Millət vəkilləri rusiyalı deputatın Qarabağa səfərinə etiraz etdilər

"Onlara məlum deyilmi ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib?"

Milli Məclisin oktyabrın 12-də keçirilən iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. İlin olaraq millət vəkili, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Sevinc Hüseynova Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurovanın Dağlıq Qarabağa qanunsuz səfərinə etirax edib. Millət vəkili qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Prezident İlham Əliyevlə Rusiya Federasiyasının prerzidenti Vladimir Putinin sonuncu görüşləri də bunu bir daha göstərir. Amma təəssüflə deməliyəm ki, oktyabrın 7-də bir qrup rusiyalı qadın Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa qanunsuz səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq komitəsinin sədr müavini Svetlana Jurova da olub: "Onlar səfərlərini "sülhlə bağlı" adlandırırlar. Amma bütün dünya ictimaiyyəti bilir ki, Qarabağ müharibəsini Ermənistan və Qarabağdakı erməni separatçıları başlayıblar.

Onlara məlum deyilmi ermənilər tərəfindən Xocalı soyqırımında 106 qadın, 63 uşaq qətlə yetirilib?!" S.Hüseynova qeyd edib ki, Qarabağ müharibəsi zamanı erməni separatçıları tərəfindən qətlə yetirilən insanlar arasında yalnız azərbaycanlılar deyil, rus millətinin nümayəndələri də olublar: "Bu terrorçu əməlləri ilə ermənilər onlarla rus analarını da gözüyaşlı qoyublar. Jurovanın bu aksiyaya qoşulması Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ölkə kimi mövqeyi və rolu haqqında Azərbaycan ictimaiyyətində xoşagəlməz təsəvvür yarada bilər. Ona görə də mən onları bu qanunsuz səfərlərdən çəkinməyə çağırıram"

Azərbaycanın yürütdüyü uğurlu xarici siyasətindən söz açan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla dağılan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir. Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputata bildirib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır: "Bu ilin bir neçə ayı ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir. Atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti -Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik". Deputat qeyd edib ki, hazırda həssas dövrdür. "Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən biridir. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik". Siyavuş Novruzov həmçinin ölkədə müşahidə olunan mənzil probleminə də toxunub: "Bir qrup insan bir mənzili bir neçə nəfərə satır, burada vətəndaşların vəsaitləri mənimsənilir. Onlara hüquqi əsası olmayan müqavilə verilir. İnsanlar belə hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edirlər, onlar məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda məlum olur ki, həmin şirkətlər məsuliyyətə cəlb edilənin adına deyil. Soruşanda da məlum olur ki, bunun heç prosesdən xəbəri yoxdur. İnsanları aldadanlar məcburi köçkünlərin adından da sui-istifadə edirlər ki, güzəştlər əldə etsinlər". S.Novruzov qeyd edib ki, insanları aldadan, vəsaitini mənimsəyən bir kənarda qalır, günahsız adamı həbsə salırlar: "Belə halların qarşısını almaq üçün bina tikilməsi üçün müraciət edən insanlar yoxlanılmalıdır. Araşdırılmalıdır ki, bu insanın daxma tikməyə imkanı var, yoxsa yox? Düzdür, buna qadağa qoymaq olmaz, amma hansısa formada nəzarət olmalıdır. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, həbs edilən şəxs dəymiş ziyanı ödəyirsə, azadlığa buraxılır. Amma başa düşmək lazımdır ki, onlar insanların 20-30 ilini oğurlayırlar. Bunu miqdarla hesablamaq düzgün deyil".Deputatın sözlərinə görə, burada maraqlı və narahatlıq doğuran bir məqam da odur ki, çox zaman aidiyyəti olmayan adamlardan, qaçqın-köçkünlərdən istifadə olunur: "Yəni, guya onlar mənzil tikintisi ilə məşğuldurlar. Amma onların heç birinin buna aidiyyəti yoxdur, başqaları pul qazanır, pul oğurlayır, insanların əməyini oğurlayır, günahasız insanlar isə həmin dələduzların yerinə cəza çəkməli olurlar. Ona görə bu məsələ ilə bağlı icazə, lisenziya verilərkən müəyyən edilməlidir ki, əvvəla, kimdir əsl sahbkar, ikincisi də, həmin adamın ümumiyyətlə, tikintidən anlayışı varmı, başı çıxırmı? Deməkdə məqsədim odur ki, bu məsələ çox ciddi narahatçılıq doğurur. Bizə, millət vəkillərinə qalaq-qalaq məktublar gəlir, insanların aldadıldıqlarını bildirirlər, imdad diləyirlər. Ona görə həmin şəxslərə qarşı daha ciddi cəzalar nəzərdə tutulmalıdır". Azərbaycanda cəzaların humansitləşdirilməsi istiqamətində atılan addımları alqışlayıran deputat Elman Məmmədov  bildirib ki, həbsdən azadlığa çıxan insanlar iş tapa bilmirlər: "Qanunda göstərilib ki, onlara bu istiqamətdə köməkliklər göstərilməlidir. Ancaq məmurlar niyə buna əməl etmirlər? O adamlar necə işsiz qala bilər? Onlar nə ilə dolansınlar? Bəyənmədiyimiz Sovet dövlətinin belə bir şey vardı ki, həbsdən azadlığa çıxan insan yaşadığı yer üzrə nəzarətə götürülürdü. Və işlə təmin olunurdu. Bu insanların bir daha həbsə qayıtmaması üçün bu addımı atmalıyıq". Millət vəkili Gövhər Baxşəliyeva isə uşaqların rus dilində təhsilə meyllənməsini mənfi hal kimi dəyərləndirib: "Bu gün Azərbaycanda rus dilində təhsil alanların sayında artım müşahidə olunur. Nədənsə, ölkəmizdə uşaqların ilkin təhsil olaraq rus bölmələrində təhsil almasına daha çox üstünlük verilir. Bu, yanlış meyldir. Azərbaycanda uşaqların rus dilində təhsilə meyllənməsinin qarşısı vaxtında alınmalıdır. Bunu rus dilinə qarşı çıxmağım kimi qiymətləndirilməsini istəmirəm. Rusiya Azərbaycanla dost dövlətdir. Rus dili də ingilis dili kimi xarici dil kimi tədris olunmalıdır. Bunun saatlarının artmasının heç kim əleyhinə olmamalıdır. Lakin uşaqların birinci sinifdən rus sektoruna meyllənməsi kökündən yanlışdır. Ziyalılar bu istiqamətdə iş aparmalıdır. İlkin təhsil mütləq şəkildə ana dilində olmalıdır. Çünki ilkin təhsil uşaqların şəxsiyyət kimi formalaşması dövrünə təsadüf etdiyindən bu, gələcəyimiz üçün çox vacibdir. Sual oluna bilər ki, SSRİ dövründə çoxları rus dilində təhsil alırdılar. O dövrdə karyera qurmaq, yüksək elmi dərəcə əldə etmək üçün bu dil lazım idi. Amma bu gün biz müstəqilik və ölkəmizdə karyera qurmaq üçün bütün lazımi şərait var".

Sonra millət vəkilləri gündəlikdə duran qanun layihələrinin müxakirəsini davam etdirblər. Milli Məclis "Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə "BP Exploration (Azerbaijan) Limited"şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təsdiqləyib. Qanun layihəsi barədə məlumat verən vitse-spiker Valeh Ələsgərov bildirib ki, bu qanun qüvvəyə mindikdən sonra podratçı tərəflərin Saziş, hökumət təminatı və əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. "D230" bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz iştirak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında "D230" blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb. Ardınca  "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna dəyişiklik edilməsi müzakirəyə çıxarılıb. Qanun layihəsi haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, qanunun bir neçə maddəsinə dəyişikliklər nəzərdə tutulur: "Təklifin mahiyyəti ondan ibarətdir ki, cinayətkarlarla əlaqəli olan şəxslər monitorinq iştirakçılarında mühüm iştirak payına sahib və ya belə payın benefisiar mülkiyyətçisi ola, habelə monitorinq iştirakçılarında idarəetmə funksiyalarını yerinə yetirə, o cümlədən idarə heyətində, müşahidə şurasında və ya audit komitəsində vəzifə tuta bilməzlər:"Bundan əlavə, 6.6-cı maddəyə edilən əlavədə göstərilir ki, nəzarət orqanları tərəfindən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi riskləri ildə bir dəfə qiymətləndirilir və nəzarət yoxlamaları müəyyən edilmiş risklərə uyğun olaraq aparılır. 7.4-1-ci maddəyə isə əlavə edilir ki, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə işgüzar münasibətlərə və əməliyyatlara, o cümlədən ilkin çıxış və ya təyinat məntəqəsinin həmin dövlətin (əraz) olduğu pul vəsaitlərinin istənilən şəxs tərəfindən qəbul olunması və köçürülməsi ilə bağlı əməliyyatlara xüsusi diqqət yetirməli, bu cür əməliyyatların açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmadıqda onların təyinatını və mahiyyətini aydınlaşdırmalı və bununla əlaqədar yazılı təhlil hesabatı tərtib etməlidirlər. Tələb olunduğu təqdirdə, hesabat qanunla müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına, auditora, cinayət təqibini həyata keçirən orqanlara və ya nəzarət orqanlarına təqdim edilməlidir. Hesab edirəm ki, çox vacib və önəmli dəyişikliklərdir".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR