasında duracaq. Dövlət başçısı hər zaman şəhid ailələrinə, müharibə əlillərinə öz qayğı və diqqətini göstərib, bu istiqamətdə çox işlər görülüb. Lakin son vaxtlar bəzi şəhid ailələri ilə bağlı yaranmış problemlər tezliklə öz həllini tapmalıdır. Biz bütün dünyaya nümayiş etdirməliyik ki, Azərbaycan dövləti öz əsgərinin və onun ailəsinin arxasında durur". Asim Mollazadə qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə də münasibətini bildirib: "Azərbaycan dünyaya göstərdi ki, 1 milyon qaçqına öz dəstəyini verə bilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox iş görülüb. Lakin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işləri çox çətindir. Çünki köçkünlər bütün ölkəyə səpələnib və onların problemlərini Komitənin balaca aparatı ilə həll etmək olmaz. Bu Komitənin işlərini gücləndirmək üçün müvafiq vəsaitləri tapmaq lazımdır".

Deputat həmçinin qeyd edib ki, dünyanın heç bir ölkəsində kinematoqrafiya sahəsinə dövlət büdcəsindən vəsait ayrılmır. Ancaq müvafiq iş adamının daha böyük həcmdə verdiyi maddi dəstəklə ölkəmizdə gözəl kinolar çəkilə bilər. Millət vəkili iş adamlarının vergi güzəştləri vasitəsilə təhsil və mədəniyyət sahəsinə dəstək üçün təşviq edilməsinin vacib olduğunu deyib. Deputat Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da, Avropanın bir sıra ölkələrində bir sıra uğurlu layihələrin həyata keçirildiyini xatırladıb: "Heydər Əliyev Fondu çox yığcam aparata malik olan qurumdur. Bu qurum Azərbaycan təhsilinin, mədəniyyətinin inkişafı üçün bizim böyük aparata malik olan nazirliklərimizdən daha faydalı, səmərəli işlər görür".

Onun sözlərinə görə, Azərbaycanda qadın hüquqları, məişət zorakılığı sahəsində problemlər müşahidə olunur: "Azərbaycan xanımları tarixən islam və türk dünyası xanımlarının lideri olub. Azərbaycan xanımına əl qaldıran mütləq cəzalandırılmalıdır. Biz ölkədə elə bir mühit yaratmalıyıq ki, qadınlara qarşı zorakılığın qarşısı alınsın. Qadınların təhsilinə diqqət yetirilməlidir. Erkən nikahların qarşısını almaq, qızların təhsilini təmin etmək üçün biz həm dövlət, həm də QHT-lərin fəaliyyətini gücləndirməliyik. Bu istiqamətdə Ombudsman Aparatı da fəaliyyətini gücləndirməlidir. Biz Azərbaycan xanımlarının islam dünyasında liderliyini qoruyub saxlaması üçün zəruri olan hər şeyi etməliyik".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR